Sizin reklam burada

Murad Sumqayıtı muradına çatdırdı

Title
109. Səbail – Sumqayıt 0:1 (0:1)
96. Nikolas Hagen – 5,0
34. Urfan Abbasov – 5,0
4. Ali Sisey – 5,0
55. Adil Nağıyev – 4,5
3. Turan Manafov – 5,0
23. Milovan Petrovik – 5,0
(77. Ədilxan Qarəhmədov, 73) – 5,0
14. Rahid Əmirquliyev (k) – 5,0
22. Əfran İsmayılov – 5,0
(7. Mirsayib Abbasov, 75) – qiymətsiz
19. Luka İmnadze – 5,0
(20. Ruslan Hacıyev, 46) – 5,0
27. Hendrik Ekşteyn - 5,5
29. Amil Yunanov – 5,0
Ehtiyat oyunçular
1. Kamran Ağayev
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
9. Florian Kadriu
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Hendrik Ekşteyn

1. Mehdi Cənnətov – 5,0
7. Tellur Mütəllimov – 5,5
17. Murad Xaçayev – 5,5
5. Camaləddin Xocaniyazov – 5,0
4. Höccət Haqverdi – 5,0
18. Süleyman Əhmədov – 5,0
6. Vüqar Mustafayev (k) – 5,0
97. Xəyal Nəcəfov – 5,0
(60. Elvin Məmmədov, 67) – 5,0
33. Eltun Turabov – 5,0
10. Rəhim Sadıxov – 6,0
(21. Cabir Əmirli, 88) – qiymətsiz
11. Mehdi Şərifi – 5,0
(8. Səbuhi Abdullazadə, 70) – 5,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
78. Dmitri Nağıyev
30. Nəbi Məmmədov
20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rəhim Sadıxov
Qol: M.Xaçayev, 43.
Vərəqələr: A.Nağıyev, 9 (qeyri-idman hərəkəti). M.Petrovik, 62 (qeyri-idman hərəkəti). S.Əhmədov, 90 (oyunun bərpasını ləngitmək). M.Cənnətov, 90+4 (oyunun bərpasını ləngitmək) – sarı. A.Nağıyev, 90+3 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: A.Abbasov, 90+2 (texniki zona qaydalarını pozduğu üçün).
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
19 may. Bakı. ASCO Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qələbəyə ehtiyac duyan “Sumqayıt”ın daha çox hücum edəcəyini güman etmək olardı. Amma “Səbail” də mövsümü sonuncu yerdə bitirməmək üçün xal qazanmaq istəyirdi. Oyun gözlənilən ssenari ilə başladı. Hakim start fitini səsləndirən kimi qonaqlar irəli atıldı. 11-ci dəqiqədə Tellurun uzaq küncə fırlatdığı gözəl zərbənin qarşısını Hagen aldı. Meydana qələbə hədəfi ilə çıxan rəqibin start təzyiqini dəf edən “dənizçlilər” tədricən özünə gələrək hücumlar qurmağa başladı. 20-ci dəqiqənin əvvəlində Ekşteyndən ötürmə alan İsmayılov qapı önünə elə asma göndərdi ki, Amil Mehdini də aşan topu qola çevirməyə borclu idi. Yunanov belədə mövsümün ən gözə qollarından birini vuracaqdı. 1 dəqiqə sonra Şərifi Hageni təhlükəli zərbə ilə həyəcanlandırdı. 27-ci dəqiqədə Petrovik təxminən 20 metrdən möhtəşəm zərbə endirdi. Mehdinin də müdaxiləsi sayəsində top az fərqlə qapıdan aralı keçdi. Meydanda gərgin, barışmaz mübarizə getsə də, təhlükəli vəziyyətlərin sayı az idi. 33-cü dəqiqədə “Səbail”in çoxgedişli kombinasiyasını Əfran elə bərbad zərbə ilə bitirdi ki, adamın matı-qutu qurudu. 38-ci dəqiqədə Rahid də cərimə meydançasının qövsü yaxınlığından qapıya güclü, amma qeyri-dəqiq zərbə endirdi. Məncə, Əmirquliyev yavaş-yavaş butslarını mıxdan asmaq üzərində düşünsə, yaxşı olar. 41-ci dəqiqədə Ekşteynin baxımlı zərbəsi tirdən döndü. Ümumiyyətlə, hissənin sonluğu “Səbail”in üstünlüyü şəraitində keçdi. Və nə qədər gözlənilməz olsa da, hesabı 43-cü dəqiqədə “Sumqayıt” açdı. Şərifidən ötürmə alan Murad təxminən 20 metr irəlilədikdən sonra gözlənilmədən sol ayaqla möhtəşəm zərbə vurdu. Hagen tullansa da, onun çata bilmədiyi top dirəyə dəyib, tora daxil oldu.
“Sabah” – “Zirə” oyununun da nəticəsindən xəbərdar olan “Sumqayıt”ın 2-ci hissədə hesabı qorumağa çalışacağı şübhə doğurmurdu. Belə də oldu. 57-ci dəqiqədə “dənizçilər”in gözəl hücumunu fasilədən sonra meydana çıxan Ruslan Hacıyev bərbad şəkildə tamamladı. İlk yarıda yenə ara-sıra təhlükəli vəziyyətlər yaşanırdısa, ikincidə bundan da məhrum olduq. Aftandil Hacıyev dəyişikliklərlə komandasının oyununu gücləndirmək cəhdləri də fayda vermədi. Ərazi və oyun üstünlüyünə yiyələnən “dənizçilər” təhlükəli vəziyyətlər yaratmaqda açıq-aşkar çətinlik çəkirdi. Əvəzində 84-cü dəqiqədə Adilin kobud səhvindən sonra Xaçayev fərqi artırmalıydı. Amma gözəl imkanı inanılmaz şəkildə boşa verdi. 87-ci dəqiqədə Süleyman Əhmədov da topu qapının yanından vurdu. Beləliklə, “Səbail” mövsümdəki 28-ci oyunda 14-cü məğlubiyyət, “Keşlə”nin “Qəbələ”ni yenməsi üzündən həm də sonuncu olmaq aqibəti ilə barışdı. “Sumqayıt” isə tarixində ilk dəfə medalçılar sırasına düşdü. Rəşad Əhmədovun final fitindən sonra sumqayıtlıların sevincini görməyə dəyərdi. Açığı, onlar elə sevinirdilər ki, kənardan baxan şəxs 3-cü yeri yox, çempionluğu qazandıqlarını düşünərdi...
HUŞƏNG

Gözdən qaçmadı
* 36-cı dəqiqədə Urfan Şərifi ilə mübarizədə yerdə qalsa da, qonaqlar hücumu davam etdirdi və Rəhim qapıya zərbə endirdi. Adil rəqibin bu hərəkətindən narazılığını Rəhimin üstünə qışqırmaqla bildirdi. Olaya biganə qalmayan Ayxan Abbasov da Nağıyevin iradı ilə üzləşdi.
* 39-cu dəqiqədə Ayxan bəyin növbəti dəfə meydana çıxmasını gözdən qaçırmayan referi ona “bir də belə etsən, sarı vərəqə görəcəksən” deməklə xəbərdarlıq etdi.
* Stadiondakı xərəkdaşıyanlar bığlı-saqqallı, hətta saçı tökülən kişilər idi. Təbii ki, bu mənzərə hər kəsdə təəccüb doğurdu.
* 62-ci dəqiqədə Rəhimə qarşı meydanın mərkəzindəki kobudluqdan sonra referinin uzun-uzadı qeydlər aparması Yunanovu da özündən çıxardı. “Səbail”in hücumçusu “Rəşad, elə bil vaxt aparırsan”, - deyə təəccübünü gizlətmədi.
* 2-ci hissənin ortalarından oyunu ayaqüstə izləyən Kamran Ağayev az qala baş məşqçinin yardımçısı kimi oyundaşlarına daim göstərişlər verirdi.
* 76-cı dəqiqədə AFFA nümayəndəsi Rüfət Əmirov “Sumqayıt”ın ehtiyat oyunçular skamyasına yaxınlaşaraq, həkimi çağırdı və inzibati binaya apardı. Düzü, bunun səbəbini müəyyənləşdirə bilmədik.
* “Sabah”ın “Zirə”nin qapısına 2-ci qolu vurması “Sumqayıt” camiəsini coşdurdu. Tribunada əyləşən Riad Rəfiyev uca səslə bu xəbəri komanda üzvlərinə çatdırdı.

Reaksiyalar
Ayxan Abbasov: “Öncə rəqibimizi, Aftandil müəllimi təbrik etmək istəyirəm. Bu il nə qədər çətinlikləri olsa da, əla komandası var. “Səbail”i udmaq, bu komanda ilə oynamaq bizim üçün çətin idi. Bürünc medalı qazana biləcəyimizi anlayırdıq. Futbolçularımız çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gəldi. Azarkeşlərimizi, rəhbərliyi, komandamızı, köməkçilərimi “Sumqayıt”ın tarixindəki ilk “bürünc” münasibəti ilə təbrik edirəm. Bizim üçün iş bitməyib. Futbolçulara demişdim ki, bizi iki final gözləyir. Bu gün ilk finalda qalib gəldik. Digər oyunun nəticəsindən də asılıydıq. Çempionatın şəffaf mübarizə şəraitində keçməsi bizi sevindirdi. Komanda sayı ürəyimizcə olmasa da, hər kəs sona qədər mübarizə apardı. Vaxtımız azdı. Ancaq bu qələbəni unudub, kubokun finalına hazırlaşacağıq. Siz jurnalistlərə də təşəkkür edirəm. Həqiqətən çempionatın işıqlandırılmasında əməyiniz çoxdu”.
Aftandil Hacıyev: “Həqiqətən bu gün gərgin oyun oldu. Əvvəlki oyunlara baxanda bu gün komandalar daha istəkli göründü. Çempionat boyunca yaşadığımız çətinliklərdən xəbəriniz var. Bu gün hər bir futbolçumuza təşəkkür etdim. İstədiyimiz nəticə olmasa da, oyunumuz ancaq müsbət fikirlər oyadır. “Səbail” zəngin tarixə malik klub olmasa da, sona qədər mübarizə apardı. Bu gün qələbə qazansaydıq, mövsümü 5-ci yerdə bitirə bilərdik. Yenə də deyirəm ki, bu futbolçulara təşəkkür edirəm. “Sumqayıt” haqda yalnız xoş sözlər söyləyə bilərəm – həm baş məşqçi, həm də komanda haqda. Həqiqətən çempionatda ən sabit oynayan komandalardan biridi. “Sumqayıt”ı 3-cü yer münasibəti ilə təbrik edir, kubokun finalında uğur arzulayıram. “Səbail”ə gəlincə, gələcəklə bağlı hər birimiz düşünməli olacağıq”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.