AFFA İntizam Komitəsinin iclası adəti üzrə çərşənbə axşamı yox, dünən keçirilən iclasında premyer-liqanın 25-ci, birinci divizionun 24-cü turunun və kubokun yarımfinalının cavab oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə edilib, müvafiq qərarlar verilib.
“Səbail” – “Qəbələ” oyununda Merab Qiqauri qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bölgə klubu 200 manat cərimələnib.
“Sumqayıt” – “Sabah” görüşündə 5 futbolçusu sarı vərəqə alan meydan sahibləri 800 manat ziyana düşüb. 85-ci dəqiqədə Camaləddin Xocaniyazov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb ki, futbolçu buna görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib.
Premyer-Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyunu ilə bağlı da qərar verilib. Meydan sahiblərinin rəsmi şəxsi Miloş Jevtic təhqiramiz hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 4000 manat cərimələnib.
Diviziona gəlincə, “Sumqayıt-2” – “Zaqatala” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalandırılan meydan sahibi klub 80 manat cərimələnib. “Gənclik şəhəri” təmsilçisini aqressiv hərəkətə görə birbaşa “qırmızı” alaraq meydandan kənarlaşdırılan Cavid Quliyev də ziyana salıb. Futbolçu 2 oyun cəzalanıbsa, klub 160 manat “tərləyəcək”. Eyni sanksiya ilə qonaqların futbolçusu Kənan Müslümov da üzləşib. “Zaqatala”nın digər oyunçusu Firuddin Mövsümov isə qarşılaşmadan sonra aqressiv hərəkətə görə birbaşa “qırmızı” alıb ki, ona 4 oyun, klubuna 320 manat cərimə tətbiq olunub. “Sumqayıt-2” görüş zamanı diktorun Əsasnamənin tələblərini yerinə yetirməməsinə görə 40 manat ziyana düşüb.
“Turan Tovuz” – “Neftçi-2” qarşılaşmasından öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasa qatılmayıb ki, bölgə təmsilçisi buna görə 40 manat cərimələnib. Qonaqlar isə sarı vərəqə alan 4 futbolçusu üzündən 80 manat “itirəcək”.
“Qaradağ Lökbatan” – “Sabah-2” görüşündə Cavid Nəcizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, meydan sahibləri 20 manat cərimələnib. “Sabah-2” isə qarşısında “sarı” görən 4 futbolçusuna görə 80 manat cərimələnib. Həmçinin oyun gec başladığından meydan sahibi klub 160 manat ziyana düşüb.
Divizionda 14-cü turdan təxirə salınan “Sabah-2” – “Keşlə-2” oyunundan öncə qonaqların nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyinə görə klub 80 manat “tərləyəcək”.
Ölkə kubokunun “Zirə” – “Keşlə” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalandırılan meydan sahibləri 800 manat cərimələnib. 88-ci dəqiqədə Lazar Corceviç aqressiv hərəkətə görə birbaşa “qırmızı” ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, “Zirə” 3200 manat ziyana düşüb. Sərtan Taşkın isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, meydan sahibləri 200 manat cərimə olunub. Baş məşqçi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa “qırmızı” ilə meydandan kənarlaşdırılandan sonra yenidən meydana daxil olduğundan 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib. Sadıqovun köməkçisi Eltun Yaqublu da texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana çıxmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanıb, kluba 8000 manat sanksiya tətbiq olunub. Stadiona qanunsuz daxil olanlara görə isə meydan sahibləri 800 manat ziyana düşüb. Matçdan sonra köməkçi hakimə (Pərvin Talıbov) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərilib ki, “Zirə” bu səbəbdən 4000 manat “tərləyəcək”. Nəhayət, Riçard Almeyda cəzalı olduğu halda meydana çıxdığına görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib. “Keşlə” isə “sarı” alan 5 futbolçusuna görə 800 manat ziyana düşüb.
Beləliklə, klublara ümumilikdə 29 min 500 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 162 min 630 manata çatıb.