Sizin reklam burada

Bunları hara buraxasan?!

Title
Çox güman, elə bu ayın sonuna qədər ölkə çempionatının 1-ci divizionundan elitaya yüksəlməyə qadir olan olan komandanın və ya komandaların adı açıqlanacaq, yəni iştirakçı sayının artırılmasıyla bağlı söz-söhbətə son qoyulacaq. Premyer-liqa klublarının belə maliyyə çətinliyi ilə üzləşdiyi məqamda bəlkə də bu mövzuya toxunmaq artıq iş kimi görünür. Amma toxunmaq istəyirəm. Sonda qərar verərsiz ki, toxunmağa dəyərdi, ya yox...
Dünən sona iki tur qalmış 1-ci divizionda qalib müəyyənləşdi. Özü də qalib mövsüm ərzində səs-küyündən qulaq tutulan “Turan Tovuz”, “Zaqatala” və 25 oyuna 25 xal (!) toplayan “Kəpəz” yox, “Neftçi”nin əvəzediciləri oldu. Bəribaşdan Mahmud Qurbanovu və yetirmələrini “kiçik” çempionluq münasibəti ilə təbrik edir, daha böyük qələbə sevincləri arzulayıram. “Neftçi”nin uşaq futbol məktəbinin daim ölkədə seçildiyini nəzərə alsaq, bu uğurda hansısa qəribəlik görmürəm.
Qəribə olan məqam məhdud imkanlarla sona qədər mübarizə aparmağa çalışan “Zaqatala”nın liderdən 11, şəninə difiramblar oxunan və artıq oyunlara hər cür şəraitə malik bazasında hazırlaşan “Turan Tovuz”un 13 xal geri qalmasıdı. “Kəpəz”in adını isə heç çəkməyə dəyməz. Üç dəfə çempion olan, dörd dəfə kuboku qazanan komanda bu gün əsasən əvəzedicilərin yarışdığı aşağı dəstədə 10 iştirakçı arasında 7-ci yerdədi. Bu nəticə əslində “Kəpəz”in ad-sanına da, ənənələrinə də, lap elə eyniadlı dağa da söyüşdü, təhqirdi. Belə acınacaqlı, miskin təsir bağışlayan komandanın baş məşqçisi Yaşar Vahabzadə, köməkçisi Vidadi Rzayev, ümumiyyətlə, klub strukturunda təmsil olunanlar istefa verməyə ərinirlərsə, mən bu adamların mənəvi-əxlaqi keyfiyyətləri ilə bağlı ən pis düşüncələrə dalmağa məcburam. Və belə nəticələrin fonunda adamlar hesabat tələb edən azarkeşin üzərinə utanıb-çəkinmədən polis çağırır, onlarla qanun dilində danışmağa çalışırlar. Yaxşı, futbol oynaya, qələbə qazana bilmirsiz, heç olmasa, başqa ölkələrin əzəmətli, amma sizin kimi miskin günə düşən klublarının həyatı ilə maraqlanın. İndi xatırladacağım hadisə uzaq tarixdə yox, yanvarın 30-da yaşanıb. “Marsel”in nəticələrini qəbul edə bilməyən azarkeşlər klub bazasına hücum çəkmiş, futbolçulara və personala dişinin dibindən çıxanı demişdi. Təbii, bütün başqa belə aksiyalarda olduğu kimi, zorakılıq da var idi, tutulanlar da. Amma nəticə yaxşı oldu. Andre Villaş-Boaş qovuldu, Xorxe Sampaoli gəldi və bu gün komanda avrokuboklara vəsiqə qazanmağa yaxındı. Zəngin ənənələrə malik klub bir qrup adamın malı-mülkü, əmlakı ola bilməz, onunla istədiyiniz kimi davrana bilməzsiz. Belə görünür ki, Vahabzadə - Rzayev tandemi və onlara “ləbbeyk” deyənlər hər şeyin elə belə olmadığını düşünür, indki nəticələri “Kəpəz”in adın layiq sayırlar.
Bir daha o məqamın üstünə gəlirəm ki, əvəzedicilər arasında da 1-ci ola bilməyən “Zaqatala”nın, “Turan Tovuz”un, “Kəpəz”in bu gün elitaya boylanmağa, AFFA-dan mədət ummağa haqqı varmı? Lap tutaq ki, bunlardan hansınısa böyük, yersiz güzəştlər fonunda elitaya buraxdılar. Öz aramızdı, “Səbail”dən fərqli olacaqlar, məhdud imkanlar fonunda “dənizçilər”in prototopinə çevrilməyəcəklərmi? Əlbəttə, belə deməklə Aftandil Hacıyevin və yetirmələrinin əməyini kiçiltmək istəmirəm. Adı çəkilən mütəxəssis maliyyə çətinliklərinə rəğmən, normal komanda qurub, onun Azərbaycan futbolunda sözünü deyəcəyinə inanıram. Amma çox kiçik büdcə ilə, təmsil etdiyi şəhərdən, rayondan heç bir ciddi dəstək görmədən elitaya gəlməyin, sonra da sürünə-sürünə yaşamağın mənası nədi? Bəlkə elə 1-ci divizionda qalmaları yaxşıdı. Axı, məhz bu üç komandanın adı hesabına mövsüm boyunca aşağı dəstənin oyunları az-çox maraq doğurdu, azarkeş ehtirasları bəzən hətta sosial şəbəkələrə də sıçradı. Kəsəsi, barmağımı “Zaqatala”ya, “Turan-Tovuz”a və “Kəpəz”ə tuşlayıb, soruşmaq istəyirəm: bunları hara buraxasan?!
Zəruri qeyd: Yazı AFFA-nın bugünkü qərarından əvvəl qələmə alınıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.