Sizin reklam burada

İnadkar “CBC Sport”

Title
Mayın 8-də İspaniya La Liqasının 35-ci turu çərçivəsində vacib qarşılaşma keçiriləcək. Saat 18.15-də start fiti səslənəcək oyunda “Barselona” “Atletiko”nu qəbul edəcək. İspaniya çempionatıyla yaxından maraqlanan, “Real”a, “Barselona”ya, yaxud da Madrid “Atletiko”suna könül verən azarkeşlər yaxşı bilirlər ki, bu görüş mövsümün ən əsas oyunlarından biridi. 34 matçdan sonra “Atletiko”nun 76 xalı var. Madrid təmsilçisi ən yaxın izləyiciləri “Real” və “Barselona”nı 2 xal qabaqlayır. Mövsümün bitməsinə isə 4 tur qalır. Bu qarşılaşma İspaniya çempionatının qızıl medallarının taleyi baxımından xeyli əhəmiyyətlidi. Dieqo Simeonenin çalışdırdığı “Atletiko” “Nou Kamp”da uduzmasa, qızıl medallara qovuşmaq yolunda əhəmiyyətli addım atacaq. “Barselona” bu görüşdə uduzsa, demək olar ki, çempionluqla azı bu mövsüm vidalaşmalı olacaq. Bir sözlə, xeyli gərgin və nəticəsi maraqla gözlənilən oyundu.
Həmin qarşılaşma ilə təxminən eyni saatda, daha dəqiq desək, 15 dəqiqə əvvəl Azərbaycan premyer-liqasının 26-cı turu başlayır. Açılış oyununda “Keşlə” “Sumqayıt”ı qəbul edir. Ölkə kubokunun finalçılarının qarşılaşmasını “Barselona” – “Atletiko” görüşüylə müqayisə etmək mümkünsüzdü. Bir tərəfdə Avropanın nəhənglərinin qızıl medal savaşı, digər yanda heç Azərbaycanın özündə belə düz-əməlli azarkeşi olmayan, nəzarəti AFFA-da olan “Keşlə” ilə “Sumqayıt”. Sözsüz, baxımlılıq və gərginlik, marka dəyəri tam İspaniya La Liqasının qarşılaşmasının xeyrinədi. Amma bir məsələ də var ki, tərəzinin gözündə olan bizimdi. Hər nə qədər bəyənməsək də, Azərbaycan premyer-liqasının qarşılaşmasıdı. Bir azərbaycanlı kimi borcumuz odu ki, ölkə çempionatının görüşlərinə diqqət ayıraq. El dili ilə desək, öz çempionatımızın ətini yesək də, sümüyünü çölə ata, onu ispanların ayağına verə bilmərik. Bu iki görüşün təxminən eyni vaxtda başlaması həm İspaniya La Liqasının, həm də Azərbaycan premyer-liqasının yayın hüququna sahib olan “CBC Sport” telekanalını seçim qarşısında qoyub. Sevindirici haldı ki, bu dəfə telekanal doğru qərar qəbul edib və seçimini “Keşlə” – “Sumqayıt” matçından, yəni Azərbaycan premyer-liqasından yana edib.
Bu cəsarətli seçimə görə həm Azərbaycan futbolunun azarkeşi, həm də idman yazarı kimi başda telekanalın rəhbəri Volkan Üst cənabları olmaqla “CBC Sport”un bütün kollektivinə minnətdaram. Bir neçə dəfə oxşar hallarda “CBC Sport” cəsarətsiz davranıb, üstünlüyü xarici çempionatların oyunlarına verib. Hətta onu da eşitmişəm ki, birvaxtlar PFL-ə ən üst səviyyədə qətiyyətli tapşırıq verilib ki, istirahət günləri Azərbaycan çempionatının oyunları erkən saatlarda başlasın və Avropanın aparıcı liqalarındakı qarşılaşmalarla üst-üstə düşməsin. Belədə “CBS Sport” da İspaniya və İtaliya çempionatları ilə Azərbaycan premyer-liqası arasında seçim etməyə məcbur qalmasın. Heç şübhə etmirəm ki, indiki halda seçim imkanı olsaydı, PFL-ə “Keşlə” – “Sumayıt” görüşünün saatının, yaxud da gününün dəyişdirilməsiylə bağlı ismarıc göndərilərdi. Amma indi mövsümün sonudu. Həm də kubokun yarımfinal və final görüşlərini qısa müddətdə təşkil etmək (yaxud da yola vermək) lazımdı. Belədə komandaları daha sıx qrafiklə oynamağa məcbur etməmək üçün manevr etməyə imkan qalmır. Ona görə də “Keşlə” – “Sumqayıt” görüşünü “Barselona” – “Atletiko” qarşılaşmasıyla eyni gündə və təxminən eyni saatda keçirməkdən başqa yol qalmır.
“CBC Sport” bu seçimiylə bağlı özünün “feysbuk” səhifəsində paylaşım edib. Həmin paylaşımın altında yazılan rəylərin böyük əksəriyyəti narazılıq, şikayət doludu. Düzdü, İspaniya futbolunun azarkeşləri də nəzərə alınıb, “Barselona” – “Atletiko” qarşılaşmasına telekanalın rəsmi saytı vasitəsiylə baxmaq mümkün olacaq. Amma bu imkan belə azarkeşlərin könlünü almaq, onları razı salmaq üçün yetərli deyil. Birincisi, ona görə ki, heç də hamının evində yüksək sürətli internet yoxdu. İkincisi, internetdən futbola baxmaqla adi yayınla televizordan həmin görüşü izləmək eyni dərəcədə zövqlü deyil. Bunu da hamı bilir. Ona görə də paylaşımın altından rəy yazanlar əsasən telekanalı tənqid edənlər, onun seçimini qınayanlardı. Əlbəttə, həmin azarkeşləri də başa düşmək lazımdı. Məsələn, həmin saatda “Keşlə” ilə “Sumqayıt” yox, “Qarabağ”la “Neftçi” qarşılaşsaydı və “CBC Sport” üstünlüyü Azərbaycan premyer-liqasının oyununa versəydi, telekanalı bu qədər qınayan olmayacaqdı. Çünki Azərbaycanda az-çox bu iki komanda sevilir, onların görüşü maraq doğurur. İndiki halda isə nə “Keşlə”, nə də “Sumqayıt” azarkeşlərinin sayı o səviyyədə deyil ki, həmin azarkeşlərin zövqünü oxşayıb, özünə təskinlik verəsən. Azərbaycanlı futbolsevərlərin öz çempionatımızdan daha çox İtaliya, İspaniya, Almaniya və ya Türkiyənin birinciliklərinə maraq göstərməsi, əcnəbi klubların oyunlarına baxmağa can atması isə ağrılı problemdi. Bu problemin kökü dərindədi və bir günə onu həll etmək mümkün deyil. Ona görə də nə “CBC Sport”u qınaya bilərik, nə azarkeşləri, nə də klublarımızı. Hələlik göstərdiyi inadkarlığa görə “CBC Sport”a minnətdarlıq edib, “Keşlə” – “Sumqayıt” qarşılaşmasının start fitinin səslənməsini gözləyək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.