Sizin reklam burada

Sənan Qurbanov sabiq komandasını məyus etdi

Title
111. Keşlə - Qəbələ 3:1 (2:1)
1. Stanislav Namaşko – 5,0
2. İlkin Qırtımov (k) – 5,0
4. Şəhriyar Əliyev – 5,5
21. Miyuşko Boyoviç – 5,0
23. Nicat Qurbanov – 5,0
(10. Sezar Meza Kolli, 62) – qiymətsiz
17. Vüsal İsgəndərli – 6,0
11. Silvio Rodriges – 5,5
(7. Rəhman Hacıyev, 46) – 5,0
91. Sadio Tounkara – 5,0
9. Anatole Abanq – 4,5
(25. Con Kamara, 83) – qiymətsiz
99. Rafael Məhərrəmli – 5,0
14. Turan Vəlizadə - 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
3. Tərlan Quliyev
18. Ruslan Əmircanov
19. Azər Salahlı
20. Rail Məlikov
29. Yevgeni Koçuk
22. Elçin Mustafayev
79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli

94. Tərlan Əhmədli – 5,0
26. Stefan Vukçeviç – 5,0
2. Vinko Medimoreç – 4,5
77. Merabi Qiqauri – 5,0
(14. Cavid Hüseynov, 54) – 5,0
71. Rüfət Əhmədov – 5,0
11. Asif Məmmədov (k) – 5,0
28. Murad Musayev – 5,0
(4. Sadiq Quliyev, 72) – 4,0
9. Ehtiram Şahverdiyev – 5,0
32. Nikolas Raysel – 5,0
23. Rafael Utriq – 4,5
99. Ceyms Adeniyi – 5,5
(70. Ülvi İsgəndərov, 46) – 5,0
Ehtiyat oyunçular
1. Anar Nəzirov
74. Yusif Nəbiyev
7. Roman Hüseynov
6. Kamal Mirzəyev
10. Rövlan Muradov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ceyms Adeniyi
Qollar: Ş.Əliyev, 15 (1:0). S.Rodriges, 16 (2:0, V.İsgəndərli). C.Adeniyi, 26 (2:1, M.Qiqauri). V.İsgəndərli, 90+2 (3:1).
Vərəqələr: V. İsgəndərli, 28 (qeyri-idman hərəkəti). S.Vukçeviç, 30 (qeyri-idman hərəkəti). S.Tounkara, 35 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 40 (qeyri-idman hərəkəti). M.Musayev, 69 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 90+6 (oyunun bərpasını ləngitmək) – sarı. S.M.Kolli, 75 (ciddi qayda pozuntusu) – qırmızı.
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Kamal Quliyev, 77 (hakimin qərarına etiraz). Vüqar Məmmədov, 90+4 (hakimin qərarına etiraz).
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
19 may. Bakı. ASK Arena. Tamaşaçısız.
Birinci hissəyə 3, ikinci hissəyə 7 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bu oyunun nəticəsi mükafatçılar sırasında hansısa dəyişikliyə səbəb olmayacaqdı. Amma meydan sahibləri qələbə qazanmaqla son pilləni tərk edə bilərdi. Ötən tur doğma meydanda “Sabah”la bərabərliyə razılaşan qonaqların futbolçuları da mövsümün son oyununda uduzmağı düşünmürdülər. Bütün bunlar görüşə marağı artırırdı.
İlk hücum cəhdi “Keşlə”dən gəldi. Abanq “Qəbələ”nin müdafiəçilərinin arasında itib-batdığından bu cəhdi qol epizoduna qədər inkişaf etdirmək mümkün olmadı. Az sonra Qırtımov pleymeyker rolunu üzərinə götürüb, irəli atıldı. Lakin onun ötürməsinin ünvanı komanda yoldaşları yox, rəqib müdafiəçilər idi. Bu hücum cəhdlərinin nəticəsi olmasa da, ümumilikdə ilk 10 dəqiqə “Keşlə”nin üstünlüyü şəraitində keçdi. Hiss olunurdu ki, Sənan Qurbanov sabiq komandasının zəif nöqtələrini yaxşı bilir və “Keşlə” məhz bu məqamlardan yararlanmağa çalışır. Belə ki, qəsəbə təmsilçisi sürətli oyuna meyl göstərir, “Qəbələ”ni topsuz qoyaraq tez-tez hücum etməyə çalışırdı. 14-cü dəqiqədə Vəlizadənin qüvvətli zərbəsi Qiqaurinin başına dəyərək meydandan çıxdı. Künc zərbəsindən havalandırılan topu “çərçivə”yə göndərmək mümkün olmasa da, “Keşlə” ardıcıl ikinci dəfə korner vurmaq hüququ qazandı. Məhz bu künc zərbəsindən sonra yaranan qarışıqlıqda Şəhriyar hesabı açdı. Qolun şokundan ayılmağa macal tapmayan “qırmızı-qaralar” ikinci dəfə məyus oldu. “Qəbələ” müdafiədən hücuma çıxmağa çalışarkən topu itirdi. “Dəri kürə”ni ələ keçirib sürətlə irəliyən İsgəndərli onu qapı qarşısına havalandırdı, Rodriges isə başla toru silkələdi.
