Sizin reklam burada

Lyaport Fransa yox, İspaniya yığmasının formasını geyəcək

Title
Halbuki hər şey fərqli ola bilərdi…
Fransanın müxtəlif yaş qrupu üzrə yığmalarının heyətində 50-dən artıq oyun keçirən Emerik Lyaport çərşənbə axşamı İspaniya pasportu aldı və tezliklə bu ölkənin yığmasının formasını geyəcək. “Marca”nın yazdığına görə, yığmanın baş məşqçisi Luis Enrike şəxsən MS-nin müdafiəçisinin xidmətində maraqlıdı. O, hələ bir neçə həftə əvvəl İspaniya Kral Futbol Federasiyasının rəhbərliyindən bask mənşəli 26 yaşlı fransızı “milliləşdirməyin” mümkünlüyünü öyrənməyi xahiş etmişdi. Və ispanlar AÇ-yə qədər işi bitirmək üçün əl-ayağa düşdülər. Bu işin sürətli alınmasında İdman işləri üzrə Ali Şuranın və onun yeni prezidenti Xose Manuel Frankonun yardımı da böyük rol oynadı. Mayın 21-də Enrikenin yığmanın heyətini açıqlaması gözlənilir. Lyaportun da adı orda olacaq.
Fransa pasportundan imtinaya ehtiyac yoxdu. Martın ortalarında Fransa və İspaniya ikili vətəndaşlıq haqa konvensiya imzalayıb. Fransa prezidenti Emmanuel Makron xatırladıb ki, bu ölkənin ərazisində 190 min ispan, İspaniya ərazisində isə 150 min fransız yaşayır. Yeni konvensiya isə bu ölkələrdən hər birinin vətəndaşlarına digər ölkənin vətəndaşlığını almağa imkan verir. İndi yalnız son detal – FİFA-nın xeyir-duası çatışmır. Ancaq “Marca”ya inansaq, bütün əsas işlər görülüb, dünyanın ali futbol qurumunun icazəsi formallıqdı.
Lyaport Bordonun 135 kilometrliyində yerləşən Ajen şəhərində dünyaya gəlib. 2011-16 aralığında Fransanın müxtəlif yaş qrupu yığmalarına cəlb olunub, 2013-də hətta U-19-lar arasında Avropa çempionatında gümüş medal qazanıb. Ancaq Didye Deşam heç vaxt onu yığma oyunçusu gözündə görməyib, bu üzdən də müdafiəçi əsas komandada debüt edə bilməyib.
• FİFA qaydalarındakı son dəyişikliyə görə futbolçu 21 yaşa qədər başqa ölkənin yığmasında 3-dən artıq oyun keçirməyibsə, 2-ci yığmanın formasını geyə bilər. Bundan başqa, FİFA tələb edir ki, 1-ci yığmada son oyunun üzərindən 3 il keçməlidi. Lyaport Fransanın əsas yığmasında debüt etmədiyindən bu qayda işə yarayır.
• Futbolçunun aşağıdakı tələblərdən birinə cavab verməsi də tələb olunur:
- şərəfini qorumaq istədiyi yığmanın təmsil etdiyi ölkənin ərazisində doğulmaq;
- bioloji valideynlərindən birinin və ya baba-nənəsindən birinin bu ölkənin ərazisində doğulması;
- ölkə ərazisində fasiləsiz 5 il yaşamaq.
Lyaport 2010-18-ci illər aralığında “Atletik”də oynayıb. Və unutmayaq ki, onun bask kökləri var. İspaniya ilə belə bağları olduğuna və Fransanın diqqətindən kənarda qaldığına görə onun yığma seçimi haqda söhbətlər çoxdan gedirdi. Emerik hələ 2015-in payızında demişdi ki, böyük turnirlərə dəvət almayacaqsa, İspaniya haqda düşünəcək. Hələ həmin vaxt ispanların çalışdırıcısı Visente del Boske onunla maraqlanırdı. Lyaport deyirdi: “Fransa yığması qəlbimdədi, çünki bu ölkədə doğulmuşam. Ancaq seçim imkanım olmayacaqsa, qərar verməliyəm. Avropa və dünya çempionatlarında iştirak futbolçunu maksimal hədəfidi. Hələ ki hadisələri qabaqlamıran, ancaq imkan düşsə, qərar verməliyəm”.
Fransızların “gümüş” qazandığı AÇ-2016-ya Lyaport getmədi, elə həmin ilin avqustunda isə Xulen Lopeteqi müdafiəçinin “milliləşdirilməsinə” xeyir-dua verdi. Ancaq bir ay sonra fransızlar müdafiəçini DÇ-2018-in Bolqarıstan və Niderland ilə seçmə oyunlarına çağırdı. Həmin vaxt xoşbəxt Lyaport belə demişdi: “İspaniya vətəndaşlığım ola bilərdi, ancaq götürmədim. 7,5 ildi İspaniyada yaşayıram. Bu da onun sübutudu ki, hədəfim Fransa yığmasıdı”.
Maraqlıdı ki, həmin vaxt da müdafiəçinin Fransa yığmasında debütü baş tutmadı. 2017-nin martında Lyaport hətta İspaniya yığmasına qarşı yoldaşlıq oyununa çıxa bilərdi, ancaq ehtiyatda qaldı. Fransa yığmasında oynamaq baxımından növbəti şans onun əlinə 2019-un avqustunda düşdü. Onda Emeriki AÇ-2020-nin Albaniya və Andorra ilə seçmə oyunlarına çağırmışdılar. Dəvət alandan cəmi iki gün sonra komandasının oyununda zədələndi…
Lyaport 2018-in dekabrında Deşamı birbaşa ittiham etdi: “Əlbəttə, düşünmürəm ki, bu hansısa şəkildə idmanla bağlıdı. Siz səbəbi məşqçidən soruşmalısız. Onunla problemim yoxdu. Dünya çempionu ola bilərdim. Ancaq qərarı məşqçi verir. Düşünürəm ki, məni şəxsi səbəblərdən çağırmır, ancaq bu onun hüququdu. Ona zəng etmək niyyətində deyiləm. Niyə? Ona təzyiq edim? Yox, heç bir halda yox. Klubda çalışıram, ən yüksək səviyyədə oynayıram. Nəsə həll etməyə qadir yeganə adam məşqçidi”.
Həmin vaxt müdafiəçi bask televiziyasına belə demişdi: “Fransanı seçdim. Mən fransızam. Hətta ikili vətəndaşlığım da yoxdu. Bunu xahiş etmək fikrində deyiləm”. Və 2018-ə aid daha bir oxşar sitat: “İspaniya yığmasında çıxış edəcəyimi düşünmürəm. Düşünürəm ki, bu mümkünsüzdü. Bu gün və ümid edirəm ki, həmişə Fransa yığmasında çıxış etməyə yönələcəm. Ancaq çağırımaq məndən yox, baş məşqçidən asılıdı”.
İki ildən sonra Lyaport fikrini dəyişdi. Ötən ilin noyabrında o artıq məyusluğunu gizlətmirdi: “Klub karyeramdam razıyam, ancaq yığma çatışmır. Çoxdan çağrılmıram, bu isə böyük məyusluqdu. Xüsusən də Fransanın gənclər yığmalarında 5 il keçirəndən sonra”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.