“Barselona” rəhbərliyi Lionel Messi ilə yeni müqavilə mövzusunda danışıqlara başlayıb. “TV3” telekanalının xəbərinə görə, klubun prezidenti Xuan Laporta argentinalı hücumçunun agenti və atası olan Xorxe Messi ilə görüşərək ona ulduz futbolçu ilə müqaviləni yeniləmək istəyini bildirib.
Klub rəhbəri 33 yaşlı oyunçudan maaşda güzəştə getməsini istəyib. İddiaya görə, Messi bir sıra şərtlər daxilində maaşının 50 faiz azaldılmasına razı olub. O, ilk növbədə ikiillik müqavilə istəyir. Lionel yeni anlaşmada “İnter Mayami”yə sonrakı keçidi və klubun ABŞ-dakı səfiri olması ilə bağlı bəndlərin yer almasını da tələb edir. İspaniyaya qayıtdıqdan sonra isə “Barselona”nın idman strukturunda işləməyi düşünür. Messinin hazırkı müqaviləsinin müddəti bu yay başa çatacaq.
Bilindiyi kimi, klubun maliyyə vəziyyəti ağırdı. “Barselona” pandemiya dövründə bu planda ciddi problemlərlə üzləşdiyi üçün maliyyə mənbələri axtarışındadı. ESPN telekanalının bu barədə yaydığı məlumatda prezident Laportanın daha əvvəl Avropa Superliqasını əsas maliyyə mənbəyi hesab etdiyi bildirilib. Belə ki, ABŞ-ın “JP Morgan” bankı eyniadlı təşkilatın hesabına 350 milyon dollarlıq vəsait köçürəcəkdi. Bu məbləğ isə təsisçi 12 klub arasında bölünəcəkdi. “Barselona” rəhbərliyi əldə olunacaq gəlirlə kapitan Messi ilə yeni müqavilə imzalamağı, PSJ-dən Neymarı və “Borussiya”dan (Dortmund) Erlinq Holannı transfer etməyi düşünürdü. Lakin Superliqa layihəsi fəaliyyətini dayandırdığı üçün Kataloniya klubunun planları, necə deyərlər, alt-üst olub. İndi rəhbərlik xarici sərmayə axınını gücləndirməyə çalışır. İspaniya klubu həmçinin əlverişli ödəmə planı olan kredit üçün müxtəlif sərmayə fondları ilə də danışıqlar aparır. Amma bunlar maliyyə çətinliklərini və 1 milyard avronu aşan borc problemini aradan qaldırmaq üçün kifayət etmir. Odu ki, rəhbərlik “Nou Kamp” stadionunun adının və “Corporate” şirkətindəki payının satılmasını, işçilərin maaşlarının azaldılmasını və bəzi futbolçuların transferə çıxarılmasını da müzakirə edir.