Qısa müddətdə qapısında iki qol görən “Qəbələ” uzun müddət özünə gələ bilmədi. “Qırmızı-qaralar” hücum qurmaqda çətinlik çəkir, tez-tez topu itirirdi. Qonaqların toparlanması üçün təxminən 10 dəqiqə tələb olundu. Bu mənada Adeniyinin 26-cı dəqiqədə hesab arasındakı fərqi azaltması lap yerinə düşdü. Qeyd etmək lazımdı ki, qoldan əvvəl təxminən iki dəqiqə ərzində “Qəbələ”nin futbolçuları topu özlərində saxladılar və qısa ötürmələrlə qolun hazırlığına yetərincə zaman xərclədilər. Qiqaurinin uzaqdan zərbəsini Namaşko Adeniyinin üzərinə qaytardı. Nigeriyalı hücumçu bu fürsəti qaçıra bilməzdi. “Qəbələ”nin qolundan sonra oyun daha sürətli, bir qədər də sərt xarakter aldı. Mövsümün son qarşılaşmasında heç kimin uduzmaq istəməməsi, itiriləcək heç nəyin olmaması futbolçuların açıq oyuna meyl etməsiylə nəticələnmişdi. 36-cı dəqiqədə meydanda kiçik insident yaşandı. İsgəndərli zədələndiyini bildirib yerdə qaldı. Hakimlə qısa dialoqun ardından futbolçu meydanın kənarına getdi. Yalnız bundan sonra Rəvan Həmzəzadə oyunun bərpasına icazə verdi. Fasilə ərəfəsində “Qəbələ” hesabı bərabərləşdirə bilərdi. Qapı qarşısına havalandırılan topu Namaşko vaxtında irəli çıxaraq yumruqlamasaydı, təhlükə böyüyəcəkdi. Fasilədən sonra da ümumi ssenari dəyişmədi. “Keşlə”nin ilk hücumu zamanı Nicatın zərbəsində dəqiqlik çatışmadı. 49-cu dəqiqədə meydanda qorxulu anlar yaşandı. Tounkara hava mübarizəsi zamanı Musayevə xəsarət yetirdi. Ağrılar içində qıvrılan gənc futbolçunun durumu ətrafdakıları qorxutdu. Dərhal həkimlər meydana tələsdi. Onların təxminən dəqiqəyarım çəkən müdaxiləsindən sonra Musayev ayağa qalxa və oyuna davam edə bildi. Maraqlıdı ki, bir qədər aralıda “Keşlə”nin də futbolçusu yerdə qalmışdı. Muradın sağlığının qayğısına “Qəbələ”nin həkimləri qalarkən, “Keşlə”nin də tibbi personalı həmin futbolçunun müalicəsiylə məşğul oldu. “Qəbələ”nin fəallaşması fonunda komandasının oyunundan narazı qalan Sənan Qurbanov əvəzləməyə əl atdı. Son vaxtlar “Keşlə”nin əsas silahına çevrilən Sezar Meza Kolli Nicat Qurbanovun əvəzinə meydana çıxdı. Bununla belə, “Qəbələ” yenə də daha yaxşı görünən tərəf idi. Qonaqlar Asif Məmmədovla Cavid Hüseynovun təcrübəsi hesabına tez-tez oyunu canlandıra bilirdi. 66-cı dəqiqədə hakim “Keşlə”nin cərimə meydançası yaxınlığında qayda pozuntusu qeydə aldı. Amma Cavidin zərbəsindən sonra top “canlı sədd”i yara bilmədi. 74-cü dəqiqədə “Keşlə” meydanda azlıqda qaldı. Sənan Qurbanovun böyük ümidlərlə “döyüşə atdığı” Meza Kolli qapıçını vurduğuna görə birbaşa qırmızı vərəqəylə meydandan qovuldu. Sənan Qurbanovla Kamal Quliyevin etirazları da heç nəyi dəyişmədi.
Say üstünlüyü əldə edən “Qəbələ” təzyiq artırıb, hesabı bərabərləşdirməyə çalışınca “Keşlə”nin “B” planı işə düşdü. Meydan sahibləri artıq müdafiəyə daha çox diqqət ayırır, ləng davranışlala diqqəti çəkirdi. “Keşlə”nin bu taktikası işə yaradı, özü də artıqlamasıyla. Böyük qüvvəylə irəli atılan “Qəbələ”nin müdafiəsində boşluq yarandı ki, bunu da hakimin oyuna əlavə etdiyi 1-ci dəqiqədə Vüsal dəyərləndirdi. Təkbaşına əks-hücuma çıxan İsgəndərli topu dəqiq zərbəylə tora qovuşdurmaqla yekun hesabı müəyyənləşdirdi.
AMAL

