Almaniya Futbol İttifaqının (AFİ) prezidenti Frits Keller istefa verib. Bu xəbəri futbol qurumunun rəsmi saytı yayıb.
Keller vəzifəsini aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında baş verən insidentə görə tərk etməli olub. Həmin iclasda 64 yaşlı funksioner AFİ-nin vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sabiq sədri Roland Freyslerlə müqayisə etmişdi. Bundan sonra həmkarından üzr istəsə də, Kox onun üzrxahlığını qəbul etməmişdi. Keller Almaniya futboluna 2019-cu ildən rəhbərlik edirdi.