Sizin reklam burada

“Qarabağ” itirdi, “Zirə” qazandı

Title
100. Qarabağ (Ağdam) – Zirə 1:1 (1:1)
1. Şahruddin Məhəmmədəliyev – 4,5
(12. Emil Balayev, 22) – 5,5
44. Elvin Cəfərquliyev – 5,5
55. Bədavi Hüseynov – 5,5
81. Kevin Medina – 5,5
5. Maksim Medvedev (k) – 5,5
2. Qara Qarayev – 5,5
6. Patrik Andrade – 5,5
10. Abdulla Zubir – 6,0
27. Toral Bayramov – 5,5
7. Kvabena Ovusu – 5,0
(9. Xayme Romero, 68) – 5,0
11. Mahir Emreli – 5,5
Ehtiyat oyunçular
94. Ayhan Arazlı
30. Abbas Hüseynov
4. Rahil Məmmədov
8. Uroş Matiç
66. Cavid Bayramov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir

1. Mateus Albino – 5,0
32. Qismət Alıyev – 5,5
44. Dmitrios Çantakias – 5,5
(77. Cəlal Hüseynov, 77) –qiymətsiz
26. Nemanya Andelkoviç – 5,5
21. Hacıağa Hacılı – 5,5
4. Elvin Camalov – 5,5
30. Riçard Almeyda – 5,5
10. Ağabala Ramazanov (k) – 5,5
(8. İlkin Muradov, 64) – 5,0
11. Klesio Bauk – 5,5
14. Fakundo Melivilo – 6,0
(17. Rodriqo Bonqonqui, 53) – 5,0
9. Davit Volkov – 5,5
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
12. Lazar Corceviç
7. Tural Bayramlı
20. Əli Şirinov
29. Musa Qurbanlı
27. Tamerlan Burcəliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Fakundo Melivilo
Qollar: F.Melivilo, 16 (0:1, A.Ramazanov). A.Zubir, 18 (1:1, M.Emreli).
Vərəqələr: T.Bayramov, 12 (qeyri-idman hərəkəti). K.Medina, 82 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
4 may. Bakı. Azərsun Arena. Tamaşaçısız.
Birinci hissəyə 3, ikinci hissəyə 7 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Hər iki komanda üçün vacib olan qarşılaşmaya “Zirə” daha istəkli başladı. “Qartallar” 6-cı dəqiqədə Ağdam təmsilçisinin qapısı qarşısında təhlükəli vəziyyət yaratdı. Sol cinahda topu ələ keçirən Ağabala Riçardla “divar paslaşması”ndan sonra zərbə vurdu. Lakin Şahruddin bu topun qarşısını almaqda çətinlik çəkmədi. “Qarabağ”ın cavabı daha təhlükəli alındı. Mahir 3 rəqibini aldadaraq Albino ilə üzbəüz qaldı. Hücumçunun zərbəsinin qarşısını qolkiper aldı. 16-cı dəqiqədə isə “Zirə” hesabı açdı. Ağabala bir rəqibini aldadaraq Fakundoya möhtəşəm ötürmə etdi. Argentinalı forvard dəqiq zərbə ilə ciddi ehtiyac olmadan irəli çıxan Şahruddini məyus etdi. Hesab açılandan dərhal sonra “Qarabağ” cavab qolunu vurdu. 18-ci dəqiqədə Mahirin ötürməsindən sonra rəqibin müdafiəsini çaş-baş salan Zubir Albinonu məyus etdi. İlk hissənin sonlarına kimi maraqlı nəsə yaşanmadı. Sadəcə, “Zirə” hesabı açarkən zədələnən Şahruddin Emillə əvəzləndi. Hissənin sonlarına yaxın isə Maksimin uzaqdan zərbəsini Albino çətinliklə dəf etdi.
Fasilədən sonra ağdamlılar oyuna tam nəzarət edirdi. “Köhlən atlar” “Zirə”nin müdafiəçilərinə daim problem yaradırdı. Lakin Qurban Qurbanovun yetirmələrinin son zərbələri dəqiq olmurdu. 62-ci dəqiqədə Andradenin uzaqdan zərbəsini Albino çətinliklə dəf etdi. Epizodun davamında Mahir və Ovusu əlverişli vəziyyətdə bir-birinə mane oldu. Komandasının qol vura bilmədiyini görən Qurbanov Kvabenanı Xayme ilə əvəzlədi. İspaniyalı meydana çıxandan sonra hücumların kəsəri daha da artdı. 73-cü dəqiqədə Romeronun uzaqdan zərbəsi zamanı Albino yenə yerində idi. Bir qədər sonra Zubir sağ cinahda reyd edərək qapı qarşısına ötürmə etdi. Mahir topa toxunsa da, “Zirə”nin qolkiperi səhvsiz oynadı. 81-ci dəqiqədə Zubir, Mahir, Elvin “üçlüy”ü rəqibin qapısı önündə paslaşaraq müdafiəni yardılar. Sonuncunun zərbəsindən sonra Albino möhtəşəm seyv edərək qola mane oldu. Epizodun davamında künc zərbəsindən ötürülən topu Mahir başla qapıya göndərsə də, referi qayda pozuntusu mülahizəsi ilə qolu qeydə almadı. “Qarabağ”ın futbolçuları etiraz etsə də, Rəşad Əhmədov qərarından dönmədi. Nəhayət, 6-cı uzatma dəqiqəsində Xaymenin təxminən 30 metrdən zərbəsindən sonra top qapıdan aralı keçdi. Beləliklə, “Zirə” səfərdə qızıla bərabər 1 xal qazandısa, “Qarabağ” çempionluq mübarizəsində vacib 2 xal itirdi.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Rəşad Sadıqov mövsüm ərzində ilk dəfə kostyum geymişdi.
* Şahruddin Məhəmmədəliyev zədələnib meydanı tərk edərkən Sadıqov Nemanya Andelkoviçə bəzi tapşırıqlar verirdi. Həmin an Andrade onların söhbətinə qulaq asırdı. Bu da “Zirə”nin baş məşqçisinin narazılığına səbəb oldu. Gənc mütəxəssis yarımmüdafiəçiyə əlindəki kitabçanı uzadıb uca səslə “belə olmur da! Götür, konkret bax da”, - deyə etiraz etdi. Bundan sonra ağdamlıların kapitanı Maksim Medvedev Andradeyə yaxınlaşıb, onu “Zirə”nin ehtiyat oyunçular skamyasının önündən uzaqlaşdırdı.
* 27-ci dəqiqədə Qismət Alıyev Toral Bayramova qarşı qaydanı pozdu. Bu zaman tribunadan oyunu izləyən Ozobiç “hakim, sarı vərəqə”, - deyə səsləndi.
* Rəşad Sadıqov mətbuat konfransında fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarına cavab verməyəcəyini bildirib, üzrxahlıq etdi.

Reaksiyalar
Rəşad Sadıqov: "Uşaqları bağrıma basıram. Sonadək əzmkarlıq göstərdilər. Bəzi futbolçularım ayaqüstə güclə dayanırdılar. 3-4 gün əvvəl 120 dəqiqə kubok matçı oynamışıq. Bu gün fiziki cəhətdən ciddi problemlərin olacağı bəlli idi. Oyunçular sonadək təslim olmadı. "Qarabağ" bizdən daha yaxşı oynayırdı. Futbolçularımız başları yuxarı sonadək mübarizə apardı. Çempionluğa oynayan komandaya məğlub olmadıq. Ağır dönəmdən keçirik. Futbolçuların hadisələrə reaksiyası məni qürurlandırır. 3 oyunumuz qalıb. Sonadək mübarizə aparmağa çalışacağıq".
Qurban Qurbanov: "Deyiləcək çox söz yoxdu. Son neçə oyundu ki, qol vurmaqda çətinlik çəkirik. Amma yaradıcılıqdan çox razıyam. Futbolçular qrafikə görə də əziyyət çəkir. Futbolçularımı göstərdikləri oyuna görə təbrik edirəm, Rəşad Sadıqova uğurlar arzulayıram. Mahir Emrelinin komandadakı taleyi və transfer xəbərləri barədə klub tərəfindən açıqlama verilib. O, mayda azad agent olacaq. Kluba təklif gəlməsinə ehtiyac da yoxdu. Bütün danışıqları özü və meneceri aparır. Bir neçə təklifi var. Bu gün də Mahirlə söhbətimiz oldu. Heç bir komanda ilə masa arxasına oturmayıb. Çempionat bitəndən sonra yaxınları ilə məsləhət edəcək. Ola bilər, mənimlə də danışsın. Hansı daha uyğun olacaqsa, razılığa gələ bilər. Bizim klubun da ona təklifi olmuşdu. Özünün istəyi Avropaya çıxmaqdı. Mən də baş məşqçi olaraq sevinərəm ki, azərbaycanlı futbolçu yaxşı komandaya getsin və oynasın. Mövsümün sonunda yenə təklifimizi edəcəyik. Razılaşsa, qalacaq, razılaşmasa, yolu açıq olsun. Hakimlər qərarları düzgün verirlər. Hansısa fikir bildirmək düzgün olmaz. Biz fikir bildirəndə onlara etirazlar daha çox olur. Sadəcə, Toral Bayramova verilən sarı vərəqəyə görə etiraz etdim. Hansısa komanda bütün çempionat boyunca eyni tempdə çıxış edə bilmir. Bu il bizim üçün çətin dövr olub. Çox futbolçumuz zədələnib. Avrokuboklarda və millinin oyunlarında problemlər oldu. Həddən artıq çox düşünmədiyimiz zədələr yarandı. Amma ayaqüstə durmağa çalışacağıq. Gənclərə də şans veririk. Belə çox oyuna çıxmaq onlara təkandı. Ola bilər, bu il nəsə itirək. Amma cavanlar Azərbaycan futboluna fayda verəcək. Məndə hansısa hegemonluq düşüncəsi olmayıb. Həmişə işimə məsuliyyətlə yanaşmışam. İnsan ilboyu sağlam ola bilməz. Sənin naxoş olduğun vaxt da olacaq. Futbol da elədi ki, illərboyu dediyimiz hegemonluğu saxlamaq olmur. İngiltərədə "Lester"in çempion olduğu dönəmi xatırlayaq. Bəzi güclü klubların mübarizəsində qızıl medal qazandılar. Biz hər turnirə maksimum məsuliyyətlə çıxırıq. Komandanı bizə həvalə ediblərsə, əlimizdə 9-10 futbolçu qalsa da, sonadək mübarizə aparacağıq. Emil Balayev Şahruddin Məhəmmədəliyevdən zəif qapıçı deyil. Hər dəfə dəyişiklik etmək uğurlu olmur. Balayevə də ümidimiz böyükdü. Komandaya tam uyğunlaşıb. Hər uğurumuzu Qarabağda qeyd etməyə hazıram. Sadəcə, ora getmək hazırda çox asan deyil və işlər gedir. Bütün torpaqlar tam bərpa olunandan sonra komanda olaraq ora gedərik və qələbələri qeyd edərik”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.