Azərbaycan premyer-liqasında cari mövsümün çempionu müəyyənləşib. "Neftçi" son turda "Qarabağ"a minimal hesabla qalib gələrək uzun müddət sonra çempionluq tituluna yiyələndi. Görəsən, Ağdam klubunun azarkeş qrupu "İmarət" necə düşünür? Qrupun idarə heyətinin üzvü Elnur Quliyev "Qarabağ"ın qəsdən çempionluqdan məhrum olunduğunu söylədi: "Açığı, belə bir oyunu azarkeşlərsiz izləmək heç də xoş deyildi. Təəssüf ki, nə stadiona gedə bildik, nə də azarkeşlərin olduğu oyun izlədik. Yəqin ədalətli "Neftçi" azarkeşləri də qəbul edərlər ki, heç də layiqli çempionluq olmadı. Haqsız qərarlar gördük. "Qarabağ" çempion olmalıydı, lakin hər şey göz önündədi. Səhv, qərəzli hakim qərarları sayəsində imkan vermədilər. Futbolçulara görə çox təəssüflənirəm, mövsümboyu çox əziyyət çəkdilər. Çox istərdik ki, Qarabağın işğaldan azad olunduğu il "Qarabağ" da çempion olsun. Yeganə sevindiyim nüans o oldu ki, yerli məşqçi çempion oldu. "Neftçi"yə uğurlar arzulayıram. Amma məncə, hər kəs qəbul edər ki, Çempionlar Liqasına "Qarabağ"ın qatılması daha yaxşı olardı. Komandamız daha təcrübəli olduğuna görə ölkəmiz adına reytinq xalı qazandırardı. Bu il belə alındı. Lakin dediyim kimi, çempionluğun taleyinin necə həll olunduğunu hamı gördü".
AYGÜL