Sizin reklam burada

Marselo seçkidən canını qurtardı, ancaq “Real”a faydası dəymədi

Title
Qəzetimizin ötən cümə sayında “Real”ın braziliyalı müdafiəçisi Marselonun üzləşdiyi qəribə vəziyyətlə bağlı yazı dərc olunmuşdu. Belə ki, La Liqada legioner sayılmama üçün 2011-də İspaniya vətəndaşlığı alan futbolçu mayın 4-də yerli hakimiyyət orqanı sayılan Madrid Assambleyasına keçiriləcək seçkidə müşahidə komissiyasının işində iştirak etməliydi. O, həm seçkidə iştirak edib, həm də meydana çıxmasa belə, Londonda – komandasının düşərgəsində olub. Görəsən, necə?
Təbii ki, əsas problem vaxt çatışmazlığı ilə bağlı idi. Seçki mayın 4-nə salınmışdı, “Real” isə mayın 5-də meydana çıxmalıydı. UEFA-nın qaydalarına görə komanda ən azı oyuna bir sutka qalmış matçın keçiriləcəyi şəhərdə olmalıdı, bu üzdən “Real” Londona çərşənba axşamı, yerli vaxtla saat 10.30-da uçdu.
Madrid klubu futbolçusuna görə bir neçə dəfə apellyasiya şikayəti versə də, bu cəhdlər əsassız sayıldı. Madrid Assambleyası ÇL oyununu seçki gününə düşmədiyinə görə fors-major hadisə saymadı.
Marselo seçki məntəqəsinə saat 8.28-də təşrif buyurdu. Komissiya sədri yerində olmadığına görə birinci ehtiyatda olan adam kimi əsas şəxs təyin etdilər. Braziliyalı heç cür reysə çatmırdı, ancaq onu komissiyanın başqa üzvü – Kristina adlı xanım xilas etdi. Həmin xanım Marselonun işdən azad olunmasına, yəni onu əvəz etməyə razılıq verdi. Dərhal özünü hava limanına çatdıran müdafiəçi komanda ilə birgə uça bildi. Kristina həmin günü belə xatırlayır: “Məndən kimisə əvəz etməyi xahiş etdilər, mən də razılıq verdim. Sonra aydın oldu ki, söhbət Marselodan gedir. Əlbəttə, onu tanıyıram, madridistayam, Florentino Peresin ailəsi ilə tanışam və “Real”a “Çelsi”ni yenməyi arzulayıram. Marselo qol vursa, gözəl olardı”.
Braziliyalının bəxti gətirdi: iş hədsiz çox olğuğundan, komissiya üzvləri yalnız axşam saat 10-da sənəd-sünədi təhvil verdi. Elə Kristinanın da bəxti gətirdi – onun əyləşdiyi stolun arxasında “Real”ın ÇL-in 1998-dəki finalında qələbə qolunu vuran Predraq Miyatoviç səs verdi. “Real”ın ehtiyat planı da var idi: Marselo oyun günü, yəni srağagün özəl jetdə Londona uşa bilərdi. Düzdü, belədə klub 20 min avro xərcə düşəcəkdi. Zidan hətta bu aqibətlə də barışmışdı: “Nə etmək olar, o, öz öhdəliyini yerinə yetirməlidi, ancaq çərşənbə günü bizlə olacaq”.
Əlbəttə, Marselo komanda yoldaşlarının yanında oldu. Amma nə faydası?! “Çelsi” “Real”a göz açmağa imkan verdi ki...
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.