
Oqtay Abdullayevin Elxan Məmmədovla görüşü nəticə verməyib
“Bizə deyildi ki, pulunuz varsa, oynaya bilərsiz”
AFFA-nın Lisenziya Komissiyası birinci divizionda çıxış edən 4 kluba premyer-liqada çıxış etmək üçün lisenziya vermədi. Bunlardan biri də "Turan Tovuz"du. Klub rəhbərliyi qərarla bağlı apellyasiya şikayəti verməyə hazırlaşırdı, lakin bu müraciət üçün ayrılan vaxt artıq bitib. Həmçinin klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevin AFFA-nın baş katibi Elxan Məmmədovla görüşü də planlaşdırılırdı. Dünən Abullayevlə əlaqə saxlayıb, görüşün baş tutub-tutmaması, həmçinin gələcək planlar ilə maraqlandıq: "Elxan Məmmədovla görüşdük. Amma nəticə olmadı. Çünki hər iki tərəf bildirdi ki, pul yoxdu. Bizə deyildi ki, pulunuz varsa, oynaya bilərsiz. Təəssüf ki, tovuzlu iş adamları bizə kömək etmədilər. Kimsə yanımızda olmadı. Onları da başa düşmək olar. AFFA-nın mövqeyini də anlayıram. Hamı fikirləşir ki, bir işə pul yatırırsa, qarşılığını görməlidi. İndiyə qədər çox iş adamı pul yatırıb, amma müflis olub. Ona görə indi çəkinirlər, bunu da anlamaq olur. Bu vəziyyətdə apellyasiya şikayəti verməyin də mənası yoxdu. Pulumuz olduğu halda lisenziya verməsəydilər, müraciət etmək olardı”.
Abdullayevdən sədri olduğu Veteranlar İttifaqının iclasının olub-olmayacağını da soruşduq: "Çox istərdik ki, toplantı təşkil edək. Amma pandemiya şərtləri buna imkan vermir. Zəngləşirik, danışırıq, amma görüş keçirə bilmirik".
Oqtay bəydən uzun müddətdi komada olan Qəhrəman Əliyevin vəziyyəti ilə bağlı da məlumat aldıq: "Təəssüf ki, onun vəziyyəti pisdi, hələ də komadadı, ayılmır. Beyin quruyub, heç bir müalicə təsir göstərmir. Beyninə su yığılmışdı, əməliyyat olunması üçün qərar verilməliydi. Amma həkimlər zəmanət vermədilər, ona görə də əməliyyat olmadı. Artıq həkimlərin məsləhəti ilə evə aparılıb, bir həftədi evdədi. Xəstəxanadakı şərait evində də yaradılıb. Həkimlər deyirlər ki, ilyarıma, iki ilə də ayıla bilər, amma ümumilikdə ayılması çətin görünür".
AYGÜL