Sizin reklam burada

“Səbail” sonuncu yerdən qurtuldu

Title
97. Səbail – Qəbələ 1:0 (0:0)
96. Nikolas Hagen – 5,5
3. Turan Manafov – 5,5
34. Urfan Abbasov – 5,5
4. Ali Sisey – 5,5
28. Məqsəd İsayev – 5,5
14. Rahid Əmirquliyev (k) – 5,5
23. Milovan Petrovik – 5,5
22. Əfran İsmayılov – 5,5
(20. Ruslan Hacıyev, 74) – 5,0
19. Luka İmnadze – 5,5
(7. Mirsayib Abbasov, 64) – 5,0
27. Hendrik Ekşteyn – 5,5
(17. Elçin Rəhimli, 88) – qiymətsiz
29. Amil Yunanov – 6,0
Ehtiyat oyunçular
1. Kamran Ağayev
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
11. Rauf Əliyev
9. Florian Kadriu
44. Şamil Cəfərov
38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Amil Yunanov

94. Tərlan Əhmədli – 5,0
74. Yusif Nəbiyev – 5,0
13. Yurgen Qoxa – 5,0
2. Vinko Medimoreç – 5,0
9. Ehtiram Şahverdiyev – 5,0
77. Merab Qiqauri – 4,5
11. Asif Məmmədov (k) – 5,0
(6. Kamal Mirzəyev, 79) – qiymətsiz
23. Rafael Utriq – 5,0
(70. Ülvi İsgəndərov, 83) – qiymətsiz
10. Rövlan Muradov – 5,0
32. Nikolas Raysel – 5,0
(26. Stefan Vukçeviç, 62) – 4,5
99. Ceyms Adeniyi – 5,5
Ehtiyat oyunçular
1. Anar Nəzirov
5. Rasim Ramaldanov
28. Murad Musayev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
14. Cavid Hüseynov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ceyms Adeniyi
Qol: A.Yunanov, 61 (Ə. İsmayılov).
Vərəqələr: M.Qiqauri, 20 (qeyri-idman hərəkəti). H.Ekşteyn, 38 (qeyri-idman hərəkəti). M.Abbasov, 84 (qeyri-idman hərəkəti). Y.Qoxa, 86 (hakimin qərarına etiraz). E.Rəhimli, 88 (oyunun bərpasının ləngidilməsi) – sarı. M.Qiqauri, 51 (qeyri-idman hərəkəti) – qırmızı (2-ci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
3 may. Bakı. ASCO Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Autsayderlərin mübarizəsinə “Qəbələ” daha istəkli başladı. Bölgə təmsilçisi ilk dəqiqələrdən hücumlat təşkil etməklə hesabı açmaq niyyətində idi. Lakin “qırmızı-qaralar”ın son zərbələri dəqiq alınmırdı. “Səbail”in oyunçuları da bu anlarda boş dayanmırdılar. İmnadze - Turan dueti sol cinahda qurulan əks-hücumlarla “Qəbələ”nin qapısı önündə təhlükəli vəziyyətlər yaşadırdılar. İlk yarıda üstünlük Elmar Baxşıyevin yetirmələrinin tərəfində idi. Qonaqların fasiləyə qədər 6 dəfə fərqlənmək imkanı olsa da, sonda Hagenin etibarlı oyunu və “qırmızı-qaralar”ın hücum xəttində yer alanların qeyri-dəqiqliyi hesabın açılmasına mane olurdu.
Fasilədən sonra hər iki komandanın ifasında açıq futbol izlədik. Həm “Səbail”, həm də “Qəbələ” sürətli hücumlar təşkil etmək istədiyindən qayda pozuntularının sayı artmışdı. Bunun cəzasını isə “qırmızı-qaralar” çəkdi. İnqilab Məmmədov rəqibin ayağına zərbə endirən Qiqaurini 2-ci sarı və ardından qırmızı vərəqə göstərməklə meydandan qovdu. Bundan sonra oyunun axarı dəyişdi. “Dənizçilər” azlıqda qalan rəqibin üzərində basqı yaratdı. Elmar Baxşıyev oyuna müdaxilə etmək istəsə də, gec oldu. 61-ci dəqiqədə Əfranın ötürməsinə dəqiq zərbə endirən Amil hesabı açdı.
Qoldan dərhal sonra “Qəbələ” toparlanıb irəli atılsa da, həm “Səbail”in müdafiəçilərinin, həm də Hagenin etibarlı oyunun onların istəyinə mane oldu. “Dənizçilər” özü də bir neçə dəfə fərqlənə bilərdi. Beləliklə, yeganə qolla qələbə qazanan “Səbail” 6-cı pilləyə yüksəldi.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* 38-ci dəqiqədə Elmar Baxşıyev dördüncü hakim Rauf Allahverdiyevə İnqilab Məmmədovun qərarından şikayətləndi. Baş məşqçi “deyəsən, qışqır-bağır salmasaq, epizodu özü dəyərləndirə bilmir”, - deyə replika atdı.
* 51-ci dəqiqədə Qiqauri qırmızı vərəqə alarkən Baxşıyev yenə Allahverdiyevə yaxınlaşıb, “Allah haqqı, sifət var ee, sizdə”, - deyə etiraz etdi.
* 70-ci dəqiqədə Əfranın qapıya zərbə vurmasına Ekşteyn mane oldu. İsmayılov “qoy, vurum da, ala” deməklə qəzəbini gizlədə bilmədi. Aftandil Hacıyev isə Əfrandan sakitləşməyi tələb etdi. Cəmi 3 dəqiqə sonra baş məşqçinin yarımmüdafiəçini Ruslanla əvəzləməsi gözdən qaçmadı.
Reaksiyalar
Elmar Baxşıyev: "Ağır oyun olacağını bilirdik. Çünki həm meydan sünidi, həm də rəqib müdafiəyəmeylli komandadı. Fərqli hissələr oynadıq. İlk yarıdakı hücumlarımız məni məmnun etdi. Amma ikinci hissədə mənasız qırmızı vərəqə ilə oyun ritmindən qopduq. Artıq bizim üçün itiriləsi heç nə yoxdu. Çalışıb mövsümə layiqli yekun vuracağıq. Amma məşqçilər üçün keçirilən oyunsonrası mətbuat konfransı hakimlər üçün də olsa, daha yaxşıdı. Kənarda 5 dəqiqə gözləyən futbolçuya imkan vermir ki, oyuna girsin. Etirazım buna idi. Top meydandan çıxıb, oyunçuya imkan vermir. Səbəbini özlərindən başqa heç kim bilmir. Hakimlik barədə danışmaq istəmirəm. Gənc məşqçiyəm, komandanın oyunundan, inkişafından danışmaq istəyirəm. Amma bu qədər də olmaz. Futbolçuya oynamaq imkanı yaratmalısan. Hər epizodu saxlamaq həm futbolun sürətini azaldır, həm də oyunçunun mübarizədən qaçmasına səbəb olur. Bilir ki, mübarizəyə girsə, hakim oyunu saxlayacaq. Bu komandanı necə əziyyətlə formalaşdırdığımızı bilsəz... Büdcə, kimlərin qalacağı bilinmirdi, heyət formalaşmamışdı. Bu baxımdan ilk dövrədə çətinliyimiz oldu. Mövsümün ortasında “avrokubok zonası”na yaxınlaşdıq. Xırda nüanslar olsa da, deməliyəm. Elə oyunlar olurdu ki, 5-6 futbolçumuz zədələnirdi. Əlimizdə geniş heyət olmadığından, hər futbolçunun kənarda qalması oyunumuza təsir edir. Buna eniş də deməzdim. Özünüz də görürsüz ki, bir hissədə 5-6 qol vəziyyəti yaradırıq, sadəcə, tamamlamaqda çətinlik çəkirik. Qiqauri təcrübəli futbolçudu. Bunu hansısa gənc oyunçu etsəydi, o qədər də fikir verməzdik. Yenidən cəzalanması gözlənilir. Amma mənim gördüyüm qədərilə epizodların birində “sarı” yox idi. Ümumiyyətlə, hər epizodda sarı vərəqə göstərmək düzgün deyil. "Qəbələ"nin növbəti mövsüm üçün taleyi qeyri-müəyyəndi. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Qarşıda bizi nəyin gözlədiyini bilmirik. Biz də istərdik ki, büdcəmiz bilinsin. Mövsümün startına 15 gün qalmış oyunçu dəvət edirik. Onun uyğunlaşması vaxt aparır. Bu baxımdan çətinlik çəkdik. Ümid Allahadı. Bütün futbolçuların müqavilə müddəti bitir. Heç kimlə danışıq aparmamışıq".
Aftandil Hacıyev: "Maraqlı oyun oldu. Hər iki komanda avrokuboklara düşmək şansını böyük ölçüdə itirmiş sayılır. Amma komandamın cüzi şansdan sonadək istifadə etməyə çalışması məni sevindirir. Topa nəzarət bizim tərəfimizdəydi. İlk hissədə gərginlik var idi. Hər iki qapı qarşısında təhlükəli epizodlar oldu. Amma ikinci yarıda rəqib azlıqda qalandan sonra daha rahat oynamağa başladıq, hücumlarımızın sayı artdı. Həm oyundan, həm də nəticədən razı qaldıq. Çətin dönəmlərə baxmayaraq, futbolçularım mübarizədən qopmadı. Onlara təşəkkür edirəm. Düşünürəm ki, son 3 turda da əllərindən gələni edəcəklər. Çempionatı nikbin notda bitirmək istəyirik.
Urfan Abbasovun müdafiənin mərkəzindəki çıxışı yaxşı alındı. O, təcrübəli oyunçudu. Daha əvvəl "Qəbələ"də də bu mövqedə sınanıb. Düzdü, özü mərkəz müdafiəçisi kimi oynamağı elə də xoşlamır. Çempionatda iki mərkəz müdafiəçisi ilə buradək gəlmişik. Çox riskli, eyni zamanda məcburi qərardı. Maliyyə durumumuz buna imkan vermirdi. Bu gün də Urfanı məcburiyyətdən həmin zonada oynatdıq. Buna baxmayaraq, oyunun ən yaxşılarından idi. İndi elə dövr deyil ki, kiminsə pulunun arxasına keçsinlər. Amma bir az gecikmə problemi olur. Bununla belə, sağ olsun rəhbərlik, ötən həftə qismən də olsa, ödəniş etdilər. Elə dönəmdəyik ki, puldan daha vacib məsələlər var. Sabah pulu verəndə gec ola bilər. Ona görə komandanın bu gün yaxşı oyun nümayiş etdirməsi məni sevindirdi. Əfranın əvəzlənməsi Ekşteynlə mübahisə etməsi ilə bağlı deyildi. Əfran yaxşı zərbə mövqeyində idi, sadəcə, anlaşmazlıq oldu. Normaldı, bunu o qədər də şişirtmək lazım deyil. İsmayılov meydanda ən yaxşılardan idi, çox iş gördü. Sona yaxın Ruslan Hacıyevə şans vermək istədiyimiz üçün onu əvəzlədik. Adil Nağıyev məşqdə ayağında ağrı hiss etdi. Ondan sonra hazırlığa qatılmadı. Hazırda müalicəsi davam edir. Həkimlərin rəyini gözləyirik.
Klubun gələcəyi ilə bağlı rəhbərliklə ilkin danışıq olub. Bir çox məsələlər var ki, onlara aydınlıq gəlməyib. Qarşıdakı həftələrdə yenidən görüşəcəyik. Düşünürəm ki, "Səbail"in gələcəyi mövsümün sonunadək bəlli olacaq. İnanıram ki, klub yaşayacaq. Çünki bizi də əmin ediblər. Sadəcə, bunun hansı şərtlər altında olacağı dəqiqləşməyib. Məşqilər heyətinin, demək olar ki, bütün futbolçuların müqavilə müddəti bitir. Hamısı ardıcıllıqla olmalıdı. Məşqçilərlə bağlı qərar veriləndən sonra başqa məsələlərə keçmək olar. Görüləsi çox iş var. Düzdü, gecikirik. Belə şeylərə qış fasiləsindən start vermək lazımdır. Biz isə hər şeyə gec başlamağa öyrəşmişik. Mövsümün sonunu gözləməyə məcburuq".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.