Sizin reklam burada

İlqar Nadiri narazı azarkeşlərə haqq qazandırdı

Title
“Etimad göstərilibsə, “Kəpəz”in adına və tarixinə uyğun iş görmək lazımdı”
“Kəpəz”də məşqçilər korpusu ilə azarkeşlər arasında qarşıdurmanın yaşandığını ötən sayımızda qeyd etmişdik. Bununla bağlı bizə bilgi verən eyniadlı fanklubun sabiq rəhbəri Elgün Qasımov Yaşar Vahabzadənin onların üstünə polis çağırdığını, baş məşqçi ilə tərəfdarlar arasında gərginliyin son həddə çatdığını vurğulamışdı. Qasımov onu da əlavə etmişdi ki, Vahabzadənin istefasına nail olana qədər sakitləşməyəcəklər.
Başverənlərin fonunda “bu xəmirin hələ çox su aparacağını” düşünmək olar. “Kəpəz” köklü klub olduğundan azarkeşləri də prinsipialdı, onlar illər uzunu klubda baş verən hadisələrə təsir göstərməyi bacarıblar. Klub rəhbərliyi, baş məşqçilər də həmişə onlarla hesablaşıblar, istək və narazılıqlarını nəzərə alıblar.
Bəs görəsən, budəfəki qarşıdurmada klub rəhbərliyi kimin tərəfindədi? Rəsmilər tərəfdarın iradlarını qəbul edir, yoxsa onların dedikləri ilə razılaşmırlar? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadiri ilə söhbətləşdik.
- Əvvəlcə komandanın çempionatdakı çıxışına münsibət bildirərdiz.
- Nə demək olar, çox ağrılı və xoşagəlməz durumdu. Son 6 oyunun yalnız birində heç-heçə qeydə alınıb. 5 matçda isə “Kəpəz” meydanı məğlub tərk edib ki, bu da nə komandanın adına, nə də ənənələrinə yaraşır.
- Sizcə, nə baş verir, niyə komanda uğursuz çıxış edir?
- Bu haqda çox düşünmüşəm. Mənə elə gəlir ki, “Sabah”la kubok qarşılaşmalarından sonra futbolçularda arxayınlıq yarandı, elə düşündülər ki, elita klubunu mübarizədən kənarlaşdırmağı bacarıblarsa, birinci divizionda rəqibləri tək ayaqla yenəcəklər. Qış fasiləsindən öncə sizə müsahibəmdə bildirmişdim ki, “Kəpəz” qışdan sonra toparlanıb, daha yaxşı oyun sərgiləməklə yüksək yerlər uğrunda oynayacaq. Ancaq düşündüklərimizin əksinə, kollektiv enişə getdi, yenilgilər sıralandı. Ölkə kubokunda premyer-liqa klubları “Sabah” və “Keşlə” ilə qarşılaşmalarda, fasilə dönəmində “Neftçi”ylə yoxlama görüşündə komanda ümumilikdə qapısında 4 qol görmüşdüsə, divizionun autsayderi MOİK-lə iki matçda qapımıza 7 qol vuruldu. Bu artıq bütün mənzərəni bizə göstərir.
- Və bütün bunların yekunu kimi hazırda baş məşqçi ilə azarkeşlər arasında qarşıdurma yaşanır. Azarkeşlərin bizə dediklərinə görə, “Turan Tovuz”la qarşılaşmadan sonra Yaşar Vahabzadə ilə görüşmək üçün stadiona gəliblər, baş məşqçi isə onların üstünə polis çağırıb. Bu olaya sizin də münasibətinizi bilmək istərdik. İcraçı ditrektor olaraq bu qarşıdurmada kimi haqlı, kimi haqsız hesab edirsiz?
- Komanda 6 oyuna cəmi 1 xal toplayırsa, azarkeşin narazı qalmağa haqqı çatır. Bildiyiniz kimi, “Kəpəz” nəinki birinci divizionda, ümumiyyətlə, ölkədə ən çox azarkeş kütləsinə malik klublardan biridi. Bu gün pandemiya səbəbindən onlar tribunalara buraxılmasa da, hər halda, internetdə oyunları izləyirlər, meydanda başverənləri görürlər. Mən icraçı direktor kimi onların fikrinə təsir edə bilmərəm. Azarkeş fikir bildirməkdə müstəqildi, nəyi görürsə, nədən narazı qalırsa, onu da deyir, etirazını bildirir. O ki qaldı baş məşqçinin “Turan Tovuz”la matçdan sonra görüş üçün stadiona gələn azarkeşlərin üstünə polis çağırmasına, bu kökündən yanlış məlumatdı. Belə şey olmayıb. Bilirsiz ki, pandemiya dönəmində kütləvi tədbirlərin, toplantıların təşkilinə icazə verilmir. Çox sayda adamın bir araya gəlməsi qadağan olunub. Sizə kimin nə dediyini bilmirəm, yalnız onu söyləyə bilərəm ki, ora polis dəvət olunmayıb. Mən stadionun mühafizəçisinə tapşırıq verməsəm, həmin azarkeşlər arenanın ərazisinə daxil ola bilərlər? Bilməzlər. Uzağı 5-10 nəfər divardan aşıb, içəri keçə bilər ki, onun da qarşısı alınar. Həmin vaxt, daha doğrusu, azarkeşlər stadionun qarşısına toplaşanda ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları ordan keçirmiş. Kütlə olduğunu görüb, ora yaxınlaşıb və nə baş verdiyi ilə maraqlanıblar. Bundan sonra azarkeşlərə “dağılışın” göstərişi verilib. Baş məşqçi azarkeşlərin üstünə polis çağırmayıb. Asayiş keşikçiləri özləri xıdmət zamanı ora gəlib çıxıblar.
- Baş məşqçinin köməkçisi Vidadi Rzayevin futbolçulardan birinin valideyni ilə əlbəyaxa davaya çıxdığı barədə də söz-söhbətlər dolaşır. Bu olaya nə deyirsiz?
- Mən klubun daxilində yaşananlara məsuliyyət daşıyıram. Kənarda başverənlərə münasibət bildirmək səlahiyyətimə daxil deyil. Kimin kimlə köhnədən ədavəti varsa və onu öz aralarında həll edə bilmirlərsə, mən buna nə edə bilərəm? Nəzərə alın ki, hazırda bizdə o ad-soyadda futbolçu yoxdu. Bizim komandada oynamayan oyunçu haqda nə deyim?
- Mətbuatda yazılanlara inansaq, baş verən son olayların fonunda baş məşqçi azarkeşlərə və futbolçlara xitabən “məni bura AFFA təyin edib. Heç kim tutduğum vəzifədən məni çıxara bilməz" söyləyib. Sizə elə gəlmir ki, Yaşar bəy bu sözləri ilə Gəncə azarkeşlərini AFFA-nın, dolayısı isə icraçı vitse-prezident Elxan Məmmədovun üzərinə qaldırır? Heç kimə sirr deyil ki, Vahabzadənin “Kəpəz”ə baş məşqçi təyin olunması Elxan bəyin xeyir-duası ilə reallaşıb.
- Fikrimcə, məsələyə “məni bura Elxan Məmmədov təyin edib”, “mən toxunulmazam” kimi yanaşmaq kökündən yanlışdı. Etimad göstərilibsə, sənə inanıblarsa, ümidi doğrultmaq, proqram və plan üzrə çalışmaq, “Kəpəz”in adına və tarixinə uyğun iş görmək lazımdı.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.