"Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib. 27 yaşlı qolkiper "Zirə"yə qarşı premyer-liqanın 25-ci turunun oyununda xəsarət alıb. Rəqib hesabı açarkən Elvin Cəfərquluyevlə toqquşaraq zədələnən Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib. Onu 22-ci dəqiqədə Emil Balayev əvəzləyib. Artıq qapıçının durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin sözlərinə görə, onun sağ qolunda sınıq aşkarlanıb. Bu səbəbdən də mövsümün qalan hissəsində meydana çıxmayacağı dəqiqləşib.
“Qarabağ” hazırda premyer-liqada “Neftçi” ilə çempionluq mübarizəsi aparır. Sona 3 tur qalsa da, komandalar arasında 1 xal fərq var. Lider özəlliklərinə malik Şahruddinin yoxluğu bu yarışda ağdamlılara təsir edəcəkmi? “Qarabağ” qolkiperin yoxluğunu hiss edəcəkmi? Suallarımızı futbol icmalçısı Səbuhi Səfiyarlıya ünvanladıq: “Hansısa şəkildə təsir edəcək. Amma bunun faiz göstəricisi çox az olacaq. Çünki Emil Balayev də pis qapıçı deyil. Oynadığı matçlardakı performası da bunu deməyə əsas verir. Hətta Emil şans qazanıb, daha çox oynasa, forma yığsa, “Qarabağ”a çox xeyri dəyə bilər. Balayev millinin əsas qapıçısı olanda, ölkə xaricində çıxış edəndə görürdük ki, Şahruddindən daha inamlıdı. Düzdü, indi çoxdandı oynamır, praktikası yoxdu. Lakin qalan 3 qarşılaşmanı yola verə biləcək. “Qarabağ” çempion olmasa belə, bunun səbəbi Şahruddinin yoxluğu olmayacaq. Filip Ozobiçin kənarda qalması buna daha çox şərait yarada bilər, nəinki Şahruddinin”.
İLKİN SULTANLI