Sizin reklam burada

Qalmaqallı oyuna sakit sözardı

Title
Uzun aradan sonra Azərbaycanda çempionluq uğrunda ciddi mübarizə yaşanır. Təbii, bu mübarizənin son tura qədər davam etməsi, qızıl medalların sahibinin hələ harda keçiriləcəyi bilinməyən “Neftçi” – “Qarabağ” oyununda müəyyənləşməsi gözəl mənzərəni tamamlayan son cizgi olardı. Düzünə qalsa, şəxsən mən “Zirə”nin də hadisələrin mərkəzində olacağını, iddiasını ortaya qoyacağını gözləyirdim. Amma olmadı, daha dəqiq ifadə etsəm, Rəşad Sadıqov debüt mövsümündə avrokuboklara qatılmaq həvəsini çempionluq yarışına qoşulmaqdan üstün tutdu, nəticə dalınca qaçdı və bunun da özünə bəlli olan səbəbləri var. Belə nəzəri məsələlər üzərində çox dayanmadan artıq mətləbə keçmək istəyirəm.
Ölkə çempionatının, ümumiyyətlə, ölkədaxili yarışların təşkili elə məsələdi ki, zamanla zəngin təcrübə qazanmaq, əvvəlki illərdə buraxılan səhvləri aradan qaldırmaq mümkündü. Ötən ilin martından bəri və cari mövsümün bütün gedişi boyunca stadionlarda azarkeş olmayıb deyə, təşkilatçıların – PFL-in, eləcə də klubların işi müəyyən mənada yüngülləşib. Artıq azarkeşləri stadiona çağırmaq ehtiyacı, dava-dalaş təhlükəsi, hakimlər üçün əlavə təzyiq mənbəyi yoxdu. Biz jurnalistlər də stadionda məşqçilərin futbolçulara, futbolçuların bir-birinə, klub rəsmilərinin meydandakılara dediyi sözləri açıq-aydın eşidirik. Bəzən təəssürat xoş olmur, ən kobud və təhqiramiz sözlər yağış kimi yağır – amma nə edəsən, bu da koronavirus dövrü futbolunun reallıqlarıdı.
Bu gün, yəni sona 4 tur qalmış çempionun müəyyənləşmədiyi, “Neftçi” ilə “Qarabağ”ın bir-birinin qanına susadığı məqamda təşkilatçı qurumun vəzifəsi bərabər mübarizə şəraiti yaratmaq, yersiz söz-söhbətin qarşısını almaqdı. Həm də imkan daxilində daha çox futbol tamaşasına nail olmaq. Belə tamaşalardan biri ötən bazar Masazırda baş tutdu. Təəssüf ki, yaxşı yox, pis tamaşa idi, ön plana gözəl oyun və parlaq qollar yox, hakimlər briqadasının əcaib qərarları çıxdı. Oyunun şərhində toxunmuşduq, bu gün “hakimlərin mühakiməsi”ndə də bəzi fikirlər var. Futbol ictimaiyyətində ortaq baxış belədi ki, hakim Vüqar Həsənli çox kobud səhvlərə yol verməklə oyunun dadını-duzunu qaçırdı. Onu çempionluğa iddialı komandanın oyununa AFFA Hakimlər Komitəsi təyin edib, yəni indi bütün lənəti Frits Stuxlikə yağdırıb, bu günahın altından qaçmaq mümkündü. Amma heç şübhəsiz, təyinatlar AFFA divarları arasındakı müzakirələrdən sonra verilir, PFL də işin içindədi, bu qurumda da hansı hakimin nəyə qadir olduğunu bilirlər və bilməlidilər. Deməli, belə oyunların gərginliyinə dözmək iqtidarında olmayan Vüqar Həsənlini və briqadasını Masazıra göndərmək kimi avantürist qərara görə AFFA ilə yanaşı, PFL də məsuliyyət daşıyır. Hakim-inspektor Gülağa Cabbarovun raportuna nə yazacağı, AFFA Hakimlər Komitəsinin Vüqara hansı cəzanı verəcəyi indi heç kimə maraqlı deyil. Fakt budu ki, məhz hakimlərin qərarları üzündən futbol məzhəkəyə çevrilib, AFFA-nın İntizam Komitəsi də ağına-bozuna baxmadan hər iki komandaya cəza yağdırıb.
Söhbət təşkilatçılıqdan və təşkilatçılardan gedirsə, mən bir qərarı da anlamadım, daha doğrusu, anlaya bilmədim. PFL 24-cü turun bütün oyunlarını eyni günə salmışdı. Halbuki sona hələ 4 tur qalır və belə qərara ehtiyac yox idi. Bildiyimə görə, PFL-in əsas tutarqası odu ki, bütün komandalar üçün şərait eyni olsun, kubokda mübarizəni davam etdirənlərlə etdirməyənlər fərqli günlərdə meydana çıxmasın. “Qəbələ” – “Qarabağ”, “Zirə” – “Sumqayıt”, “Keşlə” – “Səbail” cütlərində kubok uğrunda yarışan komandaların olduğunu anladıq. Bəs “Sabah”la “Neftçi”yə bu qaydanın nə dəxli? Hər ikisi kubokda mübarizəni dayandırıb. Buna qədər sonuncu oyunu aprelin 17-də keçirən “Sabah”la “Neftçi” 24-cü turun oyununa aprelin 25-də yox, 23-də və ya 24-də çıxsaydı, nə dəyişəcəkdi ki? Təbii ki, bu sualın məntiqli cavabı yoxdu. Heç bir ehtiyac olmadan bütün oyunları eyni günə salmaqla həm öz işlərini çətinləşdirirlər, həm də yayınçı şirkət başda olmaqla bütün jurnalist ordusunun. Bu üzdən PFL-dəki dostları son 4 turun təyinatlarına daha həssas yanaşmağa, Masazır məzhəkəsinə bir daha yol verməməyə çağırıram. Qoy çempionluq mübarizəsinin üzərinə hansısa ləkə düşməsin, ən güclü qalib gəlsin!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.