Yığmamızın sabiq üzvü siyasi sığınacaq üçün müraciət edib
Mariya Raçitelevanı çoxları tanımasa da, bu ad həndbolla yaxından maraqlananlara tanışdı. Rusiyanın gənclərdən ibarət yığmasının sabiq üzvüdü. Sonradan isə “milliləşdirilərək” qadınlardan ibarət yığmamıza cəlb olunub. Cəlbedici bədən quruluşu ilə çoxlarının ağlını başından alan Maşa həyat yoldaşı və yeni dünyaya gələn övladı ilə birgə Los-Ancelesdə yaşayır.
Həştərxanda anadan olan sabiq milli üzvü həndbolun sirlərinə də bu şəhərdə yiyələnib. Eyniadlı klubun heyətində 2015/16 mövsümündə Rusiya çempionu olub. Rusiya mətbuatına ətraflı müsahibə verən həndbolçu öncə milli komandamızdan aldığı təklif haqda danışıb: “Həyat yoldaşım Nikolayla sosial şəbəkədə tanış olduq. Həmin vaxt “Astraxanoçka”da oynayırdım. Sonra bir yerdə yaşamağa başladıq. 2016-cı ildə Rusiya çempionu olanda mənə normal müqavilə təklif edilmədi. Həmin vaxt Azərbaycanın “Azəryol” klubu ilə bağlı variant ortaya çıxdı. Bir müddət orda oynadım. Amma sonra Kolya ilə münasibətlərin daha dəyərli olduğu qənaətinə gəldim. Bu üzdən Həştərxana qayıtdım və fitnes məşqçisi kimi işləməyə başladım. “Astraxanoçka”nın məşqçisi Mixail Seryogindən formamı qorumaq üçün komanda ilə hazırlıq keçməyə icazə istədim. Çünki Azərbaycanda məni “milliləşdirmək” fikrindən əl çəkmirdilər. Elə alındı ki, doğma komandamla 2016/17 mövsümünün noyabrından mayına qədər qısamüddətli müqavilə bağladım. Elə həmin vaxt mayın ortalarında Bakıda İslam Həmrəyliyi Oyunları və ya bizim dediyimiz kimi İslamiada keçirilirdi. Bu, karyeramda parlaq hadisə idi: möhtəşəm təşkilatçılıq, açılış və bağlanış mərasimləri, əsl Olimpiadada olduğu kimi müxtəlif qitələrdən gələn idmançılar... Azərbaycan yığmasında rusiyalılar az deyildi: Yekaterina Peçe, Alla Juyjova (Çernışkova), Yekaterina Artamonova, Anna Burova, Oksana Orexova. Turnirdə yetərincə inamlı qələbə qazandıq. Finalda Türkiyə millisini məğlub etdik”.
Raçiteleva yığmamızla erkən vidalaşmasının səbəbini də açıqlayıb: “İslamiadadan sonra Azərbaycanda mənə yeni müqavilə təklif olundu. Fikirləşmək üçün bir ay vaxt istədim. Sonra məzuniyyət ortaya düşdü və Kolya ilə Vyetnama uçduq. O, mənə evlilik təklif etdi. Toyumuzu 2018-ci ilin yayına planlaşdırdıq və mən Azərbaycan çempionatında daha bir mövsüm keçirdim. Öncədən planlaşdırmışdıq ki, toy səyahətini ABŞ-a gerçəkləşdirək. İyunun 15-də ailə həyatı qurduq, 3 gün sonra isə Nyu-Yorka yollandıq. Orda hər şey Hollivud filmlərində izlədiklərimə oxşayırdı. Hamının gülərüz və mehriban olması diqqətimizi çəkdi. Həmişə əhvalımla maraqlanır, xoş söz deyirdilər. Emosiyalarım fontan vururdu. Bütün gəzməli-görməli yerlərə baş çəkdik. Nyu-Yorkda bir həftə qaldıq, maraqlı insanlarla tanış olduq. Dərhal anladım ki, Amerika inkişaf etmək istəyən adamlara təkan verir. Sonra Bostona, orda yaşayan həştərxanlı rəfiqəmin yanına getdik. Başqa şəhərlərə də baş çəkdik. Və 3 həftəlik səyahətdən sonra Kolya ilə qərara gəldik ki, yaşamaq üçün ABŞ-a köçməliyik. Həştərxana dönəndən sonra bir müddət əvvəlki işimizlə məşğul olduq. Eyni zamanda, 2019-ci il iyunun 6-na Moskva – Los-Ancelos təyyarə reysinə bilet də sifariş etmişdik. Bura turist vizası ilə gəlsək də, məqsəd istirahət deyildi. İş axtarmalı, yeni həyat qurmalıydıq. İlk bir ayda boş dayansam da, sonradan təmizlik işləri üzrə ixtisaslaşan şirkətdə fəaliyyətə başladım. Sevimli peşəmdən sonra yeni sahəyə uyğunlaşmaq çox çətin idi, xüsusilə də mənəvi cəhətdən. Gündə 2-3 saat olmaqla yarım il bu işlə başımı qatdım. 2020-nin martında hamilə olduğumu öyrəndim. Sonra isə pandemiya araya girdi. Noyabrın 19-da ana oldum, Oliviya dünyaya gəldi. Artıq daha həssas adamam. Sıradan bir hadisə belə məni ağlada bilər. Həyat yoldaşımla çimərlik həvəskarıyıq. Kaliforniyada isə bunun üçün əla imkanlar var. Evdən avtomobillə okeanın sahilinə 30-40 dəqiqə məsafə var. İlk dönəmlərdə çətinlik çəksək də, bir neçə gün öncə normal şəraiti olan ikiotaqlı mənzilə köçdük. Məhəlləmizdə Rusiya və Ukraynadan olanlar çoxdu, hətta kafe və restoran işlədənlər də var. Turist vizasının müddəti bitəndən sonra siyasi sığınacaq üçün müraciət etdik. Hələ ki nə vaxt söhbətə çağıracaqlarını və “yaşıl kart” verilib-verilməyəcəyini bilmirik. Bununla ölkə xaricinə çıxmaq mümkün olacaq. Bura gələndən valideynlərimizi görməmişik ki, bu da bizim üçün ağrılı mövzudu. Bir tanışımız 5 ildi növbədədi. Bir sözlə, bu baxımdan bir növ havadan asılı vəziyyətdəyik. Anadan olan kimi Oliviyaya ABŞ vətəndaşlığı verildi, Kolya ilə mən isə gözləyirik”.
ABŞ-da həndbolun durumu millinin sabiq üzvünü qane etmir: “Onlara vaxtilə həndbolla peşəkar şəkildə məşğul olduğumu deyəndə təəccüblənirlər. Los-Ancelesə yerləşəndən sonra çimərlikdə həndbol oynayanlarla tanış oldum. Rusiyada bu növlə tanış olmasam da, Azərbaycanda təcrübəm olub. Oyunum xoşlarına gəldi və məni hətta turnirə də dəvət etdilər. Amerikanın bütün ştatlarından komandalar gəlmişdi. Sonra klassik həndbola keçdim. Həftədə 1 dəfə İsraildən olan məşqçinin rəhbərliyi altında hazırlıq keçirdik. Onun həyat yoldaşlı belaruslu sabiq həndbolçudu. San-Fransiskoda təşkil olunan “Kaliforniya kuboku”na qatıldıq. Əlbəttə, yüksək səviyyədən danışmaq belə artıqdı. Bir növ ləzzət almaq üçün oynayırdım. Həndbol haqda çox düşünür, ötən günlər üçün həqiqətən darıxıram. Həndbolla bağlı hər şey mənə maraqlıdı. Bu gün də sabiq komanda yoldaşlarımla əlaqə saxlayıram. Amma həndbol haqda danışmırıq. Burdakı həyatım onları daha çox maraqlandırır”.
Mariya karyerasında iz buraxan məqamları da açıqlayıb: “Bəlkə də kimisə təəccübləndirər. Amma Azərbaycan yığması ilə İslamiadanın qalibi olmağı ən böyük uğurum sayıram. Onda özümü komandaya həqiqətən də az fayda verməyən vacib həndbolçu hiss edirdim. “Astraxanoçka” ilə Rusiya çempionatının qızıl medalını qazananda belə emosiyalar yox idi. Çünki çox az oynayırdım. Karyeram ərzində çalışdığım üç ən yaxşı məşqçidən biri kimi Azərbaycan millisinə rəhbərlik edən Georgi Voronovun adını çəkə bilərəm. Əslən Zaporojyedən olan mütəxəssis uzun illər Azərbaycanda, o cümlədən qalibi olduğumuz İslamiadada millidə çalışıb. Birgə işlədiyimiz qısa müddətdə mənə çox şey verdi. O, məndə çatışmayan vacib oyun həqiqətləri ilə bağlı problemi yoluna qoydu, güvəndi. Hətta elə olurdu ki, onun nəzarəti altında komandaya məşq keçirdim. ABŞ-a köçməyə hazırlaşanda Voronov uzun müddət məni fikrimdən daşındırmağa çalışdı ki, bir az da oynayım. Sonra isə mənə uğurlar arzuladı. Bildiyim qədər hələ də Azərbaycanda çalışır”.
Raçiteleva sonda söz-söhbətə səbəb olan açıq-saşıq şəkilləriylə bağlı danışıb: “Buna görə qətiyyən utanmıram. Şəkillərimi hələ də bəyənirəm. Düzdü, bəzi məşqçilər narazı idi, hətta sərt şəkildə danlayanlar da olmuşdu. Amma bu onların problemidi. Mənim üçün vacib olan valideynlərimin və Nikolayın bunu normal qarşılaşması idi. Bir həndbolçu kimi yox, məhz həmin fotosessiyaya görə tanındığıma görə də peşman deyiləm. Mən öz səviyyəmi bilirəm. Bilirəm ki, Rusiyanın ən yaxşı həndbolçuları siyahısında olmamışam. Amma gözəl qız niyə də öz bədənini göstərməsin?! Hələ ki ABŞ-da belə imkan yoxdu. Amma variant ortaya çıxsa, mütləq təkrar edəcəm. Təbii ki, həyat yoldaşım etiraz etməsə”.