“Zaqatala” ilə “Kəpəz”in iradı yoxdu, Oqtay Abdullayev Elxan Məmmədovla görüşəcək
AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Mayın 8-də baş tutan toplantıda 2021/22 mövsümündə UEFA-nın klub və Azərbaycan premyer-liqası yarışlarında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb. Qurum klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanan müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Qarabağ" , "Neftçi" , “Sumqayıt”, “Zirə” , “Keşlə”, “Sabah”.
2. Premyer-liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Qəbələ" , “Səbail”.
3. Premyer-liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Zaqatala”.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilən bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə şikayət edə bilər.
Qeyd: 1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə uyğun olaraq, 2021/22-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya alan klublar avtomatik eyni mövsüm üçün Azərbaycan premyer-liqasında iştirak etmək üçün lisenziya almış sayılır.
Beləliklə, birinci diviziondan premyer-liqaya heç bir klub buraxılmadı. Aşağı liqa təmsilçilərinin buna reaksiyası necədi? Onlar qərarla razılaşacaqlar?
Musa Qurbanov (“Zaqatala”nın prezidenti): “Açığı, bu qərarı gözləyirdim. Premyer-liqada 8 komandanın olacağını düşünürdüm. Mövsümün gedişindən görünürdü ki, çempionat elə hazırkı komandaların iştirakı ilə davam edəcək. Etiraf edək ki, istər “Zaqatala”, istər “Turan Tovuz”, istərsə də “Kəpəz”in bölgədə sponsoru yoxdu. Bizim sponsorumuz AFFA-dı. AFFA-nın da bu komandaları premier-liqada saxlayacağı gücdə və ya istəkdə olduğunu düşünmürəm. Qərara etiraz etmək üçün hansısa əsasımız yoxdu. Düzdü, bir il ərzində çəkilən zəhmət hədər gedir. Amma irad bildirəcək nəsə tapa bilmirsən. Premyer-liqada çıxış etmək istəyirik, sənədlər də vermişik. Amma AFFA-dan dedilər ki, bəzi şərtləri qarşılaya bilmirsiz. Maliyyə problemimiz var, bəzi işlər ödənişli, uşaq futbolu tələb olunan səviyyədə olmalıdı. Bu çatışmazlıqlar da maliyyə ilə bağlıdı. Bizi fakt qarşısında qoyurlar, irad da bildirə bilmirik”.
Oqtay Abdullayev (“Turan Tovuz”un Müşahidə Şurasının sədri): “Bizdə yeganə problem maliyyə ilə bağlı idi. Qalan bütün sənədlər qaydasındadı. AFFA-nın Lisenziya Komissiyası tərəfindən kluba premyer-liqada iştirak üçün lisenziya verilməməsini təəccüblə qarşıladıq. AFFA rəhbərliyi ilə görüşəcəm. “Turan Tovuz”a lisenziya vermirlərsə, o zaman futbol nəyə lazımdı? Azərbaycan futboluna bəzək verən bu komandadı. Ölkəni avrokuboklarda ilk təmsil edən də Tovuz təmsilçisi olub. AFFA-nın vitse-prezidenti Elxan Məmmədovla mütləq görüşəcəm. Açığı, bizə lisenziya veriləcəyini gözləyirdim. Çünki mənə demişdilər ki, verilməlidi. Axı mövsümün əvvəlində AFFA İcraiyyə Komitəsi qərar vermişdi ki, növbəti mövsüm 10 komandanın iştirakı ilə keçirilsin, Gəncə və Tovuzun komandası premyer-liqaya buraxılsın. Tovuzda böyük akademiya tikilib. Nəyə görə bizə lisenziya vermədiklərini soruşacam. Maliyyədisə, bütün klublara onsuz da AFFA kömək edir. Bizə də maliyyə köməyini AFFA etməliydi. “Neftçi”yə, “Keşlə”yə, “Sumqayıt”a, “Səbail”ə, “Qəbələ”yə, “Zirə”yə kim maliyyə köməyi edir bəs? Bizə də eləsin də. Təkcə Tovuz yox, Gəncə, Zaqatala da premyer-liqada təmsil olunmalıdı. Bakıdakı komandalardansa, region klublarına şərait yaratsalar, futbolumuzun inkişafına daha böyük təkan olar”.
Yaşar Vahabzadə (“Kəpəz”in baş məşqçisi): “Bilirdim ki, premyer-liqada iştirak üçün sənədlər verilib. Ancaq çatışmazlıqlardan xəbərim yox idi. Sənədləri təqdim etdikdən sonra AFFA-nın qərarını gözləyirdik. Əsas problemlərdən biri maliyyə idi. Çünki sponsorlar yoxdu. Ümumiyyətlə, sənədlərin qaydasında olub-olmadığı ilə maraqlanmamışdım. İş davam edir, hər il yeni uşaqlar birinci divizionda çıxış edir. Əsas gənclərə diqqət ayırmaq lazımdı. Birinci divizionda çıxış edən hər bir klub cavanlara şans verməlidi ki, onlar yetişsin, oyunçu sayı artsın”.
İLKİN SULTANLI