Mayın 8-də AFFA-nın Lisenziya Komissiyasının iclası keçirildi. Toplantıda birinci divizion klublarından "Kəpəz", "Turan Tovuz", "Qaradağ Lökbatan" və "Zaqatala"ya növbəti mövsüm Azərbaycan premyer-liqasında iştirak etmək üçün lisenziya verilmədi. Lisenziyaya iddiaçılar imtina barədə verilən bildiriş tarixindən etibarən 10 gün müddətində apellyasiya şikayəti verə bilərlər. Bəs görəsən, sözügedən klublar bunun üçün müvafiq quruma müraciət edəcəklərmi?
"Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev apellyasiya şikayəti verməyəcəklərini bildirdi: "Klub apellyasiya şikayəti verməyəcək, çünki müraciət zamanı tələb edilən maliyyə meyarını yerinə yetirə bilməmişdik, bank zəmanəti verməmişdik. Hələ də bu problem həll edilməyib. Ona görə də apellyasiya şikayəti verməyə ehtiyac yoxdu".
"Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev də klubun belə bir müraciət etməyəcəyini vurğuladı: "Klub olaraq yenidən müraciət etmək fikrimiz var idi. Lakin hələ ki rəsmi prosedur yoxdu".
"Zaqatala"nın prezidenti Musa Qurbanov da qısa şəkildə apellyasiya şikayəti verməyəcəklərini bildirdi.
AYGÜL