Sizin reklam burada

Stuxlikin əkdiyi ağacın meyvələri

Title
Azərbaycanda çox müdrik atalar sözləri var. Zaman-zaman elə hadisələrlə qarşılaşırıq ki, həmin sözləri xatırlayıb, müdriklərin hər şeyi necə dəqiq dediklərinə şahid oluruq. Məsələn, “nə tökərsən aşına, o da çıxar qaşığına”, yaxud da “nə əkərsən, onu da biçərsən”. Toyuq ətindən şorba bişir, onun içində qoyun qabırğasının yağlı tikəsini axtarmaq mənasız məşğuliyyətdi. Bağında bar verməyən hansısa ağacı əkib, yayda onun meyvəsini dərmək arzusuna düşmək də. Hazırda Azərbaycanda futbol hakimliyi ilə bağlı vəziyyət də eynidi. Hakimlər arasında sağlam mühit yoxdu, dedi-qodu, adam satmaq, “torba tikmək” adi hal alıb. Gənc hakimlərin yetişdirilməsi yolunda heç bir əməli addım atılmır. Özü də problem təkcə gənc hakimlərin yetişdirilməməsi ilə məhdudlaşmır. Heç illərlə çəkilən böyük xərclərin və əziyyətin qarşılığında ortaya çıxan, ad-san qazanan, püxtələşən hakimlərin qorunması üçün də hansısa iş aparılmır. Sanki Azərbaycanda yaxşı hakim o qədər çoxdu ki, onlardan bir-ikisinin bu peşədən uzaq düşməsi heç bir problem yaratmayacaq.
Bu yaxınlarda Orxan Məmmədov karyerasını bitirdi. Heç kim bunu gözləmirdi. Məmmədov özü də hansısa müsahibəsində yolun sonuna gəldiyindən danışıb, vida matçına hazırlaşmasına eyham vurmamışdı. Amma getdi. Nə fiziki problemi vardı, nə də artıq çəkisi. Normal da hakimlik edirdi. Məlum məsələdi ki, heç kim illərini verdiyi bir işdən öz xoşuyla əl çəkməz. Orxan Məmmədov hakim kimi özünə qarşı münasibətdən, etimadsızlıq mühitindən narazı qaldı və üzüsulu getmək qərarına gəldi. Adını da qoydular ki, bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirəcək. Azərbaycanda peşəkar hakim onsuz da yoxdu, olanlar hamısı həvəskardı. Yox, AFFA bu açıqlamasında Orxanın həvəskar komandaların oyunlarını idarə edəcək hakim yetişdirəcəyini nəzərdə tutursa, o da müəmmalıdı. Çünki bizdə həvəskarların turnirləri çoxdan dayandırılıb, düz-əməlli heç bir çempionat keçirilmir. Qadın hakimlərlə bağlı da məsələ eynidi. Azərbaycanlı kişilərin çətinliklə bacardığı hansısa işin qulpundan qadınların yapışmasının uğur gətirdiyini görməmişik. İllər sonra beynəlxalq səviyyəyə cəmi bir qadın hakimimiz çıxmışdı. Söhbət Xəyalə Əzizlidən gedir. Onun da başına Frits Stuxlik gələndən sonra o qədər oyun açdılar ki, hakimlikdən qaçaq düşdü. Bir Xəyalənin, yaxud da Orxanın yetişməsi, normal səviyyəyə çatması üçün neçə illər lazımdı?
Az əvvəl vurğuladığım kimi, azərbaycanlı hakimlərlə peşəkar müqavilələr bağlanmır. Onlar oyundan-oyuna qonorar alırlar. Kiminsə qəzəbinə tuş gəldin və bir ay oyunlara təyinat almadınsa, pulsuz qalacaqsan. İndi 7-8 il bundan əvvəl olduğu kimi deyil ki, bir oyunun müqəddaratını dəyişib, külli miqdarda rüşvət alasan. Sonra da həmin pulla kefi kök, damağı çağ yaşayasan. Ona görə də vicdanı təmiz, halal pulla dolanan hakimlər məcbur olurlar ki, özlərinə başqa bir iş də tapsınlar, sabit maaşları olsun. Sabiq FİFA referisi, Azərbaycanın ən yaxşı hakimlərindən olan Rəhim Həsənov da belə etmişdi. Adam müsabiqə yoluyla orta məktəblərin birində idman müəllimi işləməyə başlamışdı. Frits gələndən sonra onu sıxma-boğmaya salmağa başladı ki, mən deyən vaxt fiziki hazırlıq məşğələlərinə gəlməsən, sənə təyinat yoxdu. Ağlı başında olan istənilən sədr üçün hakimin nə vaxt məşq etməsinin fərqi yoxdu, əsas odu, həmin hakimin fiziki durumu qaydasında olsun. Həsənov da hər dəfə məktəbdəki şağirdləri atıb, Stuxlikin sərəncamına gələ bilmədiyi üçün avstriyalı sədr ilə FİFA referisi arasında münasibətlər pozuldu. Nəticədə ölkənin ən yaxşı hakimlərindən birini FİFA referisi adından məhrum edib, az təyinat verməyə başladılar. Stuxlik öz aləmində bu yolla Rəhimdən qisas almağa, başqalarının da gözünün odunu almağa başladı. Eşitdiyimə görə, mövsümün sonunda Rəhim Həsənov da hakim karyerasını bitirəcək.
Bu da avstriyalı sədr Frits Stuxlikin Azərbaycan hakimliyinə verdiyi fayda, ona ödədiyimiz yüksək məbləğli məvacibin qarşılığı. Xəyaləylə Orxan getdi, Rəhim gedir, Əliyar da qızıldan dəyərli günlərini itirməkdədi. Halbuki Stuxliki Azərbaycana dəvət edəndə onun nüfuzundan yararlanacağımızı, UEFA-da bizim hakimlərə etimadın artacağını, ortaya yeni-yeni istedadların çıxacağını deyirdilər. Nə oldu bu vədlərin axırı? Əvəzində ortaya Vüqar Həsənlini çıxarıblar. Adam bilərəkdən, yoxsa bilməyərəkdən “Sabah” – “Neftçi” oyununda səhvləri sıraladı, əsəbləri gərdi. Onun qərarlarından həm “Sabah” zərər çəkdi, həm də “Neftçi”. Çempionluq uğrunda mübarizə aparan “ağ-qaralar”ın itkisi təkcə 2 xalla məhdudlaşmır. “Xalq komandası” külli miqdarda cərimə ödəyəcək, Samir Abasov da iki oyunda texniki zonada yer ala bilməyəcək. Normal idarəçilik olsaydı, bu boyda həngamə də qopmayacaqdı. Sağ olsun, Stuxlik əkdiyi ağacın meyvələrini bizə yedizdirir. Hamımıza nuş olsun!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.