Sizin reklam burada

Azad Rəhimov dünyadan köçdü

Title
Mərhum nazirin portretinə son cizgilər…
Azərbaycan idmanına ağır itki üz verib. 2006-cı il fevralın 7-dən ölkənin gənclər və idman siyasətinə cavabdehlik daşıyan Azad Rəhimov dünyasını dəyişib. Rəhimov aprelin 30-u, Bakı vaxtı ilə 22.45-də ABŞ-da, ağciyər xərçəngindən və qaraciyər serrozundan müalicə olunduğu xəstəxanada vəfat edib.
Bununla bağlı əvvəlcə nazirliyin mətbuat katibi Səmayə Məmmədova "feysbuk" səhifəsində paylaşıb: “Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət bundan öncə onunla danışanda "Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var", - deyə yazmışdım. Cavabı "gözlə, gələcəm" olmuşdu. Azad müəllim, axı siz hər zaman sözünüzə sadiq olmusuz. Bəs bu dəfə niyə belə etdiz? Niyə gözümü yolda qoyduz? Sizsiz mənə çox çətin olacaq, Azad müəllim. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il sizinlə çiyin-çiyinə çalışmağı, Sizdən öyrənməyi, sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun, mərd, sözü, əməli bütöv, mərhəmətli, möhtəşəm insan… Bugünlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm”.
Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov isə atasının vəfatıyla bağlı bunları paylaşıb: “O, uzun müddət idi ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağı azad etməsinin şahidi oldu. Atam babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman vətəni üçün çalışırdı. Azad Rəhimov tək nazir yox, ictimai xadim idi. Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik. Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli vitse-prezidentə və ictimaiyyətə təşəkkür edirik. Allah rəhmət eləsin”.
Prezidenti İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Siyasilər, idman xadimləri, əksər yerli və xarici federasiyalar, klublar onun vəfatı ilə bağlı başsağlığı verib. Mərhumun cənazəsi mayın 2-də 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb. Mərasimdə dövlət və hökumət rəsmiləri, yaxınları iştirak edib.
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. 1981-ci ildə Səbail rayonu, 134 saylı tam orta məktəbi bitirib. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olub və 1986-da ingilis dili müəllimi ixtisası üzrə məzun olub. 1984-86-cı illər aralığında Xətai rayonundakı 245 saylı tam orta məktəbdə Komsomol Komitəsində çalışıb. 1986-87-də sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordudan təxris olunandan sonra, 1987-dən 1989-dək Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri, 1989-1990-da Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. 1994-1998-də "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin, 1998-2006-da isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildə gənclər və idman naziri təyin olunan Rəhimov ömrünün sonunadək bu vəzifəni icra edib. Həm də Milli Olimpiya Komitəsinin vitse-prezidenti olub.
Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddətdə işgüzarlığı və təşkilatçılıq qabiliyyəti ilə seçilib. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə vacib addımlar atılıb. Ölkəmizdə yüksək səviyyədə təşkil olunan böyük turnirləri sadalamaq artıq olar. Təbii ki, bunda dövlət tərəfindən idman siyasətinin dəstək görməsi də önəmli rol oynayıb. Amma gülərüz və ünsiyyətə meyilli nazirin dönəmində hamının narazılığına səbəb olan məqamlar da yaşanıb. İlk pillədə, heç şübhəsiz, kütləvi “milliləşdirilmə” siyasəti durur. Öz ölkələrinin 2-3-cü nömrələrini yüksək məvacib və vədlər qarşılığında Azərbaycana dartmağın səbəbi isə birmənalı şəkildə tezbazar uğur qazanmaq, israf olunan milyonların boşuna xərclənmədiyini göstərmək idi. Doğrudu, bu siyasət nəticə qazanmaq baxımından özünü qismən doğrultdu. Amma nəticədə yüzlərlə azərbaycanlı balasının böyük idmana keçidinin qarşısını aldı, onları idmandan soyutdu, bu sahədən uzaqlaşmalarına səbəb oldu. Bölgələrdə əsasən bəzək üçün tikilən Olimpiya İdman Komplekslərinin böyük əksəriyyətinin qapısının qıfıllı olması, bəzilərinin yararsız vəziyyətə düşməsi də nöqsanlardandı. Düzdü, əslində “milliləşdirmə” ilə birbaşa federasiyalar məşğul olur. Komplekslər də Milli Olimpiya Komitəsinin balansındadı. Amma nazirlik ölkənin idman siyasətinə cavabdeh qurumdusa, bunun məsuliyyəti də orda oturanların üzərinə düşür. Bir sözlə, idman siyasəti dövlətin güclü maliyyə dəstəyi ilə lazımi səviyyədə uzlaşmadı. “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunan Azad bəyə münasibətin birmənalı olmamasının kökündə də məhz bu və sadalamadığımız başqa nüanslar dayanır. Bəziləri Azad bəyi yaxşı insani keyfiyyətlərə xas biri kimi tanıyır, təqdim edir. Nazir kimi isə ona münasibət birmənalı deyil. Amma istənilən halda onun itkisi Azərbaycan idmanının itkisidi. Allah rəhmət eləsin.
KƏNAN HƏSƏNOV
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.