28-ci tur bütün suallara aydınlıq gətirəcəkdi. Son oyun həftəsinə qədər kimin çempion, kimin bürünc mükafatçı olacağı məlum deyildi. Bu üzdən futbol ictimaiyyəti mayın 19-nu səbirsizliklə gözləyirdi.
Dünən yalnız “Keşlə” – “Qəbələ” oyunu heç bir önəm daşımırdı. Artıq ilk yarıda qapılara 3 qol vurulmuşdu ki, onlardan ikisi meydan sahiblərinin, biri isə qonaqların payına düşürdü. Fasiləyə minimal üstünlüklə yollanan ölkə kubokunun finalçısı bir də matçın sonunda hesab arasında fərqi artırmağa nail oldu.
Rəşad Sadıqov baş məşqçi kimi “Zirə”də debüt ilindəcə komandasını mükafatçılar sırasına sala bilərdi. Ancaq Ramin Quliyevin çalışdırdığı “Sabah” “qartallar”ın arzusunu gözündə qoydu. Quliyevin gəlişindən sonra yüksəlişə keçən “tələbələr”in heç bir turnir iddiası qalmasa da, onlar sona qədər mübarizə aparıb qəsəbə təmsilçisinin “bürünc”ə gedən yolunu kəsməyi bacardılar.
“Zirə”dən fərqli Ayxan Abbasovun çalışdırdığı “Sumqayıt”ın taleyi heç də öz əlində deyuildi. “Səbail”lə görüşdə “kimyaçılar” qalib gəlsəydilər belə, Masazırdan gələcək xəbər “bürünc”ün kimə qismət olacağını müəyyənləşdirəcəkdi. Heç şübhəsiz, sumqayıtlılar ilk növbədə “dənizçilər”i yenməli, bununla yanaşı, “Sabah”ın yardımına ümid etməliydilər. “Kimyaçılar” ilk hissənin sonlarına yaxın hava-su kimi lazım olan qolu vurmağı bacardılar. İkinci hissədə qələbə hesabını qorudular və paralel keçən görüşdə “Zirə”nin məğlubiyyəti rəsmiləşincə tarixdə ilk dəfə mükafatçılar sırasına düşməyi bacardılar.
Və mövsümün həlledici oyunu... “Dalğa Arena”dakı 90 dəqiqə ya “Qarabağ”ı, ya da 8 illik fasilədən sonra “Neftçi”ni fəxri kürsüyə qaldıracaq, çempionluq kubokunun hansı klubun muzeyinə gedəcəyini müəyyənləşdirəcəkdi. Azarkeşlərin, idman mediasının, futbol ictimaiyyətinin intizarla gözlədiyi matç “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşdı və Samir Abasov baş məşqçi kimi karyerasında ilk dəyərli medalını boynundan asmağa müvəffəq oldu. Halbuki ağdamlılar rəqibdən bir addım öndə idi. Son illərin dəyişməz çempionuna bu matçda heç-heçə də bəs edirdi. Bəlkə də məhz bu üzdən “köhlən atlar” meydana bir qədər rahat çıxmışdılar və oyunu heç-heçəyə yönəldirdilər. Ancaq ölkənin ən köklü klubu sona qədər mübarizə apardı və sona yaxın “qızıl” qolu vurdu. Bu görüş həm də çempionatın ən sərrast futbolçularının – Namik Ələskərovla Mahir Emrelinin dueli kimi dəyərləndirilirdi. Təəssüf ki, heç biri adını tabloya yazdıra bilmədi.
Beləliklə, ölkəmizi avrokubokların 2021/22 mövsümündə təmsil edəcək klublardan üçü dəqiqləşdi. “Neftçi” Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. “Qarabağ”la “Sumqayıt” isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin iştirakçıları arasında olacaq. Konfrans Liqasındakı son təmsilçimizin adı mayın 24-də bilinəcək. Ölkə kubokunun finalının nəticəsindən asılı olaraq, “Keşlə” və ya “Zirə” qitə səhnəsinə çıxacaq.
Azərbaycan premyer-liqası
28-ci tur, 4-cü dövrə
19 may
Keşlə - Qəbələ 3:1
Səbail – Sumqayıt 0:1
Sabah – Zirə 2:1
Neftçi – Qarabağ 1:0
1. Neftçi 28 18 5 5 47-25 59
2. Qarabağ 28 16 9 3 64-18 57
3. Sumqayıt 28 10 9 9 30-31 39
4. Zirə 28 8 14 6 28-28 38
5. Sabah 7 8 13 28-38 29
6. Keşlə 28 5 11 12 25-40 26
7. Qəbələ 28 5 11 12 23-44 26
8. Səbail 28 5 9 14 21-42 24
RƏŞAD