Sizin reklam burada

Ötən illərə boylanarkən...

Title
Azərbaycan kubokunun da öz sahibinə qovuşmasıyla ölkə futbolunda mövsümə yekun vurulacaq. Amma çempionun adı məlum olandan sonra kubokun hansı klubun muzeyinə getməsinin elə də əhəmiyyəti qalmır. Mövsümün iki ən maraqlı komandası “Qarabağ”la “Neftçi” idi. Frits Stuxlikin FİFA referisi adını verib, irəli dartığı Elçin Məsiyevin həm kubok, həm də çempionluq mübarizəsinə saldığı kölgə, vurduğu ləkə öz yerində. İstənilən halda bu iki komandaya maraqlı mövsüm izlədiyimizə görə təşəkkür borcumuz var. Çempionluq yarışı o qədər maraqlı alındı ki, qızıl medalların sahibi bəlli olan kimi ölkə kubokunun finalı unuduldu. Günümüzdə premyer-liqanın 28-ci turunda keçirilən və artıq tarixə qovuşan “Neftçi” – “Qarabağ” qarşılaşması daha çox müzakirə olunur, nənki ölkə kubokunun finalında “Keşlə” ilə “Sumqayıt”ın mübarizəsi. Bu həm də o deməkdi ki, növbəti mövsüm də Azərbaycan çempionatında dəbi “Neftçi”ylə “Qarabağ” müəyyənləşdirəcək, diqqətlər bu iki komandanın üzərində olacaq.
“Neftçi” həqiqətən də çox ciddi sınaq qarşısındadı. “Xalq komandası” ardıcıl 7 mövsüm qızıl medalları boynundan asan, çempionluq kubokunu başı üzərinə qaldıran “Qarabağ”ın seriyasına son qoyub. “Qarabağ”ı taxtdan salıb, həmin kürsüyə yüksəlmək nə qədər çətin idisə, həmin kürsüdə duruş gətirmək, “köhlən atlar”ın qazandığı uğurların davamını gətirmək də bir o qədər çətin olacaq. Buna şübhə etməyə dəyməz. Zarafat deyil, Ağdam təmsilçisi çempion olduğu 7 mövsümün hamısında avrokubokların qrup mərhələsinə yüksəlib, həm də orda Azərbaycanı uğurla təmsil edib. Yəqin məsələnin bu tərəfiylə hamınız razılaşarsız. “Qarabağ”ın təklif etdiyi mübarizə şərtləri, Azərbaycan çempionatında müəyyənləşdirdiyi standartlar o qədər yüksək idi ki, bu komandayla çempionluq uğrunda yarışda “Qəbələ” də ardıcıl iki mövsüm Avropa Liqasında qrup mərhələsinə qədər yüksəlməyi bacarmışdı. Deməli, nə “Qarabağ”ın çempionluqlar və avrokuboklarda qazandığı qələbələr təsadüfi imiş, nə də Roman Qriqorçukun çalışdırdığı “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə qədər yüksəlməsi. Azərbaycan premyer-liqasında çıxış edən bu iki komanda həqiqətən də yaxşı futbolçulardan qurulan heyətə və bacarıqlı baş məşqçilərə sahib imişlər.
“Neftçi” üçün isə hər şey yenidi. Düzdü, “xalq komandası” avrokubokların qrup mərhələsinə ilk cığıraçanımız olub. Məhz Böyükağa Hacıyevin baş məşqçisi, Sadıq Sadıqovun prezidenti, Tahir Süleymanovun vitse-prezidenti olduğu “Neftçi” 2012-ci ildə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlmiş, ilkə imza atmışdı. Amma indiki “Neftçi”ylə həmin vaxtkı komandanın arasındakı yeganə oxşarlıq elə ad və formaların ağ-qara rəngləridi. “Xalq komandası” ötən 9 il ərzində xeyli rəhbər, baş məşqçi və futbolçu dəyişib. İndi tam başqa zamandı. Ona görə də az əvvəl qeyd etdiyim kimi, “Neftçi”nin “Qarabağ”dan qəbul etdiyi estafeti necə davam etdirəcəyi, avrokuboklarda Azərbaycanı necə təmsil edəcəyi qeyri-müəyyəndi. Məlum məsələdi ki, komandanın güclənməsinə, heyətdə yeni və daha səviyyəli adların olmasına ehtiyac var. Bu prosesin necə aparılacağını, “Neftçi”nin güclənib-güclənməyəcəyini indidən demək çətindi. Zamanla bunu görəcəyik.
Azarkeşləri düşündürən daha bir məsələ “Qarabağ”la bağlıdı. Ötən yazımın sonunda qeyd etdiyim kimi, “Neftçi”yə məğlubiyyət Qurban Qurbanov və onun kollektivi üçün yeni çağırışdı. Bu çağırışı doğru qəbul etmək, reallığı düzgün qiymətləndirmək vacibdi. “Qarabağ” son 7 ildə çox büdrəyib, məğlubiyyətlərlə üzləşib. Daxili çempionatda bu məğlubiyyətləri “sığortalamaq”, itirilən xallarının əvəzini çıxıb, sonda çempion adını qazanmaq elə də çətin olmurdu. Avrokuboklardakı yenilgilərə isə real baxırdıq. Rəqiblərin ad-sanına, Azərbaycan futbolunun səviyyəsinə görə müəyyən güzəştlər edirdik. “Neftçi”yə son məğlubiyyət artıq ciddi dəyişikliklərin qaçılmaz olduğunu göstərdi. Mahir Emrelinin gedişi rəsmiləşmək üzrədi. Sözsüz, başqa gedənlər də olacaq və “Qarabağ”ın heyətində əhəmiyyətli dəyişikliklər baş verəcək. Önəmli olan gedənlərin yerini layiqincə doldurmaq, komandanı gücləndirməkdi. Zaman göstərdi ki, hazırkı heyətlə Azərbaycan çempionatında birinci olmaq belə mümkün olmadı, nəinki avrokuboklarda hədəflərə çatmaq.
Ötən illərə boylanarkən “Qarabağ”ın oxşar çətinlikləri yaşadığını, belə itkilərlə zaman-zaman qarşılaşdığını görmüşük. 2012-ci ilin avqustunda Azərbaycan premyer-liqasının 4-cü turu oynanılırdı. “Qarabağ” “Dalğa Arena”da “Rəvan”la qarşılaşırdı. Bu görüş ərəfəsində komandanın liderləri Rauf Əliyevlə Əfran İsmayılovun “Bakı”ya keçidi gündəmdə idi. İddia olunurdu ki, Zeynal Məmmədov qardaşının səxavətindən yararlanıb, hər iki futbolçuya yarım milyon manata yaxın pul təklif edib. Bu gözqamaşdıran təklif qarşısında Əliyevlə İsmayılov dabanına tüpürüb, “Bakı”ya qaçmağa hazırlaşırdı. “Rəvan”la oyunun gedişində Qurban bəy Raufun boynunu qucaqlayıb, onu “döyüşə atdı”. Amma görüşdə hesab açılmadı, “Qarabağ” vacib xallar itirdi. Mətbuat konfransında çalışdırıcıdan bu keçidlər barədə soruşdum, hər iki futbolçunu itirməyə yaxın olduqlarını etiraf etdi. Mən də “yaxşı, onlar gedəcəklər, bəs “Qarabağ” nə edəcək” soruşdum. Qurbanov gülümsədi, “narahat olmayın, biz də bir şey fikirləşəcəyik” dedi. Elə fikirləşdilər də. “Qarabağ” yerli ərköyünlərin nazıyla çox oynamadı, səviyyəli legionerlərin sayəsində çempionata da ağırlığını qoydu, avrokuboklarda da tarix yazdı. Yenidən bu ssenari təkrarlansa, heç təəccüblənmərəm.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.