Sizin reklam burada

“Real”, “Barselona” və “Yuventus”u hansı sanksiya(lar) gözləyir?

Title
UEFA Avropa Superliqasında iştiraka razılıq verən, lakin böyük təzyiq qarşısında qalaraq layihədən geri çəkilən 12 klubdan 9-u ilə bağlı qərarını açıqlayıb. “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi”, “Tottenhem”, “Atletiko”, “Milan” və “İnter”in yanlış addım atdıqlarını etiraf etdiyi, azarkeşlərdən, milli assosiasiyalardan, milli liqalardan, digər Avropa klublarından və UEFA-dan üzr istədiyi bildirilib.
Bu səbəbdən bu klubların növbəti mövsümlərdə də UEFA-nın bayrağı altında keçiriləcək yarışlarda iştirak edəcəyi vurğulanıb. UEFA tərəfindən tanınan klubların yenidən Avropa Klublar Assosiasiyasına qoşulacağı bildirilib. Lakin klublar, necə deyərlər, qitə futbol qurumu ilə asanlıqla barışıq əldə etməyiblər. İngiltərə, İtaliya və İspaniya təmsilçiləri xoşməramlı jest olaraq Avropada uşaq futbolunun inkişafı üçün 15 milyon avro ianə etməlidilər. Həmçinin klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri qazancın 5 faizi tutulacaq və bütün avrokubok iştirakçıları arasında yenidən bölüşdürüləcək. Bundan başqa, 9 klub UEFA-nın tanımadığı hər hansı yarışda iştirak etmək istəsə, hər biri 100 milyon avro məbləğində cəriməyə məruz qalmağa da razılaşıblar. Sözügedən klubların Çempionlar Liqasının (ÇL) 2024-cü ildən tətbiq ediləcək yeni formatını qəbul etdikləri da təsdiqlənib.
Qeyd edək ki, hazırda yalnız “Real”, “Barselona” və “Yuventus” Superliqa layihəsində qaldığını bəyan edib. Beynəlxalq KİV-də UEFA-nın Superliqadan ayrılmayan bu üç klubu ağır cəzalandırmaq istəyi ilə bağlı xəbərlər dolaşır. İspaniyanın “Cadena Cope” radiostansiyasının yaydığı məlumata inansaq, təşkilatın prezidenti Aleksander Çeferin mayın 29-da keçiriləcək ÇL-in finalından sonra həmin klubların bu turnirdən 2 illik müddətə kənarlaşdırılmasını təklif edəcək. Mümkün sanksiya Superliqadan ayrılan başqa klublara şamil olunmayacaq. Hələ ki kağız üzərində olan təşkilatın prezidenti Florentino Peres isə məlum layihədən çıxan klubları yenidən bir araya toplaya biləcəyini düşünür. Yeri gəlmişkən, dünən “Yuventus”un daxili yarışlardan da kənarlaşdırıla biləcəyi haqda xəbər yayılıb. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina Turin klubunun növbəti mövsüm üçün turnirlərin iştirakçılarının təsdiqlənməsinə qədər Superliqadan çıxdığını rəsmən bəyan etməyəcəyi halda, A seriyasında və İtaliya kubokunda mübarizə apara bilməyəcəyini deyib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.