Sizin reklam burada

Makqreqordan cəlbedici açıqlamalar

Title
“Döyüşlərə vəhşi it kimi çıxıram”
UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor “tvitter” hesabında fanatların suallarını cavablayıb. Bu il ən azı iki döyüş keçirməyi planlaşdırdığını deyən irlandiyalı hazırda səhmlər paketinə milyarder Dermot Desmondun nəzarət etdiyi “Seltik”i alıb-almayacağı ilə bağlı sualı da cavablayıb: “Düzünü desəm, “Seltik”lə bağlı söhbət olub. Gec-tez idman klubuna yiyələnməkdə maraqlıyam. Həm “Seltik”, həm də “Mançester Yunayted” xoşuma gəlir. Bu klublar üçün böyük iş görə biləcəyimi hiss edirəm”.
Karyerası ərzində bəxtinə düşən rəqiblərdən Dastin Poryeni “ən asan” epiteti ilə bəzəyən Konor doğma İrlandiyadan sonra ABŞ-ı özünə vətən sayır və ora getmək üçün səbirsizləndiyini deyir. O, həmçinin UFC-də çıxış etməyə başlayandan sonra anasına verdiyi hədiyyələrdən danışıb: “60 min dollar olan ilk qonorarımdan ona pul vermişdim. Sonra da nə lazımsa, bağışlamışam. Maşınlar, geyim, evlər, bər-bəzək, milyon dollarlıq çek. Üstəgəl iki nəvə, hələ biri də yoldadı. Ha-ha-ha! O, həmişə mənə inanıb”.
Konor fanatlarından birinin “sevimli yeməyin nədi” sualına belə cavab verib: “Şirin xoşlayıram. Bir fincan çayı ponçik, tort, şokolad ilə içməkdən ötrü ölürəm. Bax, bu ponçiklər hələ istidi, bu gün evimizə - uşaqlar üçün gətiriblər. Birini də yeməmişəm! Gözəl qoxunu hiss etmək üçün qutuya lap yaxınlaşdım, onlara baxdım. Ancaq iradəli olmaq lazımdı”.
Yeri gəlmişkən, Konor Porye ilə döyüşəcəyi Las-Veqasa ailə üzvlərini aparmayacaq: “İlk gündən oğlumu çalışdırıram. Döyüşçü olmaq istəsə, hazır olacaq. Amma növbəti döyüşü ailəmdən uzaqda keçirmək istəyirəm. Rəngarənglik üçün. Döyüşlərlə qucaqlaşmağı balanslaşdırmaq çətindi. Döyüşlərə vəhşi it kimi çıxıram”.
Xatırladaq ki, Konorla vətəndaş nigahında olan Di Devlin onun bütün döyüşlərində olub. 2018-dən irlandiyalı oğlunu (2017-nin yazında dünyaya gəlib), sonradan isə qızını (2019-un yanvarında doğulub) da özü ilə aparırdı. Bir həftədən sonra Makqreqorun ailəsində artım gözlənilir.
Konor növbəti döyüşünü iyulun 10-dan 11-nə keçən gecə Dastin Porye ilə keçirəcək. 32 yaşlı irlandiyalı indiyə qədər keçirdiyi döyüşlərin 22-də qalib gəlib, 5-də uduzub.
Məşhur “Forbes” nəşri isə mayın 12-də ötən il mayın 1-dən bu il mayın 1-nə qədər olan dövr üçün dünyanın ən yüksək ödənişli idmançılarının siyahısını açıqlayıb. Hesabat dövründə 180 milyon dollar qazanan Makqreqor siyahının önündə qərarlaşıb. Bunun yalnız 22 milyonu döyüşlərə görə aldığı qonorardı. Pulun qalanını isə reklamdan və alkolollu içki brendinin satışından qazanıb. Siyahıda 2-ci yeri Messi, 3-cü yeri Ronaldo tutub.
1. Konor Makqreqor (qarışıq döyüş növləri) – 180 milyon dollar
2. Lionel Messi (futbol) - 130
3. Kriştiano Ronaldo (futbol) - 120
4. Dak Preskot (Amerika futbolu) - 107,5
5. Lebron Ceyms (basketbol) - 96,5
6. Neymar (futbol) - 95
7. Rocer Federer (tennis) - 90
8. Lüis Hemilton (avtoyürüş) - 82
9. Tom Breydi (Amerika futbolu) - 76
10. Kevin Dürant (basketbol) - 75
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.