Qvardiolanın atası MS-nin “Real”la qarşılaşmasını istəyirmiş
Çərşənbə axşamı PSJ-ni 2:0 hesabıyla məğlub edən Pep Qvardola son 10 ildə ilk dəfə ÇL-in finalına çıxdı. Ünlü mütəxəssis sonuncu dəfə 2011-də finalda görünmüşdü – həmin vaxt onun “Barsa”sı MY ilə hesablaşdı (3:1).
PSJ ilə yarımfinalın cavab oyunundan əvvəl Pepin atası Valenti mediada çox fəal idi. O, İsrailin “Sports 5” telekanalına belə demişdi: “Real” üzərində qələbə arzuların gerçəkləşməsi olardı. MS “Real”la oynayarsa, qələbənin bizim tərəfimizdə olacağına ümid edirəm”.
Artıq məlum olduğu kimi, ümid etməyə dəymədi, yəni MS-nin finaldakı rəqibi “Çelsi”di. “Oğlunuzu futbol tarixinin dahi məşqçilərindən saymaq olarmı” sualına Valenti belə cavab verdi: “Qulas asın, mən onun atasıyam, öyünmək istəməzdim. Yohan Kroyff da çox yaxşı mütəxəssis olub, ümumiyyətlə, hər məşqçinin müəyyən özəllikləri var. Mənim bildiyim budu: Pep oyunlardan əvvəl yatmır. O, hər şeyi təhlil edir”.
Valenti həmçinin Pepin ötən il koronavirusdan dünyasını dəyişən anası haqda danışıb: “Pep onu qəlbində saxlayır. Çox ağırdı, xüsusən də virusdan öldüyünü nəzərə alsaq. Ancaq heç nə etmək olmur – həyat davam edir”.
• Ümumiyyətlə, Pep həmişə atasından mediaya danışmamağı xahiş edir, ancaq Valenti jurnalistlərin müsahibə təklifindən boyun qaçırmır. Belə hesab edir ki, həmkarlarımıza pul qazanmaqda yardım edir: “Oğlum jurnalistlərlə danışmağımı xoşlamır, ancaq mən imtina edə bilmərəm. Çox danışmaq istəməzdim, ancaq “yox” da deyə bilmirəm. Müsahibədən sonra Pep məni söyür, çünki bunu bəyənmir”.
• Pepin komandalarının oyununda əvvəl atası bərk əsəbləşir: “Pepin oyunlarına baş çəkməyi heç vaxt əvvəlcədən planlaşdırmıram. Stadionda öz yerim var, ancaq oyunlara evdə baxmağa üstünlük verirəm. Belə rahatdı – divanda oturursan, sakitləşmək üçün cökə çayı da dəmləyə bilirsən”.
• Valentidən daah bir maraqlı detal: evdə Qvardiolanı heç vaxt Pep adlandırmayıblar – məşqçinin tələbi belə olub. Anasına deyirmiş ki, burda – evdə mən Xoseyəm.
• Valenti sadə fəhlədi. 14 yaşından tikintidə usta köməkçisi kimi işləməyə başlayıb (gündə 10 saat), bənnaya qədər yüksəlib, sonradan təmir şirkəti yaradıb, lazımi binaları öz əlləri ilə ucaldıb.
• Valentinin dediyinə görə, Pep uşaqlıqda sözəbaxan olmayıb: “5 yaşı olanda flomasterlə evin divarlarında şəkil çəkirdi. Ona vedrə və fırça verib, yumağı tapşırırdım”.
• Valenti oğlunun uşaqlıq əyləncələrini də xatırlayır: “O, hər səhər qonşuluqdakı futbol meydançasına gedər, saatlarla top təpikləyərdi. Həmişə bilirdim ki, Milad bayramında top bağışlasam, qeyri-adi dərəcədə xoşbəxt olacaq. Hara gedir-getsin, top onun ayağında olardı”.
• İngilis futbolu Pepin atasının tam ürəyincə deyil: “Etiraf etməyə məcburam ki, ingilis futbolunu o qədər sevmirəm. Hədsiz çox uzun ötürmələr, ora-bura qaçmaq... Oğlumun xoşladığı üsluba üstünlük verirəm – çoxlu ötürmə və boş zonalara ildırım kimi şığımaq”.