Reaksiyalar
Elmar Baxşıyev: “Turnir baxımından heç bir əhəmiyyəti olmayan oyuna futbolçuları motivasiya etmək çox çətindi. Futbolçular çalışdılar ki, onlara tapşırılan işin öhdəsindən gəlsinlər. “Vurmayana vurarlar” prinsipini bir daha gördük. Əlimizə düşən fürsətləri reallaşdıra bilmədik. Adeniyi bizim üçün vacib oyunçudu, onu itirməyimiz özünü göstərdi. Bununla belə, ümumilikdə komandamın mövsüm ərzindəki oyunundan razıyam”.
Sənan Qurbanov: “Bizim üçün çətin və gərgin mövsüm oldu. Son turda qarşımıza bir tapşırıq qoymuşduq – sonuncu pilləni tərk etmək. Heç kim sonuncu olmaq istəməz. Futbolçularımı təbrik edirəm, onlar qarşıya qoyulan tapşırığın öhdəsindən gəldilər. Maksimum gücümüzü meydanda qoyduq. Ən vacibi qələbə qazanmaq idi. Biz oyunun məsuliyyətini başa düşürdük. Klub rəhbərliyi də bunu bizdən gözləyirdi. Qələbə həm də ölkə kubokunun finalı ərəfəsində vacib idi. Məqsədə çatmışıq. İndi qarşıda bir oyun qalıb ki, ona da hazırlaşacağıq”.

Gözdən qaçmadı
* Şəhriyar Əliyevin qoldan sonra sevinci maraqlı alındı. Müdafiəçi hesabı açdıqdan sonra tribunalara doğru yönəldi. Orda əyləşənlərdən biri dəmir məhəccərlərə tərəf yaxınlaşaraq onun əlini sıxmaqla qol sevincini bölüşdü.
* 36-cı dəqiqədə Vüsal İsgəndərliylə hakim arasında gərginlik yaşandı. Bir müddət yerdə qalan Vüsal baş hakimə həkimlərin köməyinə ehtiyac duyduğunu bildirdi. Rəvan Həmzəzadə isə tibbi yardım üçün onun meydanı tərk etməsinin vacib olduğuna işarə vurub, əliylə futbolçunu meydandan kənara yönəltməyə başladı. Yalnız bundan sonra “Keşlə”nin həkimləri yan xəttin kənarıyla Vüsalın köməyinə tələsdilər.
* 40-cı dəqiqədə Rəvan Həmzəzadə “Qəbələ”nin məşqçilərinin əyləşdiyi texniki zonaya tərəf istiqamətləndi. Burda Elmar Baxşıyevlə baş hakim arasında dialoq yaşandı. “Qəbələ”nin baş məşqçisinin narazılığının nə olduğunu bilməsək də, Həmzəzadə onu qısa zamanda sakitləşdirdi.
* 72-ci dəqiqədə Sezar Meza Kolli hakimlə toqquşdu. Zərbə anını qaçırdığına işarə edən əcnəbi futbolçu uzun müddət hakimə narazılığını bildirdi. Əlini havaya qaldıran Həmzəzadə üzrxahlıq edib, futbolçudan uzaqlaşdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.