Ölkəmizin UEFA Gənclər Liqasındakı təmsilçisi bilinmir
Ötən saylarımızın birində U-17 və U-19 liqasında çıxış edən komandalar arasında ölkə kuboku uğrunda turnirin keçiriləcəyini xəbər vermişdik. Həmin vaxt məsələyə münasibət bildirən AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev belə planlarının olduğunu, ancaq yarışın hansı tarixdə keçiriləcəyinin dəqiqləşmədiyini söyləmişdi. Vəliyev həmin ərəfədə turnirə qatılacaq komandaların sayının da müəyyənləşmədiyini sözlərinə əlavə etmişdi. Artıq hər iki liqada mübarizəyə start verilib. U-17-də təsnifat mərhələsinin, U-19-da isə püşkün müəyyənləşdirdiyi cütlər arasında ilk qarşılaşmalar keçirilib.
Yarışların təşkili barədə məlumat verən Yusif Vəliyev bunları söylədi: “19 yaşa qədər futbolçulardan ibarət komandaların ölkə kuboku uğrunda yarışında 10 komanda iştirak edir və artıq ilk görüşlər baş tutub.U-17-də isə 11 komanda turnirə qatılıb. Bu liqada komanda sayı tək olduğundan yarışa təsnifat mərhələsindən başladıq və bu səddi aşanlar 1/4 finala vəsiqə qazanıblar. Daha dəqiq desəm, altı komanda təsnifat mərhələsində çıxış etdi”.
Adətən, ötən illərdə U-19 liqasının qalibi olan komandalar avrokubok mövsümündə ölkəmizi UEFA Gənclər Liqasında təmsil etmək hüquq əldə edirdi. Ancaq pandemiya səbəbindən 2020/21 “futbol ili”ndə ölkədə bu yaş qrupu üzrə çempionat təşkil olunmadı. “Ola bilər ki, ölkə kubokunun qalibi UEFA Gənclər Liqasında çıxış etsin” sualına Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri belə cavab verdi: “Bu məsələ ilə bağlı qitə futbol qurumu hələ heç bir qərar verməyib. Ümumiyyətlə, bu mövsüm UEFA Gənclər Liqasının baş tutub-tutmayacağı hələ bilinmir. Turnir təşkil olunacaqsa, onun formatı, hansı komandanın çıxış edəcəyi barədə bizə əlavə məlumat veriləcək. Onu da bildirim ki, istər U-17, istərsə də U-19 liqasında ölkə kubokunun qalibi olacaq komandaya pul mükafatı nəzərdə tutulmayıb”.
RƏŞAD