Sizin reklam burada

Peres UEFA-ya əks-hücum edir

Title
“Bizi qarşıda dövlətin, ya da hansısa maqnatın dəstəkləmədiyi klubların qiyamı gözləyir”
Florentino Peres UEFA-ya əks-hücum edir. “Real”ın prezidenti ideoloqu olduğu Avropa Superliqasının rəsmi bəyanatına baxmayaraq, azı bu il baş tutmayacağı məlum olandan sonra da niyyətindən geri çəkilmir. Onun İspaniyanın “AS” qəzetinə son açıqlamalarından klubların bu layihəyə yenidən qayıdacağını anlamaq heç də çətin deyil. “Superliqa, bu layihənin tərəfdaşları kimi yenə mövcuddu. Sadəcə, indi son günlər başverənləri bir neçə həftə ərzində müzakirə etmək lazımdı. Atdığımız addıma və bunu necə etdiyimizə görə peşman deyiləm. Onsuz da “azsaylı seçilmişlər”dən mənfi reaksiya alacağımız gözlənilən idi” deyən 74 yaşlı funksioner klub futbolunun pandemiya şəraitində müflisliyə doğru getdiyini vurğulayır və UEFA-dan belə vəziyyətdən çıxış yolunu necə tapacağını soruşur.
Manipulyasiyalarla bağlı işlərini əla gördülər
Çeferin (UEFA-nın prezidenti – R.Y.) artıq yanvarda bizə ciddi şəkildə xəbərdarlıq etdi. UEFA ilə məlum məsələnin detallarını müzakirə etmək istəyirdik, lakin bizə bunun üçün vaxt belə vermədilər. Manipulyasiyalarla bağlı işlərini əla gördülər, əvvəllər heç vaxt belə vəziyyətin şahidi olmamışdım. Məhkəməyə müraciət etməli olduq, məhkəmə isə bizim lehimizə qərar verdi. Hökmə əsasən UEFA və FİFA, həmçinin milli liqalar və federasiyalar Superliqanın əleyhinə olan istənilən hərəkətlərdən uzaq olmalıdı (Madrid Kommersiya Məhkəməsi UEFA və FİFA-ya Avropa Superliqasının startına mane olmağı qadağan edən ilkin qərar çıxarmışdı. Qərara görə, UEFA və FİFA Superliqada iştiraka razılıq verən klublara, həmçinin futbolçulara və məşqçilərə münasibətdə hər hansı sanksiyaya əl atmamalıdı. Eyni zamanda beynəlxalq futbol qurumlarına Superliqa komandalarını Çempionlar Liqası və Avropa Liqasının iştirakçıları sırasından çıxarmaq qadağan olunmuşdu – R.Y.). Fikrimcə, bu qərar UEFA-nın inhisarına son qoyacaq. Onu da deyim ki, məhkəmə mövqeyini çərşənbə axşamı açıqlasa da, Çeferin çərşənbə günü hədələrini davam etdirdi. Onun hərəkətləri Avropa İttifaqında sərbəst rəqabət ruhuna ziddi, bu isə çox ciddi məsələdi.
UEFA-nın yeni islahatı problemi həll etməyəcək
Superliqa ideyasının milli çempionatlara qarşı və ya sırf “xüsusilər” üçün sistem olduğuyla bağlı istənilən fikir doğru deyil. Bunların hamısı manipulyasiyadı. Bu, futbolu böhrandan çıxara bilən ən yaxşı layihədi. Futbol ağır xəstəliyə tutulub, ona görə ki, iqtisadiyyat tənəzzülə doğru gedir və biz zamanın reallıqlarına uyğunlaşmalıyıq. Biz bütün sistemə daha çox pul qazandırmağa çalışırıq. Və mən belə hesab edirəm ki, UEFA-nın yeni islahatı problemi həll etməyəcək. Ona görə ki, islahat mövcud vəziyyəti yaxşılaşdırmayacaq. Bir də ki, biz 2024-cü lə qədər gözləyə bilmərik (Çempionlar Liqasının yeni formatı 2024/25 mövsümündən qüvvəyə minəcək – R.Y.). Nəyisə lazım olduğu kimi etmədik...
Nəsə etmək lazımdı. Çünki 14-24 yaş aralığında olan yeniyetmə və gənclər futbolla maraqlanmaq istəmirlər. Ona görə ki, bu sahə digər əyləncə növləri ilə müqayisədə darıxdırıcıdı. Bütün dünyada 4 milyard futbol azarkeşi var. Onların yarısı Superliqanı təsis edən klubları dəstəkləyirlər. Futbol dünyada yeganə belə idman növüdü.
12 klub üç ayda 650 milyon avro itki verib
Gəlin, mövcud göstəriciləri dəyərləndirək. KPMG məsləhətləşmə şirkətinin hesabatında Superliqanı təsis edən 12 klubun ötən mövsüm pandemiyanın yalnız ilk üç ayı ərzində 650 milyon avro itki ilə üzləşdiyi göstərilib. Cari mövsümün sonunda itkilər təxminən 2-2,5 milyard avro olacaq. Bugünlərdə “Bordo”nun müflisləşmənin biraddımlığında olduğu açıqlandı. Ya yaxın zamanda nəsə edəcəyik, ya da bir çox klub müflis olacaq.
Həmrəylik layihə üçün olduqca vacibdi
Reallıq belədi ki, maraqlı və rəqabətli oyunlar nə qədər çox olarsa, futbol bir o qədər çox pul cəlb edər. Və bu hal yalnız bəzilərinin yox, hamının xeyrinə olar. Çünki milli çempionatların da dəyəri artar. Həmrəylik layihə üçün olduqca vacibdi.
Azarkeş marağını geri qaytarmaq üçün...
Biz bu layihə üzərində üç il işləmiş və onu yaxşıca öyrənmişik. Azarkeşlərin bu sahəyə marağını geri qaytarmaq üçün plan hazırlanıb və bu plan hamıya – böyük, ortabab və kiçik klublara indiki dövrlə müqayisədə daha çox pul qazandıracaq. Azarkeş marağını geri qaytarmaq üçün, məsələn, Messinin Ronaldoya qarşı həm bu gün, həm də sabah oynayacağı matçların sayını artırmaq lazımdı. “Real” – “Barselona” oyunu bütün dünyanı müəyyən müddət “dondurur”. Ümumiləşdirsək, layihəmizin təmin edəcəyi pullar bütün liqalara və klublara xeyir verəcək.
“Bavariya” və PSJ Superliqaya niyə qoşulmayıb?
“Bavariya” və PSJ layihəmizə müxtəlif səbəblərdən qatılmaq istəmədi. Hazırda “Bavariya” rəhbərliyində dəyişiklik baş verir, PSJ isə bizə bir müddət sonra qoşulacaqdı. 12 klubdan ibarət qrup layihəni uzun müddət saf-çürük edib. Əminəm ki, həm “Bavariya”, həm də PSJ istənilən halda sıralarımıza dəvət alacaqdı.
Bu layihənin davamı olacaq
“Müqavilə üzrə öhdəçiliy”in mənasının nə olduğunu izah etmək fikrində deyiləm. Klublar layihəyə qoşulandan sonra bu qədər asanlıqla geri çəkilə bilməzlər. Bəziləri bu addımı təzyiq qarşısında qalaraq atdılar. Buna baxmayaraq, bu və ya buna bənzəyən layihənin davamı olacaq. Və mən bunun tezliklə baş verəcəyinə ümid edirəm.
“JP Morqan”ın dəstəyindən imtina edilməyib
“JP Morqan” bankının dəstəyindən imtina ilə bağlı iddia doğru deyil. Bu maliyyə qurumu ilə danışıqlarda fikir mübadiləsi aparılıb. Nəyisə dəyişmək lazım gələrsə, bunu edəcəyik. Layihəmizin futbolda reallaşması mümkün olan ən yaxşı variant olduğuna əminəm. Biz gənc azarkeşləri stadionlara qaytarmağa çalışırıq, Bunun üçün isə dəyişməyə ehtiyac duyuruq. UEFA bunu ÇL-də islahatlar layihəsi ilə etmək istəyirsə, düzünü deyim ki, şəxsən mən bunun yaxşı çıxış yolu olduğunu düşünmürəm. Bir də ki, onlar dəyişikliyi 2024-cü ildə etməyi planlaşdırırlar. Baxarıq, görək həmin vaxtadək hansı klublar yaşayacaq...
Superliqa nə vaxt başlayacaq?
Superliqa nə vaxt başlayacaq? Bunu mümkün qədər tezliklə həyata keçirməliyik. Amma əvvəlcə layihənin məğzini üstün mövqelərini müdafiə etməkdən başqa hədəfi olmayanların manipulyasiyasına məruz qalan adamlara başa salmalıyıq. Bunun onların xeyrinə olduğunu düşünürlərsə, səhv edirlər.
Superliqa ilə nə dəyişəcək?
Ondan başlayaq ki, gəlir olmasa, heç nə etmək mümkün deyil. Sərt şəkildə işləyən “maliyyə feyr-pleyi” qaydalarının fonunda sabit rəqabət vacibdi. Belə rəqabət yalnız dövlətin və ya multimilyarderlərin nəzarətində olanlara yox, bütün klublara bərabər səviyyədə fəaliyyət imkanları yarada bilər. Məsələn, “Real” üç gəlir mənbəyinə malikdi: bilet satışı, teleyayın və sponsorlar. Bu məqamda indi daha çox narahat olduğumu deməliyəm. Çünki UEFA-nın prezidenti son açıqlamasında “biz klublarını maliyyə planında böyük istək və sevgi ilə dəstəkləyən adamları müdafiə etməliyik” deyib. Kimsə mənə izah etsin, “Real” dövlətin himayəsi altında olan klublarla necə rəqabət aparacaq?
Maliyyə planında şəffaflıq zəruridi
Heç kimi ittiham etmək istəmirəm, amma narahat olduğumuzu deyirəm. Narahatlığımız baş verən hadisələrə yox, bundan sonra nələr ola biləcəyinə görədi. Ona görə ki, biz UEFA-nın prezidentinin dediklərinə qulaq asmışıq... Bəzi klublara xəzinəsinə qeyri-məhdud məbləğdə pul qəbuluna icazə veriləcək, belə şərtlər altında isə bərabər səviyyədə rəqabət aparmaq çətin olacaq. Bax, bu səbəbdən maliyyə planında şəffaflıq zəruridi. Biz klubların gəlirlərinin mənbəyini bilmək istəyirik.
UEFA-nın prezidenti hədələrə və təhqirlərə əl atdı
UEFA-nın prezidenti özünü heç də yaxşı aparmadı. Xüsusilə ona görə ki, futbolu və onun dəyərlərini müdafiə edən təşkilata rəhbərlik edir. Bir neçə gün ərzində başverənlər təəssüf doğurur. Çünki UEFA-nın rəhbəri hədələrə və təhqirlərə (Çeferin “Yuventus”un prezidenti Andrea Anyelli haqda “onun qədər dəfələrlə yalan danışan ikinci bir adam görməmişəm, inanılmazdı, ilanların bizə bu qədər yaxın olduğunu bilmirdik” ifadəsini işlədib – R.Y.) əl atdı. Onun belə davranışı bizi əməlli-başlı təəccübləndirdi. La Liqanın prezidenti (Xavyer Tebas – R.Y.) də buna bənzər açıqlamalar verdi. Lazımdısa, ideyalarımı onlara izah edə bilərəm.
Pandemiya fonunda neçə klub yaşaya bilər?
Mövcud problemlərin fonunda neçə klub yaşaya bilər? Çox az sayda. Pandemiya, sadəcə, indiyədək yaşadıqlarımız deyil, həm də iqtisadi planda bundan sonra baş verəcək problemdi. UEFA futbolu inhisarına alıbsa, problemləri necə həll edəcək? Avropa İttifaqının qanunları inhisarçılığı qadağan edir. Və bu mənada hakimin qərarı var, orda isə hər şey açıq-aşkar yazılıb.
Avroliqa kimi yarış keçirmək istəyirik
Biz klubların teleyayın hüququnun satışı ilə bağlı danışıqlar aparmasının mümkün olduğu vəziyyətə can atırıq. Bununla bağlı Superliqa üzrə razılaşmada müvafiq maddə nəzərdə tutulub. İndi səylərimizi yenidən birləşdirib layihəni daha detallı şəkildə izah etməliyik. Biz basketboldakı Avroliqada kimi yarış keçirmək istəyirik. Dəyişiklik istəyirsənsə, ilk növbədə mənfi reaksiya ilə üzləşəcəyini göz önünə gətirməlisən. Vaxtilə yalnız regional çempionatların mövcud olduğu zaman milli çempionatların təşkili ideyası da mənfi qarşılanmışdı. Lakin zaman dəyişir, insanlar və dünya inkişaf edir və biz müasir dövrün reallıqlarına uyğunlaşmalıyıq. Bu, yalnız zəruri deyil, həm də hamı üçün əlverişlidi.
Problem klub modelini qoruyub saxlamaqdadı
Vacib odu ki, hər şey şəffaf və hamı üçün anlaşılan olsun. Sərmayə axınının mənbəyi bilinsin. Məsələn, sponsor müqavilələri. Superliqaya əvvəlcədən razılıq verən 12 klub arasında sahibləri milyarder olanlar da var. Vinisius ilə Pedrini də sata bilərlər? Artıq problem almaq imkanına malik olmaqda deyil, klub modelini qoruyub saxlamaqdadı. Futbolçular bir qədər əvvəl qeyd etdiyim üç gəlir mənbəyindən başqa məhdud olmayan imkanlara sahib klublarda qərar tuta bilərlər.
Futbolun auditoriyası tədricən kiçiləcək
İtaliyada teleyayın hüququnun satışından əldə olunan gəlirlər azalır. Bu hal İspaniya və İngiltərədə də yaşanmaqdadı. Futbola marağı, bu sahənin rəqabətədavamlılığını artırmaq üçün lazımi tədbirlər görülməsə, bundan sonra bağlanılacaq müqavilələr sərfəli olmayacaq. Əks halda, gənclər onları daha çox əyləndirə biləcək platformalara can atacaqlar. Nəticədə futbolun auditoriyası tədricən kiçiləcək.
ÇL-in yeni formatını heç kim anlamır
UEFA-nın təqdim etdiyi yeni layihə hamını qane edir? Sözün düzü, yox. Ona görə ki, ÇL-in yeni formatını heç kim anlamır. Yeni formatın tətbiqi tarixi də düzgün müəyyən edilməyib. Çünki bütün klublar 2024-cü ilədək mövcudluğunu itirə bilər. Bizi qarşıda dövlətin, ya da hansısa maqnatın dəstəkləmədiyi klubların qiyamı gözləyir. Ona görə ki, mövcud vəziyyətdə yalnız belə dəstək alanlar sağ qala bilər...
RAMİL YUSİFOV hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.