Sizin reklam burada

“Neftçi”ylə “Qarabağ”ın sabiq çalışdırıcıları kimi favorit sayır?

Title
Arif Əsədov: “Ən yaxşı hazır olan, əsəbləri tab gətirən komanda yekunda sevinəcək”
Böyükağa Ağayev: “Hər iki komanda öz aralarındakı oyuna qədər büdrəməyəcək”

Sona 3 tur qalmasına baxmayaraq, premyer-liqanın qalibinin adı bəlli deyil. Lider “Qarabağ” əsas rəqibi “Neftçi”dən 1 xal öndədi. Bu komandalar son turda üz-üzə gələcək. Bir çoxları çempionun adının məhz bu görüşdə bəlli olacağını düşünür. Bəs sonda qalib kim olacaq? Hansı komanda əsas mükafata daha layiqdi?
Bu sualları klubların sabiq baş məşqçilərinə ünvanladıq. “Neftçi”dən Arif Əsədovla, “Qarabağ”dan isə Böyükağa Ağayevlə əlaqə saxladıq. Hər iki mütəxəssis çempionluq şansları ilə bağlı proqnoz verməkdən ehtiyatlandılar. Onların fikrincə, daha çox əzmkarlıq nümayiş etdirən komanda sonda əsas mükafata yiyələnəcək.
Arif Əsədov: “Sona 3 tur qalmasına baxmayaraq, qalib bəlli deyil. Bu sevindirici haldı. Bir çoxları kimi, mən də düşünürəm ki, qalib son turda bəlli olacaq. Komandalar arasındakı xal fərqi o qədər də böyük deyil. Konkret hansısa digərini üstələmir. Məhz bu amilə görə qalibin son turda müəyyənləşməsini istərdim. Bəli, rəqiblər çempionatda 3 dəfə qarşılaşıb. İki dəfə “Neftçi”, 1 oyunda “Qarabağ” qələbə qazanıb. Amma premyer-liqa matçlarında görürük ki, hər ikisi o qədər də sabit oyun sərgiləmir. Ağdam təmsilçisi son 2 matçda qol vurmaqda çətinlik çəkir. Buna “Sumqayıt”la kubok, “Zirə” ilə çempionat oyununda şahid olduq. Hər iki komanda növbəti 2 turda xal itirməməyi planlaşdırır. Düşünürəm ki, həm “Qarabağ”, həm də “Neftçi” bütün gücünü son turdakı oyuna saxlayıb. Kimin qalib gələcəyini indidən demək çətindi. Hansı klubun heyətində az problem olacaqsa, daha üstün tərəf sayıla bilər. Məsələn, “Qarabağ” ötən tur Şahruddini itirdi. Ozobiç də mövsümü qapayıb. Bu amil təsirini göstərə bilər. Düşünürəm ki, hər iki mütəxəssis bununla bağlı baş sındırır. Onlar da çalışacaq ki, son turdakı görüşə qədər futbolçuları nə zədələnsinlər, nə də cəzalı duruma düşsünlər. Bunların heç birinin olmayacağı təqdirdə qarşılaşmaya ən yaxşı hazır olan, əsəbləri tab gətirən komanda yekunda sevinəcək”.
Böyükağa Ağayev: “Bu çempionat mənim üçün çox maraqlı keçir. Əvvəllər “Qarabağ” bütün rəqiblərini asanlıqla üstələyirdi. İndi “Neftçi” ağdamlıların çempionluq yolunda əsas rəqibidi. Maraq məqamlardan biri də odu ki, çempionatda rəqabət hiss olunur. Məsələn, “Zirə” hər iki komanda ilə, demək olar ki, başabaş mübarizə apardı. Hətta ötən tur “Qarabağ”ı büdrətdi. Məhz bu amillər çempionatın maraqlı keçdiyini deməyə əsas verir. Düşünürəm ki, çempionun adı son turda bəlli olacaq. Hər iki komanda öz aralarındakı oyuna qədər büdrəməyəcək. Yenə deyirəm, premyer-liqada maraqlı görüşlər izləyirik. İntiriqanın olduğunu görürük. Bu da inkişafa səbəb olacaq. Çünki komandalar arasında ciddi rəqabət var. Sonda kimin qalib gəlməsi isə bir çox amillərdən asılıdı. Bura istək, mübarizə və əzmkarlıq daxildi. Hər iki komanda inidəyədək çoxlu problemlərlə üzləşib. Son tura kimi və həmin qarşılaşmada bu çətinliyin öhdəsindən hansı gələ bilsə, o da çempion olacaq”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.