Sizin reklam burada

Rüstəm Rəhimov gənclərə çağırış etdi

Title
“Xoşagəlməz statuslar paylaşmaqla onun kimi insanı hörmətdən salmaq düzgün deyil”
Tanınmış bəstəkar, ziyalı, “Neftçi” azarkeşi Eldar Manurovun ötən sayımıza verdiyi müsahibədə “Qarabağ” barədə söylədiyi fikirlər ictimaiyyət arasında geniş müzakirə doğurdu. Kimlərinsə onun söylədiklərini kontekstdən çıxararaq məqsədyönlü şəkildə başqa məcraya yönəltməsi bir çoxları kimi, Futbol Veteranları İttifaqının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimovu da narahat edib. Dünən readaksiyamızla əlaqə saxlayan Rüstəm bəy məlum açıqlama ilə bağlı fikirlərini bölüşmək istədi ki, ona da tribuna verməyi lazım bildik: “Eldar Mansurov ölkənin sayılıb-seçilən ziyalılarından biri, tanınmış bəstəkardı. Mən onu hələ uşaqlıdan tanıyıram. O Bakının ən tanınmış ailələrindən birinin nümayəndəsidi. Mansurovlar muğamın bu səviyyəyə çatmasında müstəsna xidmət göstəriblər. Azərbaycanın tanınmış xanəndələri, ziyalıları onların İçərişəhərdəki evlərinin daimi qonağı olublar ki, mən bunun şahidiyəm. Eldar müəllimin məlum müsahibəsi ilə tanışam. O, bəstəkar olmaqla yanaşı, futbol azarkeşidi və vaxtilə sevdiyi “Neftçi” barədə fikirlərini bölüşüb. Ancaq çox təəssüf edirəm ki, bəzi gənclər sosial şəbəkələrdə sevilən bəstəkarımız haqda xoşagəlməz ifadələr səsləndirirlər, onun fikirlərini başqa yerə yozurlar, dediklıərinə siyasi çalarlar qatmağa çalışırlar. Xoşagəlməz statuslar paylaşmaqla onun kimi insanı hörmətdən salmaq düzgün deyil. O, mən, bizim kimi yaşlı və orta nəslin nümayəndələri üçün “Neftçi” ölkənin “bir nömrəli” komandası olub. O klubda tanınmış futbolçularımız çıxış edib. “Neftçi”də Azərbaycanın bir çox bölgələrinin nümayəndələri çıxış edib, o komandanın formasını geyib. Çünki SSRİ dönəmində bir komandamız var idi və hamı da ora düşməyə çalışırdı. Eldar müəllim futbol ictimaiyyətinin, veteranların yaxın dostudu və bütün tədbirlərimizdə iştirak edir. Futbolu sevən, futbolçulara xüsusi rəğbət bəsləyən ziyalımızdı ki, onun kimilər hazırda çox azdı. Çox istərdim ki, indiki gənclik Eldar müəllimə hörmətlə yanaşsın, bilə-bilməzə sosial şəbəkələrdə barəsində xoşagəlməz fikirlər bölüşməsin”.
Sonda Rəhimov çempionluq yarışında həm “Neftçi”yə, həm də “Qarabağ”a uğurlar arzulamağı da unutmadı: “Çox sevinirəm ki, bu gün premyer-liqada iki komanda arasında çempionluq uğrunda gərgin mübarizə gedir. Həm bakılılara, həm də ağdamlılara bu mübarizədə uğurlar arzulayıram. Çempion olacaq komandaya bu yay Çempionlar Liqasında da ölkəmizi layiqincə təmsil etməyi arzulayıram. Mən həmişə demişəm: ölkə futbolunun tarixi iki hissəyə bölünür. SSRİ dönəmində “Neftçi” ilə öyünürdüksə, müstəqillik illərində, xüsusilə də son zamanlarda “Qarabağ” fəxrimizə çevrilib. Qurban Qurbanov və komandası avrokuboklarda Azərbaycanın adını ucaltmağı bacarıb və bizlərə sevincli anlar bəxş edib. Ümid edirəm ki, uğurlu çıxışın davamını qarşıdan gələn avrokubok mövsümündə də görə biləcəyik”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.