Sizin reklam burada

"Neftçi"də çempion olmaq şansım var”

Title
Honda premyer-liqada VAR sisteminin olmadığını bilmirmiş...
"Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayınlanan "Həmsöhbət" verilişinin qonağı olub. Yaponiyalı legioner öncə paytaxt klubuna keçidi haqda danışıb: "Pandemiyanın başlamasından sonra klub tapmaq çətin oldu. Özümə uyğun komanda tapa bilmirdim. Həmçinin bir neçə çempionatda “transfer pəncərəsi” bağlı olsa da, bəzilərində açıq idi. Bu variantlardan birini seçməliydim. Yaponiyaya qayıtmaq istəmirdim. Çünki gənc yaşlarımda orda 3 il oynamışam. Yeni çağırış gözləyirdim. "Neftçi"də çempion olmaq şansım var. Bu imkan məni həyəcanlandırır. Burda olduğuma görə xoşbəxtəm. Ağ-qara rənglərdən xoşum gəlir. Amma bu rənglərə könül verən klublarda oynamağım, sadəcə, təsadüfdü".
Hondanın premyer-liqanın səviyyəsi haqda fikirləri belə olub: “İndiyə qədər də geniş məlumatım yoxdu. Burda hələ ki üç oyun keçirmişəm. Çempionat yavaş-yavaş inkişaf edir. Əlbəttə, daha böyük çempionatlar var. Amma burda bir neçə gənc futbolçu inkişaf edir, futbolu sevənlər də çoxdu. Bu ab-hava və investisiyalar premyer-liqanın inkişaf etməsinə imkan verir. “Neftçi” Azərbaycanın ən böyük klublarından biridi. Bunu həmişə hiss edirəm, xüsusilə də meydanda. Biz hər oyunda topa nəzarət edirik, dominant tərəf oluruq. Eşitmişəm ki, “Qarabağ” 5-6 mövsümdü çempion olur. İndi bizim çempion olmaq şansımız var. Düzdü, bu asan deyil. Amma mən qalib olmaq istəyirəm. Çempion olsam, Toki Olimpiadasında iştirak edə bilərəm. Missiyam budu”.
Onun ölkəmizlə bağlı söylədikləri də maraqlıdı: “Azərbaycan haqda heç vaxt eşitməmişdim. Onu bilirdim ki, millinizlə yoldaşlıq oyununda üz-üzə gəlmişik. Yaddaşım yaxşı olmadığına görə 9 il öncə baş tutan görüş yadımda qalmayıb. Hətta qol vurduğum qarşılaşmaları belə xatırlamıram. Şəhər və burdakı mədəniyyət haqda da məlumatsız idim. Küləklər şəhəri barədə bilirdim. Bakı xoşuma gəlir. Burda hər şey mənim üçün yenidi. Yerli mədəniyyətə alışmaq lazımdı və bu məndə alınır”.
Keysuke şəxsi keyfiyyətləri haqda sualı da cavablayıb. Qeyd edib ki, əvvəlcə yaxşı insan və ata kimi tanınmaq istəyir: "Mən xüsusi şəxs deyiləm. Sadəcə, bir insanam. İstəyirəm ki, məni ilk növbədə yaxşı adam, ata, sonra futbolçu kimi tanısınlar. Ona görə də müasir futbol haqda bildiklərimi başqaları ilə paylaşmaq istəyirəm. Xüsusilə də biznes tərəfini. Düzdü, hazırda biznesi yox, yaxşı insan olmağı fikirləşirəm".
35 yaşlı yarımmüdafiəçinin hər qoluna bir saat taxması haqda izahı belə olub: "Saatlarımı evdə unutdum. Təəssüf ki, üstümdə deyil. Növbəti dəfə müsahibə verəndə mütləq hər iki saatımı gətirəcəm. Təbii ki, zarafat edirəm. Bu, mənim üslubumdu. Mən dəbi sevirəm. Saatlar çox xoşuma gəlir".
Yapon legioner müzakirələrə səbəb olan bir məsələyə də aydınlıq gətirib. Yadınızdadısa, Honda premyer-liqanın 22-ci turunun "Qəbələ"ylə 2:2 hesabıyla bitən səfər oyununda baş hakimdən VAR-a baxmağı tələb etmişdi. Əliyar Ağayev “Qəbələ”nin cərimə meydançasında “Neftçi”nin kapitanı Emin Mahmudova qarşı kobudluğa göz yumunca, yaponiyalı ulduz əl hərəkətləri ilə VAR-a işarə etmişdi. Bu məsələ sonradan sosial şəbəkələrdə səs-küyə səbəb oldu: "Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim. İstəyirdim ki, referi təkrara baxsın. Məncə, VAR lazımdı. Bu daha yaxşıdı. Çünki hakimlər çox səhv edir. Düzdü, onlar da insandı, səhv edə bilərlər. Amma sonradan səhvlərini düzəltmələri daha yaxşı olardı. Bu sistem hakimlərə öz üzərində işləməyə imkan verir".
“Zirə” ilə oyundan öncə MMA döyüşçüləri Tofiq Musayevlə Vüqar Kərimovla görüşü haqda isə belə deyib: “Onları tanıyırdım. İdmançılar Yaponiyada da məşhurdular. Onları gördüyümə görə şad oldum. Təşəkkür etdim ki, vaxt tapıb oyunumuza gəliblər”.
Yeri gəlmişkən, Keysuke premyer-liqada vurduğu ilk qol haqda da danışıb. Daha doğrusu, 35 yaşlı yarımmüdafiəçi "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bu haqda paylaşım edib. İkinci qolun müəllifi olan Honda "Just one goal, but one goal" (Yalnız bir qol, ancaq necə qol) tvitini atıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.