Sizin reklam burada

Ciddi qüsura yola vermədilər

Title
Premyer-liqanın 25-ci turunda nəticəyə təsir edəcək ciddi hakim səhvləri qeydə alınmadı. Gözlənilənin əksinə, oyunlar kobud məcrada keçmədi. Referilər 4 oyunda futbolçulara ümumilikdə 20 vərəqə göstərdi. Bunlardan 18-nin rəngi sarı, 2-si isə qırmızı oldu. Turun ən kobud qarşılaşması “Sumqayıt” - “Sabah” dueli oldu. Kamal Umudlu əlini 7 dəfə cibinə atdı. Meydan sahibləri həm də turun ən kobud komandası oldu. “Gənclik şəhəri” təmsilçisi 4 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırıldı. Həftənin centlmen klubu isə “Zirə”di. “Qartallar” qarşılaşma ərzində bir vərəqəylə belə cəzalanmadı. Ümumiyyətlə, “Qarabağ” - “Zirə” görüşü turun ən kobud məcrada keçməyən oyunu kimi diqqəti çəkdi. Referi bu görüşdə futbolçulara cəmi 2 vərəqə göstərdi ki, onların da rəngi sarı oldu. Reportyorlarımızın qeydlərinə keçid alaq.
ƏLİYAR AĞAYEV, Keşlə - Neftçi
FIFA referisi 90 dəqiqə ərzində gözə dəymədi. Meydanda hakimin varlığı ilə yoxluğu bilinmirdi. Bu da onun üçün çox yaxşı haldı. Ümumiyyətlə, temp aşağı olduğundan Əliyar Ağayevin üzərinə o qədər də iş düşmədi. Ölkənin bir nömrəli hakimi görüşün öhdəsindən asanlıqla gəldi.
İNQİLAB MƏMMƏDOV, Səbail - Qəbələ
Referi bu qarşılaşmada çətin anlar yaşadı. Daha çox bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev İnqilab Məmmədovun qərarlarına etiraz edirdi. Ümumiyyətlə, referi bir sıra məqamlarda biranlıq gözləyib, sonra qərar verirdi. Məsələn, 38-ci dəqiqədə “Qəbələ”nin futbolçusu qaydanı pozdu. “Səbail”in futbolçuları və ehtiyat oyunçular skamyası qışqır-bağır salandan sonra cərimə zərbəsi təyin etdi. Bu da birmənalı şəkildə Baxşıyevin etirazına səbəb oldu. Ən maraqlı epizodlardan biri də Merab Qiqaurinin 20-ci dəqiqədə sarı vərəqə ilə cəzalanmasıdı. Məmmədov həmin an gürcü yarımmüdafiəçiyə vərəqə göstərməməliydi. Bu qərar oyuna təsirini göstərdi. Qiqauri 51-ci dəqiqədə qaydanı pozaraq ikinci sarı vərəqədən sonra komandasını azlıqda qoydu. Məmmədovun daha bir səhvi 57-cü dəqiqəyə təsadüf etdi. “Qəbələ” oyunçu dəyişikliyi etmək istədi. Top meydanı tərk etsə də, referi əvəzetməyə icazə vermədi. Bunun davamında “Səbail” hesabı açdı. Bu da haqlı olaraq Baxşıyevi özündən çıxardı. Mütəxəssis Rauf Allahverdiyevə “sizdə üz var e, Allah haqqı” deyərək əsəbləşdi. Hakimlər briqadası başqa hansısa səhvlə diqqəti çəkməsə də, İnqilab Məmmədovun oyunun öhdəsindən gəldiyini demək çətindi.
RƏŞAD ƏHMƏDOV, Qarabağ - Zirə
Hakimlər briqadası 82-ci dəqiqədə kobud səhvə yol verdi. Künc zərbəsindən ötürülən topa Mahir Emreli başla zərbə endirərək qol vurdu. Referi bu epizodda cərimə zərbəsi təyin etdi. Həmin anda Rəşad Əhmədovun hansı səbəbən qayda pozuntusu qeydə aldığı o qədər də anlaşılan deyildi. Lakin referi qərarında qətiyyətli idi. Bu səbəbdən də Kevin Medinaya sarı vərəqə göstərdi. Epizodun təkrarına baxanda görünür ki, topa zərbə vuran və Melivilonun çiyninə çıxan Emrelidi. Amma hakim kolumbiyalı müdafiəçini cəzalandırdı. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov da “sarı”nın göstərilməsinə etiraz etdiyini dedi. Bu epizodu nəzərə almasaq, Rəşad Əhmədov və briqadası ümumilikdə yaxşı təsir bağışladı.
KAMAL UMUDLU, Sumqayıt - Sabah
Referinin xırda səhvlərini nəzərə almasaq, heç də pis idarəçiliklə yadda qalmadı. Sadəcə, bir epizodda səhvə yol verdi. 56-cı dəqiqədə Vüqar Mustafayevə sarı vərəqə göstərdi. Burda yarımmüdafiəçidən daha çox Kamalın səhvi var idi. Həmin epizodda Vüqar rəqibin üstünə getmək istəyərkən referi onun qarşısına çıxdı. Yarımmüdafiəçi də bu səbəbdən bir az gecikdi. Buna görə də məcbur olub rəqibin qarşısını kobudluqla aldı. Bu qayda pozuntusuna görə Kamal Umudlu Mustafayevə sarı vərəqə göstərdi. Futbolçu məhz bu səbəbdən referiyə “mən sənə görə qaydanı pozdum”, - deyə etiraz etdi. Matçda başqa ciddi hakim səhvi olmadı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.