Sizin reklam burada

Marselo özünü işə salıb

Title
“Real”ın müdafiəçisi Marselo Çempionlar Liqası çərçivəsində “Çelsi” ilə yarımfinalın cavab oyununu buraxa bilər. Özü də çox qəribə səbəbdən...
İspaniyanın “El Mundo” qəzetinin yaydığı xəbərə görə, braziliyalı mayın 4-də, yəni “Çelsi” ilə “Real” arasındakı görüşdən bir gün əvvəl Madrid Assambleyasına keçiriləcək seçkidə müşahidə komissiyasının işində iştirak üçün dəvət olunub. Marselo hazırda hakimiyyət orqanları ilə seçkini buraxmasına icazə verilməsi yönündə danışıqlar aparır. Ancaq hələ ki “yox” cavabı almaqdadı. Koronavirus pandemiyası ilə bağlı olan məhdudiyyətlər üzündən braziliyalı İngiltərə paytaxtına “Real”dan ayrı uça bilməz. Burda başqa bir prinsipial məqam da var. “Real”ın “Çelsi” ilə səfər oyunu mayın 5-i, Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Seçki mayın 4-nə salındığından Marselo formal cəhətdən özünü Londona çatdıra bilər. Ancaq UFEA-nın qaydalarında deyilir ki, komanda oyuna ən azı bir sutka qalmış özünü səfər oyunu keçiriləcək yerə çatdırmalıdı, deməli, braziliyalı da oyundaşlarıyla bir yerdə olmalıdı.
Xatırladaq ki, Marselo 2011-ci ildə La Liqada legioner sayılmamaq üçün İspaniya vətəndaşlığı alıb. Bu üzdən hakimiyyət orqanlarının onu seçkidə iştiraka cəlb etməsi qanunidi. Belə işə görə 65 avro ödəniş də nəzərdə tutulub. Yeri gəlmişkən, “Real”ın daha bir oyunçusu – zədəli Viktor Çust da seçkiyə dəvət olunub.
32 yaşlı futbolçu “Çelsi” ilə ilk oyunda 77 dəqiqə meydanda olub. Hazırda Ferlan Mendi zədəli olsa da, onun cavab görüşünə qədər sağalacağı və start heyətindəki yerini alacağı bildirilir.
İspaniya qanunvericiliyində deyilir ki, peşəkar idmançılar seçkidə iştirak etməyə bilər. Amma bir şərtlə ki, idman tədbirinin vaxtı seçki vaxtından daha tez açıqlansın. Belədə klub nümayəndələri apellyasiya şikayəti verə bilər. “Real” da Marselo olayında məhz bu bənddən yararlanmaq istəyir. İlk apellyasiya şikayətinə mənfi cavab alan madridlilər ikinci cəhdə əl atacaq.
Qeyd edək ki, seçkini buraxmaq praktikası da mövcuddu. 2019-cu ildə “Levante”nin qapıçısı Aytor Fernandes müşahidəçi kimi qatılmağa borclu olduğu seçkini buraxıb. Seçki günü onun komandası “Atletik”lə oynamalıydı. Həmin vaxt “Levante” yalnız ikinci apellyasiyadan sonra qapıçını seçki dairəsində müşahidəçilikdən azad edə bildi.
“Atletik”lə bağlı da oxşar tarixçə var. 2015-ci ildə İnyaki Uilyams “Levante” ilə oyuna görə (qəribə təsadüfdü) seçki dairəsində növbə çəkməkdən azad olundu.
Zəruri əlavə: ən yeni xəbərə görə Marselo həm seçkidə iştirak edəcək, həm də oyun vaxtı komandanın düşərgəsində olacaq..
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.