Birinci divizionun 23-cü turunun “Turan Tovuz” – “Kəpəz” matçında maraqlı hadisə yaşanıb. Gəncə təmsilçisinin ehtiyat oyunçular skamyasında cəmi 3 futbolçu əyləşib. Onlardan Tural Qürbətovla Samir Qurbanov 72 və 75-ci dəqiqələrdə uyğun olaraq Elcan Rəhimovla Fərid Məmmədovu əvəzləyiblər. Bundan sonra skamyada, sadəcə, Pərvin Zeynalov qalıb.
“Kəpəz”in digər oyunçularının adı niyə iştirak ərizəsinə salınmayıb? Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə ünvanladıq: “Komandamızın kapitanı Əli Səmədov cəzalıdı. Bu səbəbdən də onun adı qarşılaşmanın iştirak ərizəsinə salınmamışdı. Digər futbolçularımız isə zədəli idi. Bəzilərin problemi ciddi idi. Digərlərinki o qədər də ciddi olmasa da, baş məşqçi onları riskə atmaq istəmədi. Bu səbəbdən də “Turan Tovuz”la matçın iştirak ərizəsində cəmi 14 futbolçumuzun adı qeyd olunmuşdu. Düşünürəm ki, növbəti turda say artacaq. Ən azı Əli Səmədovun cəzasının müddəti bitdi. Zədəlilərdən kimsə sağalarsa, adları iştirak ərzində qeyd olunacaq. Ümid edirəm ki, qarşıdakı matçlarda belə problemlə üzləşmərik”.
İLKİN SULTANLI