Sizin reklam burada

Premyer-liqada son iki turun oyunları eyni gündə keçiriləcək

Title
Premyer-liqada mövsüm başa çatmaq üzrədi. Son illərə nisbətən çempionat gərgin mübarizə şəraitində keçir. Həm çempionluq, həm də sonuncu pillədə qərarlaşmamaq baxımından komandalar arasında ciddi rəqabət var. “Qarabağ”la “Neftçi” qızıl medalların sahibi olmaq uğrunda mübarizə aparırsa, “Zirə” ilə “Sumqayıt” “bürünc” üçün vuruşur. Ən qızğın mübarizə isə sonuncu pillənin sahibi olmamaq üçün gedir. Bir çox ölkələrdə belə həssas durum yaranarkən həm liderlərin, həm də autsayderlərin görüşləri eyni vaxtda keçirilir. Bu mövsüm Azərbaycan premyer-liqasında bu təcrübədən istifadə olunacaqmı?
Sualımızı PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasova ünvanladıq. Onun məsələyə reaksiyası belə oldu: “İndi çempionatda həlledici oyunlar oynanılır. Biz mövsümün əvvəlindən bu məsələni planlaşdırmışıq. Premyer-liqanın son iki turu eyni gündə baş tutacaq. Mayın 14-ü və 19-da bütün qarşılaşmalar bir gündə keçiriləcək. Son iki turdakı matçların başlama saatı isə 25 və 26-cı oyun həftəsində qeydə alınacaq nəticələrdən asılıdı. Yəni nəticələrə uyğun qərar veriləcək. Oyunlar eyni saatda başlayacağı halda yayın məsələsində də problem yaşanmayacaq. Çempionatın eksklüziv yayın hüququna malik “CBC Sport”la bu barədə müzakirələrimiz olub. Onlar eyni saatda başlayacaq oyunları keçidlə yayınlaya biləcəklər. Bundan başqa, PFL də qarşılaşmaları “yutub” kanalı vasitəsilə azarkeşlərə canlı göstərəcək”.
Pandemiya səbəbindən cari mövsümdə tribunalara azarkeşlərin buraxılmadığını bilirsiz. İstər premyer-liqa matçları, istərsə də ölkə kuboku uğrunda qarşılaşmalar boş tribunalar qarşısında keçirilir. Ancaq elə görüşlər olub ki, arenada azarkeş qismində qonaqlar iştirak edib. Məsələn, “Neftçi” – Zirə” görüşünü Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları izləyiblər. “Kəpəz”in ev oyunlarının birində isə olimpiya çempionu Toğrul Əsgərov azarkeş qismində iştirak edib. Pandemiya səbəbindən azarkeşlərin stadiona girişinə icazə verilmirsə, necə olur ki, bu insanlar tribunada görünürlər? PFL-in Texniki İdman Şöbəsinin rəisi sorğumuza belə cavab verdi: “Pandemiya səbəbindən həm elita, həm də birinci divizion görüşləri, eləcə də kubok qarşılaşmaları azarkeşsiz keçirilir. PFL olaraq bu məsələyə xüsusi diqqət yetiririk. Düşünmürəm ki, siz də getdiyiniz çempionat oyunlarında tribunada azarkeş görmüsüz. A buraxılışı olmayan klub rəsmisi belə, oyun vaxtı arenada və ya tribunada ola bilməz. İki-üç turdan bir klublara bu haqda xatırlatma edilir. Bundan başqa, Əsasnaməyə əlavədə istər premyer-liqa, istərsə də birinci divizion oyunlarında stadiona buraxılacaq adamların sayı göstərilib. Bu zona 1, 2 ,3, 4 üzrə paylaşıb. Bəzi qarşılaşmalarda bu yöndə istisnalar olub. Mən bunu danmıram. Ancaq o görüşlərə gələnlər də PFL-in icazəsi ilə stadiona daxil olublar. Yəni “Neftçi” rəhbərliyi əvvəlcədən müraciət edərək Yaponiya səfirliyinin nümayəndələrinin çempionat görüşünə gələcəyini bildirmişdi və bunun üçün bizdən icazə almışdı. Biz də ölkə futbolunun mənafeyini, reklamını nəzərə alaraq, Yaponiya səfirliyinin əməkdaşlarının həmin görüşü canlı izləməsinə imkan yaratmışdıq. Toğrul Əsgərovla da bağlı müraciət olunmuşdu və biz “Kəpəz” rəhbərliyinə icazə vermişdik. Ancaq bu o demək deyil ki, bu istisnalar həmişə keçərlidi. Bir, uzağı iki dəfə hansısa kluba güzəştə gedə bilərik. Bu daim təkrarlana bilməz. Gələn qonaqlar da pandemiya dönəminin şərtlərinə uyğun tələbləri yerinə yetirməlidilər”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.