Sizin reklam burada

PFL iki ay öncə klublara xəbərdarlıq edib

Title
Elgiz Abbasov: “Orda cəzalı və zədəli futbolçuların stadiona gəlişini qadağan edən bənd var”
Srağagün Sumqayıtda keçirilən “Sumqayıt” – “Sabah” oyununda tribunada qələbəlik yaşanırdı. Yox, hələ ki Operativ Qərargah futbol matçlarına azarkeşlərin gəlməsinə icazə verməyib. Çempionat və kubok görüşləri boş tribunalar qarşısında oynanılır. Sadəcə, qonaqlar “Kapital Bank Arena”ya geniş tərkibdə gəlmişdilər. Hazırkı durumdan xəbərdar olmayan adam düşünərdi ki, 90 dəqiqə boyunca fanklub üzvləri “Sabah”ı dəstəkləyir. “Neftçi” ilə matçda cəzalanan və bu görüşü buraxmaq məcburiyyətində qalan Təmkin Xəlilzadə, Ramil Şeydayev, Filip İvanoviç, Bəhlul Mustafazədə matçı tribunadan izləyirdi və komanda yoldaşlarını dəstəkləyirdi. Bu azmış kimi, “tələbələr”in rəhbərliyi, onların qonaqları, inzibati heyətin üzvləri, kameramanlar, onlara yardım edənlər, bir sözlə, azı 20 nəfər.
İlk baxışdan “Sabah”ın komanda üçün əhəmiyyətli matça belə geniş tərkibdə gəlməsində, adını çəkdiyimiz futbolçuların matçı tribundan canlı izləməsində qeyri-adi heç nə yoxdu. Ancaq PFL-in 2020/21 mövsümünün Əsasnaməsinə Əlavədə sözügedən məsələ ilə bağlı ayrıca bənd var. 8-ci bənddə qeyd olunub: “Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslər stadiona gələ bilməz”.
Belə çıxır ki, “Sabah” Əsasnaməyə Əlavədə qeyd olunanlara Sumqayıtda riayət etməyib, PFL-in müəyyənləşdirdiyi qaydaları pozub. Ümumiyyətlə, bu halla, demək olar, bütün çempionat görüşlərində qarşılaşırıq. Ancaq nədənsə hamı buna göz yumur. Necə olur ki, jurnalistlərə çatanda qaydalar gözlənilir – protokol vermək, fasilədə çay süfrəsi açmaq olmaz - ancaq eyni kitabda hamı üçün nəzərdə tutulan bəndlər klublar tərəfindən pozulur və nə çempionatın keçirilməsinə cavabdehlik daşıyan qurum, nə də oyunun AFFA nümayəndəsi onlara “gözün üstə qaşın var” deyir. Belə çıxır, Əsasnaməyə Əlavədə yazılanlar ancaq media əhli üçündü.
Məsələ ilə bağlı PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovla əlaqə saxladıq. Ancaq qurum rəsmisi Əsasnaməyə Əlavədə göstərilən bəzi bəndlərə dəyişiklik olduğunu dedi: “Bildiyiniz kimi, artıq iki mövsümdü COVID-19-la əlaqədar müfaviq qaydalar tətbiq olunur və biz də bunun əsasında yarışı Əsasnamə ilə yanaşı, yarışların Əsasnaməsinə edilən rəsmi Əlavə ilə keçiririk. Bəli, düz qeyd edirsiz ki, orda cəzalı və zədəli futbolçuların stadiona gəlişini qadağan edən bənd var. Bütün bunlar stadionda olan şəxslərin sayının azaldılması və mövcud karantin qaydalarında daha az adamla çox iş görmək üçün hesablanıb. Amma eyni zamanda həmin Əsasnamədə qeyd olunub ki, Əsasnaməyə Əlavədə qeyd olunan bütün məsələlərlə bağlı əlavələr oluna, dəyişiklər edilə bilər. Biz də belə qərara gəldik ki, zədəli və ya cəzalı futbolçu istənilən halda komanda ilə birgə testdən keçir. Yəni zədəli oyunçu fərdi məşqlərə cəlb olunur, cəzalı isə komanda ilə birgə hazırlıqda iştirak edir. Bu isə o deməkdi ki, onun testdən keçməsi labüd və vacibdi. Bir halda ki, futbolçu testdən keçir və başqaları üçün təhlükə yaratmır, onun gəlib zona 3-də, yəni “sky-box”da və ya tribunada oturmasında hansısa problem yoxdu. Buna görə də PFL tərəfindən bununla bağlı tənzimləmə həyata keçirildi. Təxminən iki ay öncə klublara bu məsəsələ ilə bağlı xəbərdarlıq olunub. Futbol kollektiv oyundu, eyni zamanda birlik, bərabərlik deməkdi. Bu, futbolçuların oynayıb-oynamamasından asılı olmayaraq, komandanın yanında olması və yoldaşına dəstək verməsi baxımından atılan addımdı”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.