Erkin İbrahimov: “Belə transfer siyasəti fonunda avrokuboklarda uğurlu nəticə gözləməyə dəyməz”
Dünən keçirilən kubokun final qarşılaşması ilə bu yay ölkəmizi avrokuboklarda təmsil edəcək klubların adı məlum oldu. Qitəmiqyaslı turnirlərdə istənilən səviyyədə çıxış etmək, ən azı bir neçə mərhələ adlamaq üçün 4 klubun hər birinin heyəti gücləndirilməli, düşərgəyə yeni futbolçular dəvət olunmalıdı. Bizi qarşıda səs-küylü “transfer bazarlığı” gözləyir. Ötən yay pandemiya səbəbindən yeni transferlərə o qədər də böyük pullar xərcləməyən premyer-liqa təmsilçisləri, görəsən, bu yay əllərini ciblərinə salıb böyük pullar ayıracaq, yoxsa bu transfer dönəmində də bazarda susqunluq yaşanacaq? Bu suala cavab tapmaq üçün transfer dönəmində üzərinə ən çox iş düşən agentlərin fikirlərini öyərənməyi lazım bildik.
Səbuhi Səfiyarlı: “Bu yay “transfer bazarı”nın ötənilkindən fərqi budu ki, artıq “Neftçi” də yüksəködənişli oyunçular dəvət etmək iqtidarında olacaq. Ötən il yalnız “Qarabağ”dan bunu gözləyirdiksə, bu dəfə “ağ-qaralar” da eyni yolu tutacaq. Çempionlar Liqasında layiqincə çıxış etmək üçün çempion bu addımı atmağa məcburdu. Bu işlərin içində olduğumdan bilirəm ki, digər klublarımız da heyəti gücləndirməyi düşünürlər. Ancaq həmin klubların büdcələri keyfiyyətli legioner transferinə yetmir. Bu üzdən aşağı-yuxarı əvvəlki illərdəki kimi orta səviyyəli əcnəbilər dəvət olunacaq. Bizim futbolçuların ölkə xaricinə çıxmasına gəlincə, yayılan söz-söhbətdən belə başa düşmək olar ki, artıq Mahir Emrelinin məsələsi həll olunub və o Azərbaycanı tərk edəcək. Bu, ölkəmiz adına xüsusi vurğulanası məqamdı. Biz də çalışırıq xaricə üz tutanların arasında Mahir tək olmasın, bir-iki oyunçunu ölkə xaricinə çıxarmaq yönündə işləyirik. Ümid edirəm ki, əvvəlki illərdə yaşadıqlarımız təkrarlanmayacaq və bəzi oyunçuların xaricə çıxışını təmin edə biləcəyik. Ad çəkmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, premyer-liqada çıxış edən iki-üç futbolçuya görə maraqlı təkliflər almışıq. Hazırda təkliflərin şərtlərini gözdən keçiririk, detallar barədə qarşı tərəflə danışıqlar aparırıq”.
Erkin İbrahimov: “Açığı, bu il klublarımızın səs-küylü transferlər reallaşdıracağını gözləmirəm. Sanki hamısı çempionata bələd olmayan legionerə pul xərcləməkdən çəkinir. Əksəriyyəti çalışır ki, daxili bazara üstünlük versin, premyer-liqanın səviyyəsinə bələd olan legionerlə anlaşsın. Yəni buna güclənmək demək olarsa, bu yolla heyəti gücləndirmək istəyirlər. Çempionatın qalibi “Neftçi”dən tutmuş, o qədər də yaxşı nəticələr qazanmayan klublara qədər hamısı müqavilə müddəti bitən, premyer-liqada oynamış əcnəbilərlə maraqlanırlar. Bu üzdən yayda kənardan transferlər gözləməyə dəyməz. Bu illər ərzində klublarımız transferlərdə o qədər “yanıblar” ki, riskə getməyə cəsarət etmirlər. İndi çoxu “orta səviyyəli, ancaq tanıdığımız biri olsun” şüarı ilə iş görürlər. Təbii ki, belə transfer siyasəti fonunda avrokuboklarda uğurlu nəticə gözləməyə dəyməz. Yerli futbolçuların legioner həyatı yaşaması bizim üçün həmişə prioritet məsələ olub. Ancaq özünüz də bilirsiz ki, son illər pandemiya səbəbindən çətinliklər yaşanır. Buna baxmayaraq, çalışıram nəsə edim. Bir neçə xarici klubla bu yöndə danışıqlarımız olub, futbolçularımızı təklif etmişəm. Futbolçularımızın balkanları demirəm, heç olmasa, gürcülərdən nümunə götürməsini istərdim. Futbola başlayırlar, inkişaf edirlər və qarşılarına bir məqsəd qoyurlar ki, tezliklə öz ölkələrini tərk edib kənara çıxsınlar. Bizdə isə mentallıq fərqlidi ki, bunu da dəyişməyin zamanı çatıb. Bugünlərdə Cavid Tağıyev adlı oyunçu müsahibəsində deyib ki, burda variant olmasa, kənarda özümə yeni klub axtararam. Bu o deməkdi ki, ilk növbədə yerli klublardan təklif gözləyir. Bu günə kimi kənara çıxardığım futbolçuların, demək olar, heç birinə burda təklif olmayıb. Ölkə kənarına çıxandan sonra onlarla yerli klublar maraqlanmağa başlayıb. Əslində bu məsələdə agentləri o qədər də qınamaq düz deyil. Futbolçularımıza tələbat yoxdusa, agent onu zorla hansısa kluba verə bilməz. Buna baxmayaraq, nəsə etməyə çalışıram”.
Tural Əsgərov: “Klublar transfer fəaliyyətinə hələ indi başlayır. Düzdü, əksər klublar heyəti gücləndirmək üçün oyunçu axtarışına çıxıb. Ancaq hələ ki fəallıq o səviyyədə deyil. Açığı, indiki vaxtda transferlər barədə danışmaq bir qədər çətindi. Bu yay “transfer bazarı”nda nələrin yaşanacağını, hadisələrin hansı məcrada inkişaf edəcəyini demək üçün bir qədər gözləmək lazımdı”.
RƏŞAD