İki futbolçu gözaltı edilib, biri yolüstədi
Premyer-liqada çempionluq uğrunda mübarizəni davam etdirən “Neftçi” rəhbərliyi indidən yeni mövsümün hazırlığına başlayıb. Paytaxt təmsilçisi heyəti gücləndirmək üçün çalışmalara start verib. Samir Abasovun rəhbərlik etdiyi komanda çempionatda çıxış edən iki futbolçunu gözaltı edib.
Redaksiyamıza daxil olan məlumata görə, təcrübəli mütəxəssis “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kollinin və “Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadənin xidmətində maraqlıdı. Flaqman rəsmiləri mövsümün bitməməsinə baxmayaraq, hər iki futbolçu ilə təmasa keçib. Mənbənin iddiasına görə, həm paraqvaylı yarımmüdafiəçi, həm də milli komandamızın üzvü ilə ilkin razılıq əldə olunub. Hər iki futbolçunun “Neftçi”yə keçidi real görünür. Çünki həm Meza Kollinin, həm də Xəlilzadənin yayda klubları ilə olan müqavilələrinin müddəti başa çatır. “Ağ-qaralar”ın rəhbərliyi bundan istifadə edərək onları transfer etmək istəyir. Meza Kolli ilə Xəlilzadəyə hazırkı klublarında aldıqları maaşdan daha artığını təklif edərək, onları razı salmaq niyyətindədilər.
Bundan başqa, “Neftçi” bir sıra futbolçuları ilə yolları ayıracaq. Bu mənada “radara düşən” ilk oyunçu Anton Krivotsyukdu. Millinin müdafiəçisi ilə yeni müqavilə bağlanmayacaq. Bunda Antonun özü də maraqlı deyil. Müdafiənin həm mərkəzində, həm də solunda çıxış edə bilən futbolçu karyerasını ölkə xaricində davam etdirmək istəyir. Krivotsyukun indidən təklifləri var. Əldə etdiyimiz məlumata görə, yığma üzvü ilə həm Ukrayna, həm də Türkiyə klubları yaxından maraqlanır. Krivotsyukun da flaqmandan ayrılması real görünür. Növbəti mövsümdən “limitə düşməyəcək” futbolçu komandadakı yerini itirməkdən qorxur. Bu mövsüm bır sıra səhvləri və intizamsız hərəkətləri ilə Samir Abasovun qəzəbinə tuş gələn Anton özünə daim heyətdə yer ala biləcəyi klub tapmaq niyyətindədi.
İLKİN SULTANLI