Superağır çəkidə WBC çempionu Tayson Füri növbəti iddialı açıqlama verib. O, özünü bütün dövrlərin ən yaxşı boksçusu saymasının səbəbləri haqda danışıb: “Bu mənəm. Sən bütün dövrlərin ən dahi boskçusuna baxırsan. Boks tarixində heç vaxt mənim kimi ağırçəkili olmayıb. Rokko Marçiano, Mayk Tayson, Lennoks Lüis, Kliçko, Uaylder, kim olur-olusn – onlardan heç biri heç vaxt mənlə rəqabət apara bilməzdi. Bunun bir neçə səbəbi var. Birincisi, ağırçəkililərdən heç biri rinqdə mənim kimi hərəkət etməyib. İkincisi, onlardan heç biri boksa mənim kimi yanaşmayıb. Üçüncüsü, onların heç birində məndəki əmək etikası olmayıb. Dördüncüsü, heç kim heç vaxt və heç bir epoxada mənə qalib gələ bilməzdi. Bilirsiz, niyə? Mən buna imkan verməzdim.
Xatırladaq ki, 32 yaşlı Fürinin hesabında 30 qələbə (21-i nokautla) və 1 heç-heçə var. O, ötən ilin fevralında həmin vaxta qədər məğlubedilməz sayılan amerikalı Deontey Uaylder üzərində texniki nokautla sensasion qələbə qazanıb.
Boks dünyası ilə bağlı daha bir maraqlı xəbər var. Ağır çəkidə sabiq mütləq dünya çempionu Lennoks Lüis daha bir sabiq dünya çempionu Mayk Tayson ilə əvəzçıxma döyüşünün təşkili ilə bağlı danışıqlar aparıldığını təsdiqləyib: “Hələ ki döyüş razılaşdırılmayıb, Mayk ilə ünsiyyətdəyik. Yaxın gələcəkdə bu döyüşün baş tutması tam mümkündü.
Lüislə Tayson 2002-nin yayında rinqdə üz-üzə gəlib, həmin vaxt britaniyalı amerikalını 8-ci raundda nokauta salıb. 54 yaşlı Tayson peşəkar rinqdə keçirdiyi döyüşlərin 50-də qələbə qazanıb, 6-da uduzub, daha 2 döyüşü baş tutmamış sayılıb. 55 yaşlı Lüisin isə 43 qələbəsi, 2 məğlubiyyəti və 1 heç-heçəsi var.
Boks üzrə beş çəki dərəcəsində sabiq dünya çempionu Floyd Meyvezer isə çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı boksçunun adını açıqlamaq fikrinə düşüb. Məğlubedilməz amerikalının fikrincə, bu 33 yaşlı Terens Krouforddu. Ən baxımlı boksçu isə Cervonta Devisdi.
Krouford yarımorta çəkidə WBO çempionudu, peşəkar boksda keçirdiyi 37 döyüşün hamısında qələbə qazanıb (28-i nokautla). 26 yaşlı Devis isə iki çəki dərəcəsində dünya çempionudu. Onun hesabında 24 döyüş və 24 qələbə (23-ü nokautla) var.