Sizin reklam burada

“Xəmsə” "Kəpəz"in elitaya say düzəltmək üçün gətirilməsini istəmir

Title
Müşfiq Məmmədov: “Futbolçular vicdanları imkan verdiyi qədər oynayırlar”
Birinci divizionda çıxış edən “Kəpəz”in nəticələri heç də yaxşı deyil. Gəncəlilər son oyunda doğma meydanda “Qarabağ-2” ilə qolsuz heç-heçə etdi. Ümumiyyətlə, “sarı-göylər” ikinci dövrədən sonra qənaətbəxş nəticələr əldə edə bilmir. Bu səbəbdən də azarkeşlər baş məşqçi Yaşar Vahabzadəni və onun köməkçilərini günahlandırır.
Lakin problemin başqa yöndə olduğunu düşünənlər də var. “Xəmsə” Azad Azarkeş qrupunun idarə heyətinin üzvü Müşfiq Məmmədov onlardan biridi. “Kəpəz”in tanınmış fanatı “Futbol+”ə müraciət edərək, komandanın hazırkı durumu haqda danışmaq istədiyini bildirdi. O, fanklub olaraq, Gəncə təmsilçisinin premyer-liqaya say düzəltmək üçün gətirilməsinin əleyhinə olduqlarını dilə gətirdi: "Qış fasiləsindən sonra "Kəpəz"in nəticələri göz qabağındadı. Əlbəttə, bu, heç bir azarkeşi qane edə bilməz. Komandanın premyer-liqaya gəlməsi ehtimalı artdıqca, oyun keyfiyyəti gündən-günə pisləşir. “Kəpəz” peşəkarlıqdan çox uzaqda qalıb. Bu problemin səbəbini təkcə baş məşqçidə görmürük. Məsələnin kökü başqadı. Fanklub olaraq, ümumiyyətlə, "Kəpəz"in premyer-liqaya say düzəltmək üçün gəlməsinin də tərəfdarı deyilik. Bir dəfə - 2015-18-ci illərdə bunun nəticəsini gördük, acısını yaşadıq. 3 il ərzində komandanı oyuncaq etdilər, arada yanan da azarkeşlər oldu. “Kəpəz”də peşəkar idarəetmə və yaxşı maliyyə dayağı olmayacağı təqdirdə, Yaşar Vahabzadənin yerinə Joze Mourinyo da gəlsə, xeyri yoxdu. Oyunçularla bağlı nəsə demək çətindi. Onlar birinci divizion səviyyəsindədi. Aralarından bir-iki nəfəri fərqləndirə bilərik. Bir məqam var ki, divizionda ən çox maaş alan oyunçular elə "Kəpəz"dədi. Futbolçular vicdanları imkan verdiyi qədər də oynayırlar. Sonda bir daha demək istəyirəm ki, bu dəfə komandanı premyer-liqaya gətirib, "Kəpəz" adı üzərində oyun qurmalarına imkan verməyəcəyik. Buna həm hazırkı rəhbərlik, həm də AFFA-dan göstəriş verənlər əmin olsunlar”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.