Sizin reklam burada

Rəşad Sadıqov kimə mane olur?

Title
“Zirə” – “Keşlə” oyununun əsas vaxtının sonluğu meydan sahibləri üçün faciəvi alındı. Hakimin penalti təyin etməsindən və Corceviçin “qırmızı” almasından belə aydın olur ki, serb müdafiəçi cərimə meydançasında kamerunlu hücumçuya qarşı kobud oynayıb. Açığı, yetərincə şübhəli qərar idi. Təəssüf ki, yayınçı şirkətin çəkiliş rakursi da şübhələri aradan qaldırmadı. Oyunu stadiondan şərh edən, təkrara dəfələrlə baxmaq imkanı olan Elnur Məmmədli qəti qərar verə bilmirsə, Ələşrəf Əlizadə küçəsində oturan bəndəniz nə desin?!
Amma deməyə sözüm var. Rəşad Sadıqovun hakimlər briqadasının üzərinə yeriməsindən, “uşaqları sındırmayın, hamınızın dərdi mənlədi” deməsindən belə anlaşılır ki, içində çoxdan bəri yığılan qəzəbi tökməyə məqam axtarırmış. Təbii, mənim də müəyyən gümanlarım var. Gümanlarım o yöndədi ki, kimlərinsə Rəşad bəyi gözü götürmür, baş məşqçi kimi debüt ilində avrokuboklara vəsiqə qazanmasını istəmirlər. Və bu üzdən hər cür təsir-təzyiq metodları işə salınıb, futbol təsərrüfatının hansısa qatında gizlənən zatlar bu yay Azərbaycanı Avroliqada “Zirə”nin yox, başqa komandanın təmsil etməsində maraqlıdılar. “Qarabağ”la “Neftçi”nin ya ÇL-ə, ya da Konfrans Liqasına qatılacağı dəqiqdi. “Sumqayıt” da kubokun finalına çıxmaqla şansını bir qədər də artırdı. “Keşlə” dünən qalib gəldi və 4-cü vəsiqəyə ən azı “Zirə” qədər iddialı olduğunu göstərdi.
Bir neçə gün əvvəl hər iki cəbhədə üstün durumda olan Sadıqovun komandası indi faktiki “ofsayda düşmək” ərəfəsindədi. Zirəlilər həm turnir cədvəlində əsas rəqiblərindən “Sumqayıt”ı önə buraxıb, həm də kubok uğrunda mübarizədən çəkilib. Mənə elə gəlir ki, hadisələrin axarındakı belə qəfil dəyişikliyin təkcə yaşıl meydanda görünən yox, meydandankənar təsirlərin nəticəsi olan səbəbləri də var. Azərbaycan futbolunun cikindən-bikindən xəbərdar olan Rəşad Sadıqov dünən üsyan edərkən məhz bunları demək istəyirdi. İş ondadı ki, “Zirə”nin baş məşqçisi ilə yanaşı, Qurban Qurbanov da aşırı təzyiq altındadı. Sosial şəbəkələrdə bilərəkdən, ya bilməyərəkdən Qurbanov – Sadıqov tandemi amansızcasına tənqid olunur, bəzən hətta futbolumuzun bütün bəlaları onların üzərinə yıxılır. Bilmirəm ki, bu kütləvi yaddaşsızlıqdan irəli gəlir, yoxsa arxada hansısa niyyət var. Amma güman edirəm ki, Azərbaycan klub futbolunun son 13 ildəki uğurlarında bu adamların danılmaz və unudulmaz əməyi var. Hər şeyin üstündən xətt çəkib, yerli-yersiz “Qarabağ”la “Zirə”yə uğursuzluq arzulamaq, bu iki komandanın Avropada oynamaması, uğurlar qazanmaması üçün az qala dua etmək nə insanlığa, nə də kişiliyə sığır. Bütün sağlam təfəkkürlü adamlar kimi, mən də güclünün meydanda müəyyənləşməsinin tərəfdarıyam, futbolun halal mayasına haram niyyətlərin qarışmasını istəmirəm. Mövsümün həlledici məqamıdı deyə, hər xalın, hər qolun dəyəri artıb. Haqqı azacıq yeyilən istənilən adam, heç şübhəsiz, hakim qərarlarında sifariş və haqsızlıq elementləri axtaracaq. Ekrandan görünən mənzərə bu idi ki, dünən “Zirə”nin haqqı yeyildi, qapısına çox şübhəli penalti təyin olundu. Yox, əksi iddia olunursa, onda futbol mühitinin sağlamlaşdırılmasında maraqlı olan tərəflər, yəni PFL, Hakimlər Komitəsi ortaya normal videotəkrar qoysunlar ki, biz də səhvimizi anlayaq, yersiz şübhəyə düşdüyümüzü və həmin şübhələri oxucu ilə bölüşdüyümüzə görə üzr istəyək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.