Srağagün Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətiylə idman jurnalistləri arasında keçirilən onlayn şahmat turnirinin mükafatlandırma mərasimi olub. İsveçrə sistemi üzrə 7 turdan ibarət yarış gərgin mübarizə ilə yadda qalıb. Sonda 3 iştirakçı hərəyə 5,5 xal toplayıb. Əlavə göstəricilərə görə qol.az saytının əməkdaşı Aysel Adıgözəlli birinci, idman icmalçısı Səbuhi Səfiyarlı ikinci, mərhum qrossmeyster Vüqar Həşimovun bacısı, müstəqil idman jurnalisti, AİJA-nın üzvü Samirə Allahverdiyeva isə 3-cü yeri tutub. Baş sponsor Etopaz birinci yerə 500, ikinci yerə 300, üçüncü yerə 200 manat mükafat ayırıb.
Yarışda ikinci yer tutan Səbuhi Səfiyarlı pul mükafatını "Yaşat" fonduna köçürüb. Görəsən, bu qərarı yarışdan öncə verib? Onun belə addım atmasına səbəb nə olub? Suallarımızı tanınınmış menecerə ünvanladıq: “İndiyə kimi jurnalistlər arasında keçirilən heç bir turnirdə iştirak etməmişdim. Həmin vaxtlar klubda fəaliyyət göstərirdim. Düzdü, media nümayəndələrinin çoxu ilə əlaqələrimiz var, dostluq edirik. Mən 20 ildi mətbuatda çalışmıram. Bu səbəbdən də turnirə qatılmaq istəmirdim. Amma bu dəfə təşkilatçılar bildirdilər ki, artıq klubdakı fəaliyyətini bitirmisən, telekanallarda ekspert kimi çıxış edirsən. Bu səbəbdən də turnirdə iştirak təklifinin qəbul etdim. Yenə deyirəm, yarışda iştirak etməyi düşünmürdüm. Sonradan bəlli oldu ki, qaliblərə pul mükafatı veriləcək. Həmin an təşkilatçılara “qalib gəlsəm, bundan imtina edəcəm” dedim. Düşündüm ki, bu, düzgün qəbul olunmaz. Sonra da qərar verdim ki, hansısa yardım qurumuna bağışlayaram. Biləndə ki, sponsor şirkətin “Yaşat” fondu ilə əməkdaşlığı var, sevindim. Təşkilatçılardan pulun birbaşa həmin fonda köçürülməsini istədim. Çox sağ olsunlar, xahişimi yerə salmadılar. Həm təşkilatçılara, həm də sponsor şirkətə təşəkkürümü bildirirəm”.
İLKİN SULTANLI