Sizin reklam burada

“Neftçi” “Keşlə”ni darmadağın etdi

Title
98. Keşlə - Neftçi (Bakı) 0:3 (0:1)
1. Stanislav Namaşko – 4,0
19. Azər Salahlı – 4,0
3. Tərlan Quliyev (k) – 4,0
4. Şəhriyar Əliyev – 4,0
8. Tural Axundov – 4,0
25. Con Kamara – 3,5
14. Turan Vəlizadə - 3,5
11. Silvio Rodriges – 3,5
(17. Vüsal İsgəndərli, 46) – 4,0
7. Rəhman Hacıyev – 4,5
(91. Sadio Tounkara, 63) – 4,0
23. Nicat Qurbanov – 3,5
(79. Bahadur Həziyev, 88) – qiymətsiz
9. Anatole Abanq – 3,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
20. Rail Məlikov
21. Miyusko Boyoviç
22. Elçin Mustafayev
71. Emin Quliyev
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev
30. Aqil Məmmədov – 5,5
5. Anton Krivotsyuk – 5,5
6. Voislav Stankoviç – 5,5
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov – 5,5
36. Mamadu Kane – 6,0
8. Emin Mahmudov (k) – 6,5
24. Yusuf Laval – 6,0
4. Keysuke Honda – 6,0
(17. Bruno Teluşi, 77) – qiymətsiz
7. Namik Ələskərov – 5,5
(19. Fəhmin Muradbəyli, 80) – qiymətsiz
22. Mirabdulla Abbasov – 6,0
(9. Əhməd Əhmədov, 67) – 5,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
28. Stiven Jozef-Monroz
91. Tallison Dias
49. Rener Alves
20. Mərt Çelik
Məşqçi: Vəfadar Quliyev
Komandanın ən yaxşısı: Emin Mahmudov
Qollar: M.Abbasov, 38 (0:1). K.Honda, 74 (0:2, Ə.Əhmədov). E.Mahmudov, 90+2 (0:3).
Vərəqələr: T.Quliyev, 50 (qeyri-idman hərəkəti). N.Qurbanov, 59 (qeyri-idman hərəkəti). M.Kane, 59 (qeyri-idman hərəkəti). T.Vəlizadə, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
3 may. Bakı. ASK Arena. Tamaşaçısız
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
25-ci turun açılış matçında qızıl medallara əsas namizədlərdən “Neftçi” qitəmiqyaslı yarışlara çempionat vasitəsi ilə yüksəlmək şansını itirən, bundan 3 gün öncə ölkə kubokunun yarımfinalında səfərdə “Zirə”ni devirmək üçün 120 dəqiqə tər tökən “Keşlə”nin qonağı idi. Matçda intriqanı artıran daha bir məqam “ağ-qaralar”ın ötən tur səfərdə “Sabah”la oyunda 2 xal itirməsi idi ki, daha bir büdrəmə onların çempionluq şanslarının üstündən xətt çəkə bilərdi. Heyətlərə gəlincə, Sənan Qurbanov Vüsal İsgəndərliylə Sadio Tounkaranı ehtiyatda saxlamışdı. “Zirə” ilə oyunun qəhrəmanı Sezar Meza Kolli isə cəza səbəbindən matçı buraxırdı. Qonaqlar isə sarı vərəqə limitini aşan Sabir Buqrinin xidmətindən məhrum idi.
Oyun heç də yüksək tempdə başlamadı. İlk 15 dəqiqədə tərəflər kəşfiyyatla məşğul idi. Ancaq mövsüm ərzində 4-cü dəfə üz-üzə gələn rəqiblər bir-birini nə ilə təəccübləndirə bilər ki, hələ bir kəşfiyyata da vaxt itirsinlər?! Hadisələrin belə axarı bəlkə də “Keşlə”nin xeyrinə idi. Çünki dəqiqələr ötdükcə flaqman daha böyük qüvvəylə irəliyə atılmağa məhkum idilər - turnir cədvəli buna vadar edirdi. Təbii ki, bunu ölkənin ən qocaman klubunun futbolçuları da gözəl anlayırdı. Tədricən oyunu meydanın rəqibə aid hissəsinə keçirməyi bacaran Samir Abasovun yetirmələrinin oyununda Buqrinin yoxluğu kreativliyi nəzərəçarpan dərəcədə azaldırdı. Buna baxmayaraq, qonaqlar ilk yarıda bir neçə dəfə Namaşkonu narahat etməyi bacardı. İlk belə epizod Lavalın sevimli sol cinahında Tural Axundovdan sıyrılaraq hava ötürməsi etməsindən sonra gəldi. Emin Mahmudovun “qaranquş” uçuşu ilə baş zərbəsi cəhdi bəlkə də qolla nəticələnəcəkdi, lakin kapitan topa yarım saniyə gecikdi. Bir qədər sonra “Neftçi”nin “8 nömrə”si moldovalı qolkiperi yoxlamaq üçün daha bir şans əldə etdi: Hondanın cərimə meydançasında ötürdüyü topa qapıçı meydançası daxilindən qüvvətli zərbə endirdi. Lakin Namaşko inanılmaz reaksiya ilə hesabın açılmasına imkan vermədi. Düşünmək olardı ki, fasiləyədək tərəflərdən heç biri rəqib qapısının torunu silkələyə bilməyəcək. Lakin 38-ci dəqiqədə künc zərbəsindən sonra topa sıçrayan Mirabdulla Abbasovun baş zərbəsi “Keslə”nin fasiləyə “sülh”lə yollanmaq planını alt-üst etdi. Epizodu şərh edərkən onu da qeyd edək ki, top yolüstü Tərlan Quliyevin başına deyərək istiqamətini bir qədər dəyişdi.
Turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, heç kim məğlub olmaq istəmir. Elə bu səbəbdəndi ki, fasilədə Rodriges əvəzləndi. İsgəndərlini döyüşə atan Qurbanov tezliklə bunun bəhrəsini görə bilərdi. Krivotsyuku uşaq kimi keçən Vüsal Aqillə təkbətəkə yollandı. Amma ən böyük problemi - düşünmə qabiliyyətinin aşağı olması - cinah yarımmüdafiəçisinin fərqlənməsinə mane oldu. Qapıçı ilə məsafəni qısaltmaq əvəzinə, o, yaxınlaşmadan zərbə endirmək qərarını verdi. Texnikaya yox, gücə hesablanan zərbəni dəf etmək Aqil üçün problem yaratmadı. Bu epizodda Vüsal rəqib qapısının torunu silkələməyi bacarsaydı, “Keşlə” nəinki 1, hətta 3 xal da əldə edə bilərdi. Axı belədə nominal qonaqlar istər-istəməz böyük quvvəylə irəli atılacaqdı və onları əks-hücumda yaxalamaq şansı artacaqdı. Hətta qol buraxmadan belə səhvlərdən nəticə çıxarmaq mümkündü. Elə “Neftçi” də ötən axşam bunu əyani nümayiş etdirdi. Meydan sahiblərinin təşəbbüsü ələ keçirmək istəyini “bələkdə boğan” Abasovun komandası böyük güc sərf etmədən tempi öldürməyi və bunun nəticəsində oyunu mərkəz dairəsi yaxınlığında keçirməyi bacardı. “Keşlə”nin “ağırlığını” kubokdakı 120 dəqiqəlik mübarizə ilə əlaqələndirmək olarsa, “ağ-qaralar”ın belə aşağı sürətli futbol oynaması anlaşılan deyil. Dəqiqələr ötür, ancaq “Keşlə”nin istəyi meydandakı futbolla düz mütənasiblik təşkil etmirdi. Yəqin bu səbəbdəndi ki, Sənan Qurbanov hissənin ortalarında Tounkaraya şans tanıdı. Bundan bir qədər sonra qonaqlar da əvəzetməyə əl atdı: yorğun Mirabdullanı Əhməd Əhmədov əvəzlədi. Yeri gəlmişkən, nəhayət, bolqarıstanlı forvard da “ağ-qaralar”a bir fayda verdi. Meydana çıxandan cəmi 7 dəqiqə sonra məhz onun ötürməsindən sonra Honda Azərbaycanda rəsmi qol hesabını açdı. Qola səbəb olan epizodu xırdaladıqda iki səhvi qeyd etməliyik. Əvvəlcə rəqib cərimə meydançasında topu sinəsiylə qəbul edən Abanq hücumun kəsərini artırmaq əvəzinə, “mərmi”ni az qala 20 metr arxaya ötürdü. Topu qəbul edən Tural Axundovun Keysukeni aldatmaq cəhdi yekunda yerə yıxılması ilə nəticələndi ki, yaponiyalı pleymeker onu Əhmədə ötürdü. Əhmədovun irəliləmək və vizavisindən sıyrılmaq əvəzinə hücumu ləngitməsinə, Hondaya heç də ideal ötürmə verə bilməməsinə rəğmən, “Neftçi”nin son transferi topu ideal toxunuşla uzaq, Namaşko üçün əlçatmaz küncə göndərdi - 0:2. Artıq matçın taleyi həll olmuşdu. Ancaq son nöqtəni görüşün gizli qəhrəmanı Emin Mahmudov qoydu. Oyunu ideal idarə edən Əliyar Ağayevin qeydə aldığı qayda pozuntusu təhlükədən xəbər vermirdi: zərbə üçün həm məsafə uyğun deyildi, həm də iti bucaq altında idi. Lakin kapitan fantastik gözəllikdə zərbəylə adını tabloya yazdırdı. “Neftçi” azarkesləri rahat yata bilər. Ən azı “Qarabağ" - “Zirə” matcına qədər onların sevimli komandası liderliyi ələ keçirdi.
RƏŞAD

Reaksiyalar
Vəfadar Quliyev: “Çətin oyun olacağını bilirdik. Həm meydan amili, həm də Ramazan ayında oruc tutan futbolçularımız olduğuna görə çətinlik var idi. Çalışdıq, vacib qələbə qazandıq. Əsas 3 xal idi. Qarşıdakı oyuna hazırlaşacağıq. Yusuf Laval etimadı doğruldur, meydanda ən yaxşılardan biridi. Bu üzdən Stiven Jozef-Monroz ehtiyatda qalır. Ancaq bu o demək deyil ki, Stiven oynamayacaq. Ona da güvənirik”.
Sənan Qurbanov: “Sıx qrafiklə oynayırıq. Oyunçu dəyişmək şansımız da azdı. Bu da özünü meydanda göstərdi. 120 dqiqəlik kubok matçından sonra bərpa olunmağa çalışdıq. Vaxt çox az idi. Rəqibin də usta fubolçuları sözünü dedi. Futbolçular meydanda əziyyət çəkdi. Belə hesabla uduzmağımız bizi üzür. Oyunu təhlil edəcəyik. Müdafiə və hücumdakı səhvləri aradan qaldırmağa çalışacağıq. Qol fürsətlərimiz oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib imkanlardan yararlandı, biz isə yox. Futbolçular sıx qrafiklə oynayır. Silvio Rodrigesin əvəzlənəndən sonra birbaşa otelə yollanmağına gəlincə, orda bərpa üçün buz vannamız var. Əvəzlənən oyunçu ora getməliydi. Çalışırıq oyunçular tez bərpa olunsun. Bu, bizim tapşırığımız idi. Əsəbləşmək futbolun bir hissəsidi. Köməkçilərim mənim üçün çox dəyərlidilər. Kimə dediyim yadımda deyil. Əl-ələ verib çalışırıq. Hirsli vaxtımızda da bir-birimizin yanındayıq. Anatole Abanq forvarddı və qol vurmalıdı. Meydanda çox iş görür, ancaq son nöqtəni qoya bilmir. Biz də onun yerinə üzülürük. Hücumçu gərək qol vursun. Bu, pozitivlik üçün vacibdi. Təəssüf ki, bu gün də fərqlənə bilmədi. Sadio Tounkaranın meydana çıxması planda yox idi. Sadəcə, oyun istədiyimiz kimi getmədiyi üçün belə addım atdıq. Onu məcburən meydana buraxdıq. O da çox yorğundu. “Neftçi”ni təhlil etmişdik. Orta xətt oyunçularımıza çox yük düşməliydi. Təəssüf ki, istəmədiyimiz boşluqlar buraxdıq. Buna əsəbləşmişdik. Bəzən hər şey planlaşdırdığın kimi olmur. Bu səhvlərin komandanın gələcək oyunlarına mənfi təsir etməməsinə çalışacağıq. Pozitivliyimizi qoruyuruq”.

Gözdən qaçmadı
* Samir Abasov cəzalı olduğuyndan oyunu ehtiyat oyunçular skamyasının üstündəki tribunadan izləyirdi. O burda da sakit dayanmır, futbolçularına göstərişlər verirdi.
* Matçın sonuna dəqiqələr qalmış Sənan Qurbanov köməkçisi Azər Bağırova əsəbləşdi: “otur yerində, ortadan oyunçu çıxarır”.
* Fasilədə əvəzlənən Silvio Rodriges narazı halda birbaşa komandanın qaldığı bazaya yollandı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.