Sizin reklam burada

Qaldı bir hədəf

Title
Hələ bir müddət əvvəl “Qarabağ”ın çətin günlərinin başladığını proqnozlaşdırmışdıq. Gözlədiyimiz kimi də oldu. Mövsümün sonunun gətirdiyi psixoloji və fiziki yorğunluq özünü göstərməliydi. Elə ölkə kubokunun yarımfinalında “Sumqayıt”a qarşı keçirilən hər iki oyun, “Səbail”lə matçda itirilən 2 xal da bunun göstəricisiydi. Bunu gözlədiyimdən şəxsən mənim üçün “Qarabağ”ın ölkə kubokunun finalına yüksələ bilməməsi sürpriz olmadı. Tez-tez işlətdiyim bir söz var: futbolçular robot deyil, hər nə qədər peşəkar olsalar da, onlar da adi insanlardı. Bəli, futbolçular fiziki cəhətdən adi insanlardan çox-çox güclüdülər. Onlar top oyununun sirrini bizdən yaxşı bilirlər. Amma onların da ayaqları bizimki kimi ətdən və sümükdən ibarətdi, zərbə dəyəndə ağrıdır, canlarına əziyyət verir. Deyə bilərsiz ki, nə olsun, futbolçuların işi budu, onlar bu işdən pul qazanırlarsa, meydanda can qoymalıdılar. Gəlin unutmayaq ki, futbolun romantika dövrü çoxdan geridə qalıb. İndi istənilən futbolçu gələcəyini düşünür, canının qeydinə qalır. İstəmirlər ki, hansısa ağır zədə onların karyerasını əngəlləsin, yaşıl meydanlardan uzaq düşsünlər. Xüsusən də mövsümün sonunda belə meyillər özünü göstərir. Bütün bunlar futbolun içində olan vacib nüanslar, həm də incə bicliklərdi.
“Səbail” bu “silah”dan “Qarabağ”a qarşı məharətlə istifadə etdi. Davamını da yarımfinalın ilk qarşılaşmasında “Sumqayıt” gətirdi. Təsadüfi deyil ki, hadisələrin axarı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu da narazı salmışdı. Soyuqqanlı, səbirli və təcrübəli mütəxəssis də tapança kimi açılmağa, sözünü deməyə məcbur oldu. İndiyədək o qədər anlar olub ki, Qurban bəyin danışacağını, həqiqətləri dilə gətirəcəyini gözləmişəm. Amma çalışdırıcı susub. Sumqayıtdakı görüşdən sonra isə susmadı, sükutu pozdu. Gördü ki, “Qarabağ”ın legionerlərini “sındıra-sındıra” gedirlər. Buna hakimlər də susur, rəqibin baş məşqçiləri də. Kimin işinə necə gəlirsə, o cür də davranır. Bəzilərinə Qurban bəyin həmin üsyanı xoş gəlmədi. Unudurlar ki, futbolçuların rəqibə qarşı sərt, hətta kobud oynamasını qadağan edən qanun olmadığı kimi, bir baş məşqçinin öz yetirmələrini qorumağa çalışması, gördüklərinə üsyan etməsi də qadağan edilməyib. Qurban bəyin həmin üsyanı da bəlli adamlara ismarıc idi. Məlum məsələdi ki, “Qarabağ”ın legionerləri yerli futbolçuları səviyyəcə üstələyir. Filip Ozobiç xeyli müddətdi Azərbaycanda çıxış edir, istedadına heç kim şübhə etmir. AFFA-nın onu “milliləşdirmək” sevdasına düşməsi də təsadüfi deyil. Onun qarşısını ala bilməyən azərbaycanlı futbolçular da çarəni kobud oyunda görürlər. “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov müsahibələrinin birində sərt oynamalarına haqq qazandırmağa çalışmışdı. Kaş biz Bədəlovun belə məharətini millinin Serbiyaya qarşı oyununda görəydik.
Sözümün canı odu ki, “Sumqayıt” ilk görüşdə sərtliyin dozasını çox etməklə bir güllə ilə iki quş vura bildi. Həm doğma meydanda qol buraxmamaqla cavab qarşılaşmasına şansları bərabər saxladı. Həm də “Qarabağ”ın yaradıcı futbolçularının “gözünün odunu aldı”. “Futbol sərtliyi sevir, kişi oyunudu” kimi deyimlər ötən əsrdə qalan söhbətlərdi. İndi topun dalınca qaçanlar bunu hamıdan yaxşı olduqlarını isbatlamaq yox, daha çox pul qazanmaq üçün edirlər. Azərbaycana gələn legionerlərin bizim futbola yuxarıdan aşağı baxdıqları onsuz da məlumdu. Onlar minnətlə gəldikləri ölkədə qol-qıçlarını, məsələn, bir Elvin Bədəlova sındırtdırıb, sonra da əsa ilə gəzmək fikrində deyillər. Buna görə də nə “Qarabağ” günahkardı, nə də həmin legionerlər. Futbolun və həyatın sərt qanunları belə tələb edir. Diqqət edin, “Qarabağ”ın “Neftçi” və “Qəbələ” ilə oyunları daha baxımlı olur, nəinki “Sumqayıt” kimi rəqiblə. Çünki “Neftçi” və “Qəbələ” “Qarabağ”la futbol oynamağa çalışır. “Sumqayıt” isə ayağını yorğanına görə uzadıb, daha çox nəticənin qayğısına qalır. Bu yolda da bütün mümkün vasitələrdən istifadə edir.
Bütün bunları deməklə “Sumqayıt”ın uğuruna kölgə salmaq, Ayxan Abbasov və yetirmələrinin əməyini kiçiltmək istəmirəm. Adamlar nəticə qazanıblarsa, bu da onların bacarığıdı. İnsafən, dünənki oyunda “Sumqayıt”ın üzvləri rəqibə qarşı elə də kobud oynamadılar. Bilmirəm, bunda son bir həftədəki müzakirələrin, qınaqların rolu var, ya yox. Bəlkə də ilk oyunda qarşıya qoyulan məqsədə çatdıqlarına görə bu dəfə daha çox sakit oynamağa çalışdılar. Həm də az əvvəl qeyd etdiyim kimi, zədədən qorunmağa çalışan əcnəbilər ilk görüşdən lazımi dərsi çıxarmışdılar. Sözsüz, “Sumqayıt”ın “Qarabağ”ı finala həsrət qoymasında Aydın Bayramovun böyük əməyi var. 25 yaşlı qapıçı oyunun gedişində Maksim Medvedevin sevinməsinə imkan verməməklə yüzfaizlik qol fürsətini əngəllədi. Penalti vuruşları zamanı “çərçivə”dəki inamlı görüntüsü də vacib məqam idi. Bütün bu nüanslar toplandı və “Qarabağ” kubok mübarizəsindən kənarlaşdı, finala “Sumqayıt” yüksəldi. “Qarabağ”ın bu nəticədən çıxaracağı dərslər çoxdu. Amma bu məğlubiyyətin üzərində çox dayanıb, psixoloji gərginlik yaratmağa da dəyməz. Qarşıda daha vacib hədəf, “Neftçi” ilə çempionluq mübarizəsi var. O mübarizədən qalib çıxıb, kubokdakı uğursuzluğu unutdurmaq mümkündü.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.