Sizin reklam burada

Lukaku satıla bilər

Title
Hələ ki sona çatmayan cari mövsümdə tarixindəki 19-cu çempionluğunu qazanan “İnter”in maliyyə problemləri yetərincə ciddidi. Xəbər verdiyimiz kimi, oyunçular belə məqamda kluba jest edərək onlara çatacaq çempionluq mükafatından imtina etmişdilər.
Maraqlıdı ki, klub futbolçulardan növbəti güzəşt qoparmağa çalışır. Rəhbərlik onların ikiaylıq maaşını vermək istəmir. “Sky Sport Italia” telekanalının yaydığı xəbərə görə, klubun prezidenti Stiven Çjan futbolçularla görüşüb və pandemiyanın yaratdığı maliyyə böhranına görə onlardan ikiaylıq maaşlarından imtina etmələrini xahiş edib. Oyunçuların hər birinin bununla bağlı şəxsən qərar verəcəyi və bir neçə gündən sonra klubun rəhbəri ilə yenidən görüşəcəyi bildirilib.
“Corriere dello Sport” qəzetinin dünənki xəbəri də maraqlıdı. Populyar idman nəşri maliyyə problemlərinin bir hissəsinin Romelu Lukakunun satılmasıyla həll edilə biləcəyini yazıb. Rəhbərlik komandanın aparıcı hücumçusunu yalnız təxminən 120 milyon avroluq təklif alacağı halda satmağa hazırdı.
Yeri gəlmişkən, koronavirus qaydalarını pozduğuna görə “İnter”in bəzi oyunçularını cəza gözləyir. “Corriere dello Sport” qəzetinin yaydığı xəbərdə buna səbəb kimi Lukakunun 28 yaşını komanda yoldaşları Əşrəf Hakimi, İvan Perişiç, Eşli Yanq və digər 20 nəfərlə birgə qeyd etməsi göstərilib. Onlar mayın 12-dən 13-nə keçən gecə Milanın mərkəzindəki otellərdən birində olublar. Polis şikayət zəngi əsasında yerli vaxtla gecə saat 3-də məclisə gəlib. Tədbiri təşkil edən otel restoranının meneceri də daxil olmaqla, ümumilikdə 24 nəfərin cərimələnəcəyi bildirilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.