Sizin reklam burada

“Xəzər”in oyunçusu Qaxda qar topasında itibmiş

Title
Elbrus Məmmədov və komandası Tofiq Rzayevdən hansı sirri gizləyib?
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idman şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı U-21-də Milan Obradoviçin köməkçisi olan Elbrus Məmmədovdu.
“Bunu demişdi ki, uşaqların gözləri parladı”
90-cı illərin əvvəllərində Sumqayıt “Xəzər”i ilə İrana - turmirə yollanmışdıq. İlk görüşdə “Məşhəd”lə üz-üzə gəldik. İkinci hissənin sonları gedirdi. Biz də 0:2 uduzuruq. Rəhmətlik İlham Qəmbərov birdən qayıtdı ki, “uşaqlar toparlanın. Mən artıq özümə gəlirəm, yaxşı olacaq”. Mehman Yunusov da oyun gedə-gedə ona baxıb “sən indi ayılırsan? Matç qurtarır, nə toparlanmaq?” deyincə, uşaqları meydanda gülmək tutdu. Özümüzü saxlaya bilmirik, topu hara gəldi vururuq. Rəqib də bundan istifadə edib qapımızdan 3-cü qolu da keçirdi. Qarşılaşmadan sonra otelə qayıtdıq. Onda rəhmətlik Xaliq Novruzov da bizimlə birgə səfər yollanmışdı. Oteldə oturub öz aramızda söhbət edirdik ki, həmin an Xaliq müəllim bizə yaxınlaşıb, “bu turnirin qalibinə qiymətli hədiyyələr veriləcək. Birinci yeri tutan komandanın hər üzvünə qızıl 10-luq, gümüş mükafatçıya qızıl 5-lik, üçüncü yerə də bir qədər zəif, ancaq qızıdan hazırlanmış hədiyyə veriləcək”. Bunu demişdi ki, uşaqların gözləri parladı. Hamı ciddi sifət aldı. Novruzov bunu söyləyib bizdən aralandı. Öz aramızda danışıb söyüş qoyduq ki, qarşıdakı matçlara ciddi yanaşıb, qızıl 10-luğa sahib çıxacağıq. Belə də oldu. Qalan görüşləri ard-arda udub finala yüksəldik. Uşaqları qızılın adını eşitmişdilər deyə, meydanda rüzgar kimi əsirdilər. Özümüz-özümüzə məətəl qalmışdıq ki, biz necə yüksək səviyyədə futbol oynayırıq... Həlledici qarşılaşmada İranın ən güclü komandasına uduzduq və ikinci yerin sahibi kimi hamımıza qızıl 5-lik verdilər.
“Bakıya niyə, Sumqayıta götürün, orda ayağı yaxşı kəsirlər”
“Viləş”də oynadığım illər idi. Bir gün bizi yeməyə aparıb-gətirən sürücü yolu keçərkən maşın vurdu. Onu tez təcili tibbi yardım maşını ilə xəstəxanaya götürdülər. Komandanın bir neçə üzvü də onun dalınca ora yollandıq. Xəstəxanaya çatanda sürücümüz hələ şokdan ayılıb özünə gəlməmişdi. Artıq valideynləri də özlərini çatdırmışdılar. Bir müddətdən sonra o ayıldı və bizi başının üstündə görüncə qayıtdı ki, ayaqqabımın sağ tayı hanı? Mübariz Orucov da onun bu sualına zarafatla “ayaqqabını neynirsən, onsuz da ayağını kəsəcəklər” deyincə yazıq sürücü yenidən özündən getdi. Həkimlər birtəhər onu ayıltdılar. Vəziyyəti yaxşı olmadığından Masallı xəstəxanasında həkimlər valideynlərinə dedilər ki, onu Bakıya aparsınlar. Həmin vaxt sürücümüz artıq özündə idi və həkimin dediklərini eşidirdi. Həkim valideynlərinə Bakını məsləhət görüncə Mübariz bu dəfə yenə zarafatla qayıtdı ki “Bakıya niyə, Sumqayıta götürün, orda ayağı yaxşı kəsirlər” söylədi. Yazıq oğlan Orucovun bu sözünü də ciddi qəbul edib yenidən özündən getdi. Bu dəfə onu çətinliklə ayıltdılar və həkim Mübarizi xəstəxanadan qovdu.
“Bax ağzım açılır ha, indi söyəcəm”
Futbolsevərlər Mehman Yunusovu yaxşı tanıyır. Dövrünün ən güclü müdafiəçilərindən biri olub, hücumçular onunla mübarizədən çəkinirdilər. Mehmanın bir pis xasiyyəti var idi ki, çox söyüş söyürdü. Bir dəfə oyundan öncə bütün futbolçular yığışıb ona minnətçi düşdük: “yekə kişisən, az söy. Sən söyəndə biz də həvəsdən düşürük, oyunumuz alınmır”. Mehman başını aşağı salıb, bir qədər fikrə getdi. Bu cəmi 5-10 saniyə çəksə də, bizim üçün elə bil saatlar keçdi. Qəfil başını qaldırıb, “siz səhv etməyin, mən də söyməyim” dedi və paltardəyişmə otağından çıxdı. Bəxtimizdəm həmin gün də zəif komanda ilə oynayırdıq. Birinci hissədə rəqibi “sürümüşük”, bir dəfə də qapımıza yaxın gələ bilməyiblər. Mehman da sakit, heç kimi söymədən futbolunu oynayır. İkinci hissədə dalbadal qollar vurub böyük hesabla qalib gəlirik. Belədə istər-istəməz uşaqların bəziləri “boşaldı”. Matçın qutarmasına saniyələr qalmış rəqib oyun ərzində ilk dəfə qapımız önündə o qədər də təhlükəli olmayan vəziyyət yaratdı. Müdafiəçilər topu kornerə çıxardılar. Elə bu an Yunusov ucadan “bax ağzım açılır ha, indi söyəcəm” deyib, qışqırmağa başladı. Təsəvvür edin oyun qurtarır, böyük hesabla qalib gəlirik, bir səhvə görə Mehman yenə özündən çıxır və çətinliklə özünü saxlayır.
“Yalnız qalib gələcəyiniz halda bu söhbət burda qalacaq”
17 yaşım var idi. Rəhmətlik Tofiq Rzayevin çalışdırdığı “Gəncliy”in şərəfini qoruyurdum. Komandanın əsasını 1972/73 doğumlu futbolçular təşkil edirdi. Azərbaycan kuboku çərçivəsində Lənkəranda yerli komanda ilə qarşılaşmalıydıq. Tofiq müəllim xəstələndiyindən həmin oyuna bizi Ağamusa Bağırov apardı. Cavan uşaqlarıq, baş məşqçi də oyuna getməyib. Necə olmalıdı? Hamımızda “boşalma” gedib. Axşam oteldə Bağırov “yat” komandası verdi və hamıya tapşırdı ki, heç kim çölə çıxmasın, oyuna hazır olmaq üçün gecə yuxusunu alsın. Hamımız da bir nəfər kimi “baş üstə” deyib, Ağamusa müəllimi otağına yola saldıq. Təxminən yarımsaat sonra hərə bir tərəfə dağıldı. Oteldə, demək olar ki, heç kim qalmadı. Kimi çayxanaya yollanıb, kimi Lənkəranın küçələrini dolaşır, kimi dostunun evinə gedib. Sən demə, gecənin bir yarısı yuxudan ayılan Bağırov otaqları gəzməyə başlayıb ki, görüm vəziyyət necədi, uşaqlar yerindədi, ya yox. Bir-bir otaqları yoxlayır, görür ki, 3-4 nəfərdən başqa oteldə heç kim yoxdu və düşür lobbiyə, oturub orda bizi gözləyir. İndi bir-bir biz gəldikcə, sıraya düzür. Nəhayət, axırıncı oyunçumuz gələndə ayağa durub sıranın qarşısına keçdi və bizi biabır etdi. Elə sözlər dedi ki, yeddi qatımızdan keçdi, utandığımızdan başımızı qaldıra bilmirik. Bir qədər sakit durandan sonra kapitan kimi mən söz istədim və Musa müəllimə “Sumqayıta dönəndə başverənlər barədə Tofiq müəllimə heç nə deməyin. Mən kapitan kimi sözə verirəm ki, sabah bütün gücümüzü meydanda qoyub qalib gələcəyik” dedim. O da “yalnız qalib gələcəyiniz halda bu söhbət burda qalacaq” söylədi. Ertəsi səhər yeməyindən sonra komandanı bir yerə topladım və hamımız sona qədər döyüşəcəyimizə söz verdik. Həmin görüşü 2:1 hesabı ilə udduq və növbəti mərhələyə yüksəldik. Ağamusa müəllim də sözünü tutdu, Tofiq müəllimə Lənkəranda yaşananlar barədə bir kəlmə demədi.
“Yazıq da orda qışqırır ki, məni burdan çıxarın”
Sumqayıt “Xəzər”i birinci dəstədə çıxış edirdi. Baş məşqçimiz də Əzizağa Alışanov idi. Komanda 1-ci yerdə gedir və bizi səfərdə “Kümrük”lə çətin oyun gözləyir. Çətin oyun olduğundan Qaxa bir gün tez yollanmışdıq. Oyun günü səhər yeməyindən sonra komanda yatmağa yollandı. Oyun günortadan sonra idi. Yuxudan duranda gördük, elə qar yağıb ki, yerdə azı yarım metr qar var. Matçın başlama vaxtına qədər stadionun əməkdaşları guya qazonu təmizləmişdilər. Ancaq qardan top irəli getmirdi. O qədər ağır idi ki, qaça bilmirdik. Oyunun da əhəməiyyəti böyük olduğundan heç bir komanda güzəştə getmirdi, futbolçular ikili mübarizələrdə az qala bir-birinin sümüyünü sındırırdılar. “Sürüşmə” fəndlərinin də sayı hesabı yox idi. İkinci hissənin ortalarında rəqib müdafiəçi bizim Adil Kərimov adlı futbolçumuza “sürüşmə” fəndi etdi, ondan sonra Adili meydanda görmədik. İndi oyun qalıb bir tərəfdə, hamımız Kərimovu axtarırıq. Bir-iki dəqiqədən sonra gördük ki, qazonun kənarına yığılan qar topasının içindən iki ayaq yellənir. Ora yaxınlaşdıq və məlum oldu ki, həmin “sürüşmə” fəndindən sonra Adil başıüstə qar topasının içinə girib, ayaqları çöldə qalıb. Bu mənzərəni görəndə gülməkdən qarnımızı tutduq, yerə yıxılmaq həddinə çatmışdıq. Yazıq da orda qışqırır ki, məni burdan çıxarın. Birtəhər onu çıxarıb, oyuna davam etdik.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.