Sizin reklam burada

“Qarabağ”a braziliyalı yarımmüdafiəçi təklif olunub

Title
Felipe Ryan Medinanın dostudu
Premyer-liqada çempionluq mübarizəsini davam etdirən “Qarabağ”la bağlı maraqlı bilgi almışıq. Cari mövsümdə heyət baxımından problemlə üzləşən Ağdam təmsilçisi növbəti il bu çətinliklə üzləşmək niyyətində deyil. Bu səbəbdən də “köhlən atlar” indidən futbolçu axtarışına start verib.
Redaksiyamıza daxil olan informasiyaya görə, menecerlər “Qarabağ”a futbolçu təklif edib. Bu, braziliyalı Felipe Ryan Alves Silvadı. 24 yaşlı pleymeyker hazırda Portuqaliyanın “Alverka” klubunda çıxış edir. Yarımmüdafiənin həm sağ, həm sol cinahında, həm də mərkəzində çıxış etməyi bacaran oyunçu bu mövsüm komandasının heyətində yalnız bir oyuna çıxıb. O, ölkə kubokunun 3-cü mərhələsində “Torrinze”yə 0:2 uduzduqlarını qarşılaşmada 57 dəqiqə meydanda olub. 180 sm boya malik futbolçu peşəkar karyerasına Portuqaliyada başlayıb. Yarımmüdafiəçi “Jil Visente”nin 19 yaşlılarında, “Sernake”də, “Kaldas”da, “Akademika Viseu”da, “Real SC”da çıxış edib. “Alverka” ilə ötən ilin iyununda müqavilə bağlayan futbolçu iyunda azad agent olacaq. Məhz bu amil onun “Qarabağ”a keçidini asanlaşdırır.
Xəbəri dəqiqləşdirmək üçün Felipe Ryanla əlaqə saxladıq. Braziliyalı yarımmüdafiəçi hələ ki dəqiq nəsə olmadığını bildirdi: “Bilirəm ki, agentim müxtəlif klublardan təkliflər alıb. Amma konkret adlar barədə nəsə bilmirəm. Nəyin baş verəcəyi dəqiq deyil. Hazırda yeganə fikrim komandama kömək etməkdi. Əlimdən gələni edəcəm ki, çempionatı yaxşı mövqedə bitirək”.
Ryan Ağdam təmsilçisi haqda məlumatlı olduğunu da dilə gətirdi: “Qarabağ” haqda, demək olar ki, hər şeyi bilirəm. Bakı da möhtəşəm şəhərdi. Dostum bu klubda çıxış edir. Bu, çoxunuzun tanıdığı Kevin Medinadı. Bilirəm ki, “Qarabağ” böyük klubdu. Adətən, ölkəsində çempion olur. Avropa Liqasının qrup mərhələsində daim çıxış edir. Əsas hədəfim güclü komandada çıxış edib, çempionluqlar qazanmaqdı. “Qarabağ”da çıxış etmək karyerama müsbət təsir edəcək. Lakin gəlin, bir neçə həftə səbr edək. Tezliklə menecerimlə görüşəcəm və bundan sonra gələcəyim haqda tam məlumatın olacaq”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.