Sizin reklam burada

ÇL-ə qatılacaq komandanı İcraiyyə Komitəsi müəyyənləşdirəcək

Title
UEFA 2021/22 mövsümü üçün futzal üzrə Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmaların vaxtını açıqlayıb. Qitə futbol qurumunun rəsmi saytının yaydığı xəbərə görə, oyunlar avqustun 20-25-i aralığında keçiriləcək. İyulun 7-də isə təsnifat və əsas mərhələnin püşkatma mərasimi təşkil olunacaq.
Püşkatmaya 2 ay qalmasına baxmayaraq, futzal üzrə Çempionlar Liqasında Azərbaycanı hansı klubun təmsil edəcəyi məlum deyil. Heç kimə sirr deyil ki, pandemiya səbəbindən artıq bir ildən çoxdu futzal üzrə ölkə çempionatı keçirilmir, zallar futzalçıların üzünə bağlanıb. Çox maraqlıdı, çempionat keçirilmədiyi halda Futzal Federasiyası hansı qərarı verəcək, iyulun 7-də keçiriləcək püşkatmada hansı klubun adı şardan çıxacaq? Bu suala cavab tapmaq üçün federasiyanın mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq: “Qarşıda iki aya qədər vaxt var. Çempionlar Liqasında Azərbaycan təmsilçisinin iştirakı müzakirə mövzusu deyil. Təmsilçimiz 100 faiz 2020/21 mövsümü üçün Çempionlar Liqasına qatılacaq. Ancaq hansı komandanın ölkəmizi təmsil edəcəyinə İcraiyyə Komitəsi qərar verəcək. Xatırlyırsızsa, ötən il də çempionat pandemiya səbəbindən başa çatdırılmadı. Və yekunda son turnir cədvəlinə uyğun olaraq, İK hansı komandanın ÇL-ə yollanacğına qərar verdi. Bu dəfə də belə olacaq. Komitənin iclasının nə vaxt keçiriləcəyi barədə məlumat yoxdu. Hər halda, püşkatmaya qədər qərar qəbul olunacaq”.
Federasiya yaxın mənbədən əldə etdiyimiz bilgiyə əsasən, UEFA çempionatı keçirilməyən ölkələrə tövsiyə xarakterli məktub ünvanlayıb. Orda bildirilib ki, COVID-19-a görə ölkədə yarış təşkil etmək mümkün olmayıbsa, son çempionatın turnir cədvəlinə uyğun qalibi müəyyənləşdirib adını ali futbol qurumuna göndərmək olar. Mənbəmizin sözlərinə inansaq, 2019/20 mövsümünün qalibi “Araz” elan olunduğundan, böyük ehtimalla, bu dəfə ÇL-də ölkəmizi məhz Naxçıvan klubu təmsil edəcək.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.