
Azarkeşlərdən Qleyzerlərə qarşı sistematik müharibə
İngiltərə premyer-liqasının 34-cü turunun mayın 2-nə təyin olunan iki oyunundan biri baş tutmayıb. Bazar günü Bakı vaxtı ilə saat 19.30-da başlamalı olan “Mançester Yunayted” – “Liverpul” matçını təxirə salmaq lazım gəlib.
Yerli mənbələrin yaydığı xəbərə görə, MY azarkeşlərinin klub rəhbərliyinə etiraz əlaməti kimi “Old Trafford”a daxil olması çoxdan gözlənilən prinsipial oyunun qeyri-müəyyən vaxta təxirə salınmasına səbəb olub. Qeyd edək ki, yerli fanatlar artıq ikinci həftədi ki, klubun sahibi olan Qleyzerlər ailəsinə etiraz edirlər. Narazılığın səbəbi isə “Yunayted”in daha 11 klubla birlikdə Avropa Superliqasına daxil olmasıyla bağlıdı. Bilindiyi kimi, startı rəsmən aprelin 18-dən 19-na keçən gecə elan olunan yeni layihə məhz İngiltərənin 6 klubunun futbol ictimaiyyətinin böyük təzyiqi qarşısında geri çəkilməsi səbəbindən baş tutmamışdı. Buna baxmayaraq, hirsi hələ də soyumayan minlərlə azarkeş əvvəlcə Mançester şəhərində etiraz aksiyası keçirib, sonra isə fanatların bir hissəsi stadiona daxil olaraq premyer-liqa matçının təşkilinə mane olub.
Premyer-liqa rəhbərliyinin oyunun qeyri-müəyyən müddətə təxirə salınmasıyla bağlı bəyanatında belə deyilir: “Mançester Yunayted”lə “Liverpul” arasındakı matçın təxirə salınması polis, klublar, liqa rəhbərliyi və yerli orqanların birgə qərarıdı. Bəzi fanatların hərəkətlərinə bəraət qazandırmaq olmaz. Təhlükə ilə üzləşən polislərlə stüardlara görə təəssüf edirik”.
Maraqlıdı ki, “Sky Sports” telekanalının eksperti olan “Yunayted”in sabiq müdafiəçisi Qari Nevill canlı efirdə fanatları bu fikirləri ilə daha da qızışdırıb: “Biz son 8 ildə premyer-liqada bir titul belə qazana bilməmişik. Qleyzerlər ailəsi var gücü ilə klubun maliyyə təminatını ödəməyə çalışır, amma indi “Yunayted”in satışa çıxarılması üçün ən münasib vaxt yetişib. Bu addım onlar tərəfinfən alicənabcasına atılan addım olardı”.
Qeyd edək ki, bu, Superliqanın elanından sonra yerli fanatlar tərəfindən keçirilən üçüncü aksiyadı. Onlar daha əvvəl əsas komandanın məşqindən əvvəl klubun bazasına soxulmuş, sonra isə “Old Trafford” qarşısında Qleyzerləri istefaya çağırmışdılar. Azarkeşlərdə rəhbərlik əleyhinə narazılıq doğuran əsas amillər klubun həmsahiblərinin amerikalı olması və tamahkarlığıdı. Xatırladaq ki, MY-nin vaxtilə ailəyə satılması futbolsevərlərin kəskin narazılığına yol açmışdı. Çoxsaylı etiraz aksiyaları keçirən fanatlar hətta “Yunayted of Mançester” klubunu da yaratmışdılar. Görünür, azarkeşlər Qleyzerlərə qarşı sistematik müharibəyə başlayıblar. Onlar “50+1” sxemi üzrə imza toplama kampaniyası aparırlar. Bu sxemə əsasən klubun səhmlərinə nəzarət paketi tərəfdarlara məxsus olacaq. Niyyətləri çox ciddidi: artıq 100 min imza toplayıblar və deyilənə görə, bu məsələ parlament səviyyəsində müzakirəyə çıxarılacaq.