Sizin reklam burada

Mahal Məmmədov “Sportinq”in casus məşqçisini ifşa edib

Title
“...Başladım kamera ilə çəkdiyim yerdən “Alsesio, Alesio” qışqırmağa”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günlərini yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idman şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovdu.
“Yol verin, MOİK gəlir”
2008-ci il idi. Həmin vaxt AFFA-nın mətbu orqanı “Futbol Dünyası” nəşr olunurdu. Mən də orda çalışırdım. İndi “Turan Tovuz”un mətbuat katibi olan Süleyman Tağıyev də iş yoldaşım idi. Süleyman institutun sonuncu kursunda oxuyurdu və hərbi xidmətə getməyə hazırlaşırdı. Kimsə ona MOİK-ə düzəldəcəyi ilə bağlı söz vermişdi. Bildiyiniz kimi, Tağıyevin də yaxşı qapıda durmağı var. Həmin adam ona demişdi ki, gedib cəbhə bölgəsində xidmət edincə, ordu klubunda həm futbol oynayarsan, həm də Bakıda olarsan. Süleyman o qədər sevinmişdi ki, demək olar, hər sayda “hərbçilər”ə ayrıca yer ayırır, bir növ hələ əsgərliyə yollanmamış artıq MOİK-in mətbuat xitməti funksiyasını yerinə yetirirdi. O vaxt da “hərbçilər” aşağı dəstədə liderlər arasında yer almışdı, elitaya yüksəlməyə ən real namizədlərdən biri idi. Süleymanın sevincinin həddi-hüdudu yox idi, gecə-gündüz ordu klubundan yazır, onlarla bağlı hər xırda detalı önəmli məsələ kimi ictimaiyyətə təqdim edirdi. Çempionatın sonuna 2-3 tur qalmış MOİK qələbə qazanmaqla minimum ikinci yeri təmin etdi ki, bu da artıq premyer-liqa demək idi. Həmin oyundan sonra Tağıyev qəzetdə “Yol verin, MOİK gəlir” sərlövhəli məqalə yazdı, “hərbçilər”ə bəy tərifi vurdu, rəhbərliyi, məşqçilər korpusunu dağın başına qaldırdı. Sonradan iş elə gətirdi ki, nə Süleymanın MOİK-lə bağlı planı, nə də ordu klubunun elitaya qayıdışı baş tutdu. Ona söz verən adam işi düzüb-qoşa bilmədi. O gündən bəri “hərbçilər”in də premyer-liqaya yolu bağlanıb. Bizdə o vaxt Rəşad Quliyev işləyirdi. İndi də hər dəfə Süleymanı görəndə “MOİK-dən nə xəbər” deyib, həmin günləri yadına salır.
“Buna görə möhkəm tənbeh olunduq, cəzamızı aldıq”
“Turan” Tovuzda “Göyəzən”lə qarşılaşmalıydı. Həmin illərdə qərb bölgəsində qəribə vəziyyət yaranmışdı. Bölgənin təmsilçiləri bir-biri ilə üz-üzə gələndə mütləq stadionda dava düşməliydi. Dava-dalaşdan sonra komandalar ya növbəti oyuna getmirdilər, ya da mütləq davamı olurdu. Təsəvvür edin, həmin gün stadion ağzına kimi dolub. Hamı matçın başlanmasını gözləyir. Deyilən vaxt məlum oldu ki, Qazax komandası Tovuza gəlməyib. Bunu bilən azarkeşlər bir qədər səs-küy salıb narazılıq etsələr də, heç kim tribunaları tərk etmədi. Vəziyyətin belə olduğunu görən klub rəhbərliyi məşqçilər korpusu ilə danışıb, komanda üzvləri arasında ikitərəfli oyun keçirməyə razılaşdı. Oyun gedən vaxt atəş sələri eşidilirdi. Hiss olunurdu ki, stadiona yaxın ərazilərə top, “qrad” mərmisi düşür. Buna baxmayaraq, camaat yerindən tərpənmirdi, hamı heç nə olmayıbmış kimi çox maraqla matçı izləyirdi. Mən də uşaq idim, təxminən 12-13 yaşım olardı. Qonşudakı həmyaşıdımla stadiondaydım. Sən demə, atışma vaxtı bir neçə mərmi bizim kəndə düşüb. Evdəkilər qaçıb zirzəmiyə sığınmaq istəyəndə görüblər ki, mən yoxam. Hardadı bunlar? Aləm dəyib bir-birinə. Bizi axtara-axtara gəlib stadiona çıxmışdılar. Təbii ki, buna görə möhkəm tənbeh olunduq, cəzamızı aldıq. Ancaq həmin dönəmdə bizdə futbola, “Turan”a elə sevgi yaranmışdı ki, heç bir qüvvə, mərmi bizi stadiondan ayrı sala bilmirdi. Adamlar atəş səsləri altında futbol izləməkdən qorxmurdular.
“Birağızdan eyni sözləri təkrarlamağa başladılar”
1993-cü ildə “Turan”ın “bərkgedən” vaxtları idi. Onsuz da komanda yarandığı gündən çempionluğa oynayırdı. Sadəcə, həmin il heyət də çox güclü olduğundan, “Turan”ın qızıl medal qazanacağına ümidlər böyük idi. Hər oyunda qolları sıralayan komandanın “vuran ayağı” Musa Qurbanov sayılırdı. Azarkeşlər onun qollarına o qədər öyrəşmişdilər ki, hansı komanda ilə oynamalarından asılı olmayaraq, hamı düşünürdü ki, Musa bu dəfə də mütləq rəqibi cəzalandıracaq. Oyunların birində yenə dolu tribunalar önündə Musa bir neçə real qol şansını əldən verdi. Həmin vaxt azarkeşləri coşduran, indiki dillə desək, fanklub rəhbəri əsəbindən başladı “Çolaq Musa, şikəst Musa” qışqırmağa. Azarkeşlər də ona dəstək verərək birağızdan eyni sözləri təkrarlamağa başladılar. Tərəfdar sözünü bitirməmiş Qurbanov rəqibi cəzalandırdı və həmin sektora qaçaraq, ona “çolaq, şikəst” deyənlərin susmasını istədi. Vəziyyətin dəyişdiyini görən fanklub rəhbəri tərəfdar arasında yaranmış çaşqınlıqdan istifadə etdi. Bu dəfə “Musa, balana qurban olum”, “Musa, sən bizim ürəyimizsən” qışqırıb, azarkeşləri bir neçə saniyənin içində fərqli təzahüratlar səsləndirməyə vadar etdi ki, bu da arenada maraqlı mənzərənin yaranmasına səbəb oldu.
“Rəhmətliyin oğlu, gecə saat 2-yə işləyib, bu vaxt muzey olar?”
Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-19 ilə Portuqaliyaya yollanmışdım. İlk görüşdə yığma meydan sahibləri ilə üz-üzə gəldi və 2:2 hesabı qeydə alındı. Onu da deyim ki, həmin oyunda komandamız 2:0 öndə idi. Potəgizlər sona yaxın 2 top vurub, çətinliklə heç-heçə etməyi bacardılar. İlk görüş, güclü meydan sahibləri ilə çətin qarşılaşmadan sərfəli nəticə ilə ayrılmışıq. Düşərgədə hamı şad-xürrəmdi, əhvalımiz yüksəkdi. Oyundan sonra otelə qayıtdıq və öhdəmizə düşən işi gördük - fotoları, videoları AFFA-nın saytı üçün göndərdik. Məşqçi fikirləri də öz yerində. İşi gecə saat 1-də başa vurduq. Yuxumuz gəlmədiyindən iş yoldaşım Səfərlə qərara aldıq ki, çölə çıxaq, otelin ətrafında bir qədər gəzib geri qayıdaq. Fikrimizi yığmanın inzibatçısına da bildirdik ki, birdən biz şəhərə çıxanda otağımıza gələr və orda olmadığımızı görüb narahat olar. O da “mənim də yuxum gəlmir. 5 dəqiqə gözləyin, paltarımı dəyişib sizinlə gedəcəm” söyləyib, otağına yollandı. Bir neçə dəqiqədən sonra gəldi və üçümüz bir yerdə oteldən çıxmaq istəyərdik ki, qarşımıza Yaşar Vahabzadə çıxdı. Üzünü inzibatçıya tutaraq, “bu vaxt hara gedirsiz” sualını verdi. Bu da guya öz aləmində “şəhərə gəzməyə” deməkdən çəkindi və qayıtdı ki, “ Yaşar müəllim, muzeyə gedirik”. Vahabzadə bir ona, bir bizə baxıb, “rəhmətliyin oğlu, gecə saat 2-yə işləyib, bu vaxt muzey olar”, - deyə xeyli güldü. Ona qoşulub inzibatçının dediklərinə biz də gülməyə başladıq. Sonda həqiqəti söyləyib, otelin ətrafında gəzintiyə yollandıq.
“Sportinq”in casusu ifşa olunduğunu görüb tez ordan ayrıldı”
2013-də Çempionlar Liqasının elit mərhələsi çərçivəsində “Araz”la Lissabona getmişdim. Bizimlə eyni qrupda Hollandiya çempionu “Eyndhoven”, Macarıstan birincisi “Qyor” və meydan sahibi “Sportinq” yer almışdı. İlk iki oyunda qalib gələn “Araz” sonuncu görüşdə “Sportinq”lə üz-üzə gəlirdi. Qrupdan yalnız bir komanda “4-lər finalı”na vəsiqə qazana bilərdi. Top fərqində biz onlardan üstün olduğumuzdan, heç-heçə də “Araz”a sərf edirdi. Həmin vaxt oyunları mən çəkirdim. Görüş başlayıb və “Araz” öndədi. Matçın gedişində rəqibin baş məşqçisi taym-aut götürdü. Bir də gördüm “Sportinq”in məşqçisi bizim komandanın yer aldığı texniki zonanın üstündə, tribundan Joze Alesionun futzalçılara hansı tapşırıqları verdiyini izləyir. Alesio da ondan xəbərsiz maketdə yetirmələrinə tapşırıqlarını verir. Gördüm casus-məşqçi hər şeyi görür, başladım kamera ilə çəkdiyim yerdən “Alsesio, Alesio” qışqırmağa. Onun da başı qarışıb tapşırıqlara, məni eşitmir. Yaxşı ki, həmin vaxt Zaur Axundov da orda idi. O məni eşitdi və nə baş verdiyini soruşdu. Əlimlə rəqibin baş məşqçisi göstərib, durumu izah etdim. “Sportnq”in casusu ifşa olunduğunu görüb, tez ordan ayrıldı və öz tərəflərinə gəldi. Matç başa çatandan sonra mənə yaxınlaşdı, hərəkətinə görə üzr istədi. Onda məlum oldu ki, sən demə, başqa komandalarla görüşdə də belə edirmiş. Rəqibin planlarını öyrənib baş məşqçilərinə çatdırırmış, o da buna uyğun futzalçılarına göstəriş verirmiş.